Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-788/2021 11.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 1992-ci il tarixdə ordu sıralarına göndərilmiş, xx xxxxx 1992-ci il tarixdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı vuruşmalarda iştirak etmiş, xx.xx.1994-cü il tarixə kimi müxtəlif hərbi hissələrin tərkibində erməni işğalçılarına qarşı vuruşmalarda iştirak edib döyüş bölgəsində yaralanaraq, xx.xx.1994-cü il tarixdə hərbi hospitalda müalicə olunmuş və xx.xx.1996-cı il tarixdə ordu sıralarından tərxis olunmudur. O, orduda xidmət etmiş və aldığı xəsarətlərə görə 2-ci qrup əlillik dərəcəsi almışdır. O, erməni işğalçılarına qarşı vuruşmalarda iştirak edərək yaralandığı üçün ona qanunun tələbinə görə müharibə veteranı və vəsiqəsi verilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Arxiv İdarəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, onun N №li hərbi hissə komandirlərinin əmri və şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Lakin iddia ərizəsinə əlavə etdiyi hərbi biletindən aşkar olur ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1996cı il tarixə kimi Azərbaycan Respublikası Ordu Sıralarında xidmət edərək rəsmi qaydada ordudan tərxis olunmuşdur. O, 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində müharibə veteranlarına vəsiqə verilməsi komissiyasına rəsmi qaydada müraciət etmiş, lakin 2 aya yaxın müddət keçdiyinə baxmayaraq, ona cavab verilməmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbi ilə bağlı inzibati orqana müraciətinin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması, belə imtinanın və ya hərəkətsizliyin olmadığı təqdirdə iddianın mümkünlüyü məsələsinə baxılacağı bildirilmişdir. İddiaçı məhkəmə iclasında ona müharibə veteranı vəsiqəsi verilməsi ilə bağlı Müdafiə Nazirliyinin arxiv idarəsinə müraciət etdiyini, lakin Müdafiə Nazirliyinə müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia da müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı olmaqla öhdəliyin icrası haqqında iddia növünə daxildir. Məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müraciət edilməsi müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsinin məzmununda tələbi ilə bağlı cavabdeh orqana müraciət etdiyini və onun müraciətinə cavab verilmədiyini bildirmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətini və həmin orqanın məktubunu əlavə etdiyini qeyd etsə də, iş materialarında adı qeyd olunan sənədlər aşkar edilməmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında da həmin orqana müraciətini təsdiq edən sənəd və ya cavabdehin imtina məktubunu təqdim etməmişdir. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 1 ünvanında yerləşən) şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-788/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-788/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver