Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-788/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx" MMC-də fəhlə işləyən, Sumqayıt şəhəri, yataqxana 4, ünvan 1 ünvanında yaşayan) və onun vəkili Vəkil (ünvan 2 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının mütəxəssis işləyən, Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 52 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Təvəkkül oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla 02.11.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Təvəkkül oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla 02.11.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Təvəkkül oğlu xx.xx.1967-ci il təvəllüdlüdür. O, 01.09.1983-cü ildən 25.08.1986-cı illərdə Sumqayıt şəhəri 41 saylı orta texniki peşə məktəbində təhsil almış, 03.06.1986-cı ildən 12.05.1988-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı 20.09.1988-ci ildən 18.01.2011-ci ilə kimi fasiləsiz olaraq Sumqayıt İstehsalat Birliyi "Sintetik Kauçuk” müəssisəsində (sonradan Sintetik kauçuk zavodu adlanmışdır) işləmişdir. 1997-ci ildə “Azərkimya Dövlət Şirkətinin əmri ilə “Sintetik kauçuk zavodu ” və Azərbaycan Respublikası Prezidentinin 02.04.2010cu il tarixli 829 saylı Fərmanı ilə "xxxx" Dövlət Şirkəti və daxil olan bütün müəssisə və zavodlar Dövlət Neft Şirkətinə daxil edilmişdir. 21.01.2011-ci il tarixdən 07.04.2011-ci tarixə kimi "xxxx" İB-nin “Təmir-Tikinti İdarəsində”, 08.04.2011-ci ildən 27.06.2014-cü ilə kimi Sumqayıt “Etilen Polietilen” zavodunda təmirçi çilingər vəzifəsində işləmişdir. 01.08.2014cü ildən hazıra kimi "xxxx" MMC-də fəhlə işləyir. 21.09.2015-ci ildən cəmiyyətin adı dəyişdirilərək “X4” MMC, 07.06.2018-ci ildən isə müəssisənin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. SOCAR “Etilen-Polietilen” zavodunun 280 №-li 30.07.2021-ci il tarixli arayışından görünür ki, onun “Azərkimya“ İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda “mexanik təmirçi sexində divinel, spirt, kamçik istehsalatları üzrə təmirçi çilingər ” peşələrində (vəzifələrində) işlədiyi müddət zərərli işlər kateqoriyasına aid olmuşdur. İddiaçının 01.09.1984-cü ildən 01.01.2006-cı il hazıra kimi təxminən 21 ilə kimi əmək stajı olmuş, həmin stajın 14 ilindən çoxu zərərli sahədə işlədiyi müddətə aiddir. 6 mart 2007-ci il tarixli 260-İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1№-li Siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar o, sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********2 №-li 08.09.2021-ci il tarixli məktubunda qeyd edilir ki, onun pensiya kapitalı 36619,08 manat təşkil etdiyindən ona pensiya təyin edilməsinə imkan vermir. İddiaçı hesab edir ki, onun ümumi və xüsusi stajı 01.01.2006-cı il tarixədək toplandığından ondan pensiya kapitalının tələb edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış 08.09.2021-ci il tarixli **********2 nömrəli cavab məktubunda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 36619,08 manat təşkil etdiyi, eyni zamanda, xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malik olduğu barədə məlumat verilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə 02.11.2019-cu il tarixdə çatmışdır. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əsas şərtlərdən biri kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan : -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,İddiaçı xx.xx.1967-ci il təvəllüdür. -İddiaçıya НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, 03.06.1986- 12.05.1988-ci illərdə hərbi xidmətdə olmuşdur. - № 602965 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 01.09.1983-25.05.1986cı illərdə Sumqayıt 41 nömrəli orta texniki peşə məktəbində “tornaçı” ixtisası üzrə tam kursu bitirmişdir. - -İddiaçının adına açılmış ИТ -№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı Təvəkkül oğlu 20.09.1988-ci ildə “Sintezkauçuk” İB-də işə başlamış, 19.01.2011-ci il tarixədək təmirçi çilingər, 21.01.2011-ci il tarixdən 07.04.2011-ci il tarixədək “Azərikimya” İB Təmir-Tiknti İdarəsində təmirçi çilingər, 08.04.2011-ci il tarixdən 27.06.2014-cü il tarixədək Sumqaqyıt “Etilen-poletilen” zavodunda təmirçi çilingər, 01.08.2014-cü il tarixdən hazıradək "xxxx" MMC-də ("xxxx" MMC) işləyir. - -“Etilen-Polietilen” zavodu tərəfindən İddiaçı verilmiş 30.07 .2021-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən 03.11.1989-31.12.2005-ci illərdə həmin zavodda mexaniki təmir sexində divinil spirt kauçuk istehalatları üzrə təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 1 bəndinin 1080A010 şifrəsi altında göstərilmiş “butadien, spirtlər, kauçuk istehsalatı” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının 52 yaşı 01.01.2006-cı il tarixdən sonra tamam olduğundan hazırki mübahisəyə əvvəlki qanunvericiliyin müddəaları tətbiq oluna bilməz. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi sahənin zərərli işlərin siyahısına aid edilməsi və onun 20 ildən artıq ümumi və 10 ildən artıq xüsusi staja malik olması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı iddiaçıya hansı dövrün qanunverciliyinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Məhkəmə qeyd edilən qanunvercilik normalarını hazırkı mübahisəyə tətbiq edərək və işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda (Vlll bölmə, 1080A010 saylı şifrə) göstərilən peşədə işləməklə 10 il güzəştli iş stajının olmasını iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni 01.01.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu 02.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu gündən, 02.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-788/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-788/2022
11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver