Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-789/2023 12.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X3 nümayəndəsi X5 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli, 25 nömrəli qərarı ilə rayon kooperativlər ittifaqının idarə heyətinin müraciəti nəzərə alınmaqla Şamaxı şəhərində “Şərq” stilində "Kolxoz bazarı’’nın tikilməsi ilə əlaqədar olaraq şəhərin aşağı hissəsində, Bakı-Qazax yolunun aşağı cənub hissəsində 48 nömrəli məhəllədə 3,0 ha torpaq sahəsi ayrılmışdır. Şamaxı rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Şamaxı XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli, 25 nömrəli qərarında qismən dəyişiklik edilərək, şəhərin 48 nömrəli məhəlləsində bazarın tikintisi üçün ayrılmış 3,0 ha torpaq sahəsi və görüləcək tikinti-quraşdırma işləri Respublika “İnkişaf” Assosiasiyasına verilmişdir. Şamaxı rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə “İnkişaf” Assosiasiyası tərəfindən tikintisinə başlanılmış “Şirvan” Ticarət Kompleksinin inşası üçün əvvəlki qərarla ayrılmış 3,0 ha torpaq sahəsi azlıq təşkil etdiyindən, həmin kompleksin əhatə etdiyi torpaq sahəsinə bitişik əlavə olaraq 2,0 ha torpaq sahəsi də ayrılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2 nömrəli sərəncamı ilə “İnkişaf’ Assosiasiyasının müraciəti nəzərə alınaraq, şəhərin 48-ci məhəlləsində tikiləcək “Şirvan" Ticarət Kompleksinə ticarət mərkəzinin genişləndirilməsi məqsədilə əlavə 3,0 ha torpaq sahəsi də ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin əməkdaşlarının keçirdiyi monitorinq zamanı məlum olmuşdur ki, hazırda həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Şamaxı rayonu Şəhriyar Bələdiyyəsi tərəfindən əvvəlcə xx.xx.2005-ci il tarixli, 01 nömrəli qərarla 5,8 ha, daha sonra 11 05.2005-ci il tarixli, 04 nömrəli qərarla 4 ha olmaqla “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Aşağıdakı səbəblərdən hesab edirik ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarları qanunsuzdur və həmin qərarlar etibarsız hesab edilməlidir. Belə ki, qeyd edildiyi kimi, yuxarıda göstərilən dövlət orqanları tərəfindən “Şirvan" Ticarət Kompleksinin inşası üçün ümumilikdə 8,0 ha torpaq sahəsi “İnkişaf’ Assosiasiyasının istifadəsinə ayrılmışdır. Həmin torpaq sahələri “İnkişaf’ Assosiasiyasının istifadəsinə verilməklə dövlət mülkiyyətində qalmışdır. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla ümumilikdə sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq “Şirvan" Ticarət Kompleksinin direktoru X2. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına və həmin Fərmanla ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti (bələdiyyə qərarının verildiyi zaman Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti) tərəfindən satıla bilərdi. Belə ki, Əsasnamənin 11-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla həmin torpaq sahələrinin satılması hüququ səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi isə qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X10 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi X7 həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və ona inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisənin məhkəmə qaydasında baxılması nəzərdə tutulmadığından, iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümayəndəsi X10 iddia ərizəsinə olduğu kimi baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan olan Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsini xaiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunlaqorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Qanunun 4.2-ci maddəsinə əsasən, inzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Həmin Qanunun inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iş materiallarından görünür ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinə əsasən, həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-789/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-789/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver