Məhkəmə qərarları › İş №2-1(118)-788/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-788/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-788/2020 23.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ 23 noyabr 2020-ci il Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 3-də yaşayan) və nümayəndəsi nümayəndəsi X1 (fərdi fəaliyyət göstərən vəkil, Şamaxı rayonu, Məlikçobanı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında departament müdiri işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi,ev 71-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı DSMFnin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli **********2 saylı imtinasının əsassız hesab olunması və iddiaçının xx.xx.1993-cü il tarixdən xx xxxxx 1994-cü il tarixə kimi “xxxx” kiçik müəsissəsində işlədiyi müddətin siğorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli **********2 saylı imtinasının əsassız hesab olunması və iddiaçının xx.xx.1993-cü il tarixdən xx xxxxx 1994-cü il tarixinə kimi “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddətin siğorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını cəlb etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin əvvəllərində DSMF-nun Şamaxı rayon şöbəsində yoxlama aparılarkən ona əmək pensiyası verilməsi dayandırılmış və bildirilmişdir ki, onun xx.xx.1993-cü il tarixdən xx xxxxx 1994-cü il tarixinə kimi “xxxx” kiçik müəsissəsində işlədiyi dövrə dair müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən və hal-hazırda həmin müəssisənin hüquqi ünvanı məlum olmadığından qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır və bu səbəbdən iddiaçıya pensiya verilməsi dayandırılmışdır. İddiaçı DSMF-nun Şamaxı rayon şöbəsinin imtinasını əsassız hesab edir. Belə ki, o, əmək fəaliyyətinə 1972-ci ildə Şamaxı rayonu Lenin adına sovxozda başlamışdır. Əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. Üzləşmə sənədləri də arxivdə var. Yalnız xx.xx.1993-cü il tarixdən xx xxxxx 1994-cü il tarixinə kimi “xxxx” Kiçik Müəsissəsində işlədiyi dövrə dair sənədlər arxivə təhvil verilmədiyi üçün bu dövrə dair qarşılıqlı yoxlama aparmaq mümkün olmamışdır. Lakin həmin dövrdə “xxxx” Kiçik Müəsissəsi DSMF ilə hesablaşma apamışdır, yəni sosial siğorta haqları ödənilmişdir, amma sənədlərin arxivə verilməməsi, o demək deyildir ki, iddiaçı pensiya almamalıdır. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, qanunvericiliyə əsasən şəxsin işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün məcburi dövlət sosial siğorta haqlarının ödənilməsidir. Dövlət Arxivinin Şamaxı filialına ünvanlanan sorğuya cavab məktubunda “xxxx” Kiçik Müəsissəsinin sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı X5 ünvanlanan sorğuya verilmiş cavab məktubunda belə müəssisənin həmin illər ərzində qeydiyyatdan keçmədiyi bildirilmişdir. İddiaçı “xxxx” Kiçik Müəsissəsində əmək fəaliyyəti dövründə siğortaedən tərəfindən sosial siğorta haqları ödənilmədiyindən, habelə sözügedən firmada iddiaçının işlədiyi dövrlərə görə heç bir əmək haqqı cədvəllərinin aşkar olunmadığından, eyni zamanda sorğular ünvanlanan müvafiq qurumlardan daxil olan cavab məktublarında firmaya dair heç bir sənəd aşkar olunmadığından xx.xx.1993-cü il – xx.xx.1994-cü ilə qədər olan dövr sosial siğorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi qanunun tələblərinə uyğun deyildir. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1954-cü il təvəllüdlüdür. - DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1993-cü il – xx.xx.1994cü ilə qədər “xxxx” kiçik müəsissəsində işlədiyi dövrlər Dövlət arxivinin Şamaxı filialına təhvil verilməmiş və müəssisənin hüquqi ünvanı məlum olmadığına görə qarşılıqlı yoxlanması mümkün olmamışdır. Həmin dövrlər siğorta stajına daxil olmadığı üçün iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. - DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xxxx firması xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək DSMF-nun Şamaxı rayon şöbəsi ilə hesablaşma aparılmışdır. - İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1972-ci ildə əmək fəaliyyətinə başlamış,müxtəlif iş yerlərində, o cümlədən xx.xx.1993-cü il– xx.xx.1994cü ilə qədər “xxxx” kiçik müəsissəsində işləmişdir. Məhkəmənin sorğusuna əsasən 4 saylı X8 tərəfindən verilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli cavab məktublarından görünür ki, “xxxx” kiçik müəssisəsi xx xxxx 1994cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq 4 saylı X4 vergi uçotuna alınmadığından müəssisə barədə vergi orqanında hər hansı bir məlumat aşkar edilməmişdir. - 4 saylı X8 tərəfindən DSMF X9 Şamaxı filialına verilmiş cavab məktubundan görünür ki, xxxx” kiçik müəssisəsi xx xxxx 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq 4 saylı X4 vergi uçotuna alınmadığından müəssisə barədə vergi orqanında hər hansı bir məlumat aşkar edilməmişdir. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən DSMF X9 Şamaxı filialına verilmiş cavab məktubundan görünür ki, xxxx kiçik müəssisəinin sənədləri Dövlət Arxivinin Şamaxı filialına təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində işləməsi faktının yoxlanılması mümkün olmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar