Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-789/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şabran rayonu Qazbabalı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Regional Ərazi Filialına qarşı 1980-ci ilin fevral ayından 1993-cü ilin iyul ayınadək X8 Xidməti Kombinatında sahə ustası işlədiyi müddətdə yığılmış pensiya kapitalının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1980-ci ilin fevral ayından 1993-cü ilin iyul ayınadək X8 Xidməti Kombinatında sahə ustası işlədiyi müddətdə yığılmış pensiya kapitalının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2(031)-351/2018 saylı qətnaməsi ilə iddiaçı X2 fevral 1980-ci ildən iyul 1993cü ilə kimi X7 Xidməti Kombinatında sahə ustası işləməyinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İddiaçı işlədiyi həmin illərə görə pensiya kapitalının hesablanaraq ona ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən həmin məbləğ hesablanaraq iddiaçıya ödənilməmişdir. Bununla bağlı iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya 06.04.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin Şabran rayon şöbəsi tərəfindən təhvil verilən pensiyaçının uçotu vərəqində olan məlumatlara əsasən iddiaçı 14.05.2018-ci il tarixdə ərizə ilə DSMF-nin Şabran rayon şöbəsinə pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Həmin ərizəyə əsasən iddiaçının pensiyası DSMF-nin Şabran rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixə kimi olan 26 il 1 ay 16 gün iş stajaın əsasən 01.07.2011-ci il tarixdən yenidən hesablanmışdır. İş materiallarında olan : - Şabran rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(031)-351/2018 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı tərəf DSMF-nin Şabran rayon şöbəsinə qarşı fevral 1980-ci ildən iyul 1993-cü ilədək X7 Xidməti Kombinatında sahə ustası işləməsinı dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış **********5 saylı xidməti məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İddiaçı 06.04.2009-cu il tarixdən orta aylıq əmək haqqına əsasən (75 manat BH+79,25 manat SH) 154,25 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği 01.01.2011-ci il tarixdən (85 manat BH+85,03 manat SH) 170,03 manat müəyyən edilmişdir.Vətəndaşın təqdim etdiyi Şabran rayon Məhkəməsinin 02.04.2018-ci il tarixli 2(031)-351/2018 nömrəli qətnaməsinə əsasən 01.02.1980-cı il tarixdən 01.07.1993-cü il tarixədək 13 il 5 ay X7 Xidməti Kombinatında və əmək kitabçasına əsasən 16.11.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək 12 il 1 ay 15 gün “Siyəzənneft NQÇİ” də fəaliyyət dövrü olmaqla 01.01.2006-cı il tarixədək ümumi 25 il 6 ay 15 gün sığorta stajına və fərdi hesabının sığorta hissəsində (2006-2009-cu illər) qeydə alınmış 2455,20 manat pensiya kapitalına əsasən onun əmək pensiyası 01.07.2011-ci il tarixindən yenidən hesablanmış və nəticədə onun əmək pensiyasının məbləği BH+SH+PSK=151,6 manat təşkil etmişdir (BH=85 manat, SH= ((15/30)+6)/12+25)x1,94) = 49,56 manat, PSK (2006-2009-cu illər) = 2455,20/144= 17,05 manat) və bu məbləğ təyin edilmiş əmək pensiyasından (172,33 manat) az olduğu üçün məbləğ dəyişdirilməmişdir.Əlavə olaraq əmək pensiyasının məbləği sığorta stajına uyğun hesablandığı halda həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği 01.01.2022-ci il tarixdən 281,7 manat müəyyən edilə bilərdi. Hal-hazırda İddiaçı əmək pensiyasının məbləği 330,71 manat təşkil edir və bu zaman əmək pensiyasının məbləğində 49 manat azalma baş verərdi. Bu səbəbdən sözügedən şəxsin əmək pensiyasının məbləğinin sığorta stajına uyğun olaraq yenidən hesablanması məqsədə müvafiq hesab edilmir. Məhkəmənin sorğusuna əsasən Şabran rayon Məhkəməsi tərəfinfən verilmiş 10.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şabran rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2(031 )-351/2018 saylı qətnaməsindən tərəflər apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini alımışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2009-cu ildə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 14.05.2018-ci il tarixdə etdiyi müraciətə əsasən onun əmək pensiyası 2011-ci ildən yenidən hesablanmışdlr və hazırda 330,71 manat təşkil edir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyasının məbləği sığorta stajına uyğun hesablandığı halda 01.01.2022-ci il tarixdən 281,7 manat tşəkil edərdi ki, bu hal iddiaçının maraqlarına zidd olduğu üçün məqsədəuyğun hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 1.0 – əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.8 - fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 1.0.10 –pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 1.0.12 - əmək pensiyasının sığorta hissəsi -fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1- ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən, Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı katrqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablaşmalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə yığılmış pensiya kapitalının vətəndaşa qaytarılmasına dair müddəalar nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən normalardan göründüyü kimi vətəndaş istifadə olunmayan fərdi hesabda toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbini dəqiqləşdirmək təklif edilmişdir. Lakin iddiaçı iddia tələbinin dədiqləşdirilməsinə dair ərizə verməkdən imtina edərək yığılmış pensiya kapitalının ona ödənilməsini tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-789/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-789/2022
11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver