Məhkəmə qərarları › İş №2-1(118)-79/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-79/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-79/2021 25.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Ona 2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, “Ona 2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx xxxxxx 1974-cü il tarixdə Quba şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1981-ci ildə Sumqayıt şəhəri 3 saylı orta məktəbə daxil olmuşdur. 1988 - 1991- ci illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilinə davam etmişdir. 1991-1995-ci illərdə ordu generalı A. V. Xrulyov adına Yaroslavl Ali Hərbi Maliyyə Məktəbində ali təhsil almışdır. (Diplom: ŞV №287048 xx.xx.1995-ci il tarixində A.V. Xrulyov adına Yaroslavl Ali Hərbi maliyyə məktəbinin dövlət Komissiyası tərəfindən verilmişdir.) xx xxxx 1995-ci il tarixdə Ali məktəbin «qoşunların maliyyə təminatı» fakültəsini “iqtisadçı” ixtisası üzrə bitirdikdən sonra «leytenant» ilk zabit rütbəsi təqdim olunub və xx xxxxxxxx 1995-ci il tarixdən hərbi qulluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargahının maliyyə hissəsinin rəis köməkçisi vəzifəsində başlamışdır. xx xxxxxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunmuş və ştat dəyişikliyi ilə əlaqədar olaraq xx xxxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (aparatın) maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx xxxx 2000-ci il tarixdə Müdafiə Nazirliyi Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. xx xxxxxx 2003-cü il tarixdə Müdafiə Nazirliyi Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin baş inspektoru vəzifəsinə təyin olunmuşdur. xx xxxxxxxx 2008-ci il tarixdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarəttəftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin oktyabr ayından 4 il ərzində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsini icra etmişdir. xx xxxx 2013-cü il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx xxxxxx 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası X9 Maliyyə-Plan şöbəsinin Nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx xxxxxx 2015-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin sıralarından “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2005 - 2006-cı illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil olunmuş altı aylıq ingilis dili kurslarında oxumuşdur. 2006-cı ilin oktyabr - noyabr aylarında Rumıniya Milli Müdafiə Universitetində “KAROL İ” Ali səviyyəli rəsmilər üçün X8 edilməsi kurslarını müvəfəqiyyətlə bitirmişdir. Bundan əlavə NATO-nun təşkil etdiyi bir sıra beynalxalq tədbir və kurslarda (o cümlədən xarici ölkələrdə) iştirak etmişdir. 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Maliyyə” ixtisası üzrə “Usta” məharət dərəcəsi verilmişdir. 2009- 2013-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin “Maliyyə” ixtisası üzrə 4 il ərzində məharət dərəcəsi verilməsi üçün komissiyanın sədri olmuşdur. Ailəlidir. xx xxxxxxx 1998-ci il tarixdə nigah bağlamışdır. İki övladı var. Ona “leytenant” hərbi rütbəsi X2 Nazirinin 0937 №li, xx xxxx 1995-ci il tarixli əmri ilə verilmişdir. “Baş-leytenant” hərbi rütbəsi Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0124/rt №li, xx xxxx 1997-ci il tarixli əmri ilə verilmişdir. “Kapitan” hərbi rütbəsi Azərbaycan Respublikasının Müdafiə Nazirinin 051/rt №li, xx xxxx 2000-cı il tarixli əmri ilə verilmişdir. “Mayor” hərbi rütbəsi Azərbaycan Respublikasının Müdafiə Nazirinin 051/rt №li, xx xxxx 2003-cü il tarixli əmri ilə verilmişdir. “Polkovnik-leytenant” hərbi rütbəsi Azərbaycan Respublikasının Müdafiə Nazirinin 050/rt №li, xx xxxx 2008-ci il tarixli əmri ilə verilmişdir. İddiaçı, Azərbaycan Republikasınm Silahlı Qüvvələrinin 10 illiyi Yubiley medalı ilə Müdafiə Nazirinin 0387 №li, xx xxxx 2004 tarixli əmri ilə təltif olunmuşdur. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə Müdafiə Nazirinin 043t №li, xx xxxx 2006 tarixli əmri ilə təltif olunmuşam. Azərbaycan Republikasınm Silahlı Qüvvələrinin 90 illiyi Yubiley medalı ilə Müdafiə Nazirinin 073t №li, xx xxxx 2008 tarixli əmri ilə təltif olunmuşam. “Qüsursuz xidmətə görə” 2-cü dərəcəli medalı ilə Müdafiə Nazirinin 050t №li, xx xxxx 2010 tarixli əmri ilə təltif olunmuşdur. “Qüsursuz xidmətə görə” 1-cü dərəcəli medalı ilə Müdafiə Nazirinin 050t №li, xx xxxx 2012 tarixli əmri ilə təltif olunmuşdur. Azərbaycan Republikasının Silahlı Qüvvələrinin 95 illiyi Yubiley medalı ilə Müdafiə Nazirinin 071t №li, xx xxxx 2013 tarixli əmri ilə təltif olunmuşdur. 14 yaşından həyatını orduya, dövlətə və dövlətçiliyə həsr etmişdir. 35 yaşında pilləpillə addımlayaraq Azərbaycan Ordusunda ixtisası üzrə böyük zirvəyə nail olmuşdur. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisi vəzifəsini icra edərkən ordunun maliyyə sistemində bir çox yeniliklər həyata keçirmişdir. Fəxri fərman və medallarla təltif olunmuş, iyirmi il qüsursuz xidmət etmişdir. Lakin 2013-cü ilin oktyabr ayında Müdafiə Nazirliyinin rəhbərliyində dəyişikliklər aparılandan sonra heç bir səbəb olmadan sərəncama çıxarılmışdır. xx xxxxxx 2013-cü il tarixlə onunla söhbətləşmə aparılmadan, razılığı olmadan Azərbaycan Respublikasının “Hərbi xidmət keçmək haqqında” Əsasnamənin tələblərinə zidd olaraq, qanunsuz, əsassız və ədalətsiz olaraq bir neçə pillə aşağı vəzifəyə - Naxçıvan MR X9 Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Bundan əlavə, “usta” məharət dərəcəsi ola-ola, 4 il ərzində “maliyyə” ixtisası üzrə məharət dərəcəsi verilməsi üçün kommisiyanın sədri olmağına baxmayaraq, 2013-cü ildən 2015-ci ilədək “usta” məharət dərəcəsini təsdiq etmək üçün imtahanlarda iştirak etməyə imkan verilməyib. Onu da qeyd edir ki, iddiaçıya qarşı qərəzli yanaşma tətbiq olunmasaydı bu günə kimi tutduğu yüksək vəzifədə şərəflə xidmət edərdi. Bundan əlavə bildirir ki, xidmətini Naxçıvan Muxtar Respublikasının X5 layiqincə davam etmişdir. Buna sübut Ordu Komandanlığı tərəfindən iddiaçıya verilən müsbət xidməti xasiyyətnamədir. Bununla yanaşı iddiaçının pensiya təminatı Müdafiə Nazirlyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsi ilə yox, hətta Müdafiə Nazirlyinin Maliyyə və Büdcə İdarəsinin müavini vəzifəsi ilə də deyil, Naxçıvan MR X9 Maliyyə-Plan şöbəsinin Nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinin maaşı ilə hesablanmış və «usta» məharət dərəcəsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək pensiyasının beş il ərzində əsas vəzifəsi olan Müdafiə Nazirliyinin Maliyyə və X12-Təftiş şöbəsinin rəisiidarə rəisinin müavini vəzifəsində xidmətində olarkən hesablanmış maaşla və “usta” məharət dərəcəsinin daxil olmaqla müvafiq icra hakimiyyəti orqanlarına yeni məlumat vərəqəsinin təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya imtina məktubu verərək qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “'usta” məharət dərəcəsi daxil olmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına Məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyi üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəmə instansiyalarına müraciət etmişdir. Özləri də qeyd etdiyi kimi iddiaçı məhz Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsi üçün müraciət etmişdir. Hazırki müraciəti isə məhz Maliyyə və X12-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsi üçün müraciət etmişdir. Onlar əvvəl aralarında olan məhkəmə instansiyalarının qərarlarını sadalmaqla qeyd etmək istəyiblər ki, iddiaçı artıq məlumat vərəqəsinin tələb olunmasını istəməməlidir. Amma nəzərə almaq lazımdır ki, iddiaçının hazırki tələbi həmin tələblə bağlı deyil. Hazırda cavabdehdən tələbi başqa iddia predmetidir. Halbu ki, nəzərə almaq lazımdır ki, tələbi başqa tələbdir. İddiaçının müraciəti lazımınca cavablandırılmamışdır. Sadalanan qərarların hazırki tələbə heç bir aidiyyəti yoxdur. Eyni zamanda Baş Qərargah rəisinin müavini Nizam Osmanov tərəfindən iddiaçıya ünvanlanmış digər məktubda isə qeyd edilir ki, xx.xx.2012-ci il tarixdə ona usta məharət dərəcəsi verilmişdir. Qeyd etdiyi müddətdə qüvvədə olmuş müvafiq əsasnamənin tələblərinə uyğun olaraq malik olduqları məharət dərəcəsini artırmaq istəyən hərbi qulluqçular bu barədə aidiyyəti üzrə raportla müraciət etməlidirlər. Əlavə olaraq qeyd edilmişdir ki, yalnız həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara məharət dərəcəsi müvafiq qaydalara əsasən verilə və ya artırıla bilər. 2008-2012-ci illərdə iddiaçının «Usta» məharət dərəcəsi ola-ola 4 il ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin maliyyə ixtisası üzrə məharət dərəcəsinin verilməsi komissiyasının sədri olmağına baxmayaraq 2013-cü ildən 2015-ci ilədək « usta» məharət dərəcəsini təsdiq etmək üçün imtahanlarda iştirak etməyə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən imkan verilməmişdir. Belə ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şifahi surətdə tapşınq verilmişdir ki, ümumiyyətlə Bakı şəhərinə gəlişi məhdudlaşdırılsın. Hazırda özləri də etirafı edirlər ki, iddiaçı «Usta» məharət dərəcəsini 2008-2012-ci illərdə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəinə görə hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə görə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Sidahlı Qüvvələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcraı Baş idarəsi) başqa hərbi birləşmələrin zabit heyytəi, gizirləri, miçmanları və müddətdən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlrını Baş Mühafizə İdarəsi) sıravi və rəis heyyəti bu qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüquqna malik olurlar. Həmin Qanunun 40-cı maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusim rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Cavabdeh təşkilat bundan əvvəl də keçirilmiş məhkəmə iclaslarında istinad etdikləri «Əmək pensiyaları haqqında» Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüquqna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçının daha az maaşlı vəzifəyə keçirilməyi səhhəti və yaşı ilə bağlı olmasını cavabdeh orqan sübut edə bilmir. O, aşağı vəzifəyə göstərilən halların heç biri ilə əlaqəsi olmayan qaydada keçirilmişdir. Belə ki, ümumiyyətlə Müdafiə Nazirliyinin iddiaçının sərəncama çıxarılması barədə və 6 pillə aşağı vəzifəyə təyin olunması barədə verilən əmrlərdə heç bir səbəb göstərilməmişdir. Bu hal isə tamamilə qanuna zidd olan qanunsuz əmrlərdir. Bu verilən qanunsuz əmrləri vəzifə səlahiyyətlərini aşaraq, vəzifə mövqeyindən sui istifadə edərək Müdafiə Nazirliyinin Hüquq İdarəsi Hüquqi ekspertizadan keçirərək “razılaşdırıb”. Nəzərə almaq lazımdır ki, iddiaçı uzun illər, yəni beş ildən artıq müddətdə Maliyyə və büdcə X10 şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində işləmişdir. İdarə rəisi kimi isə rəsmi olaraq əmrlə 4 ay müddətində işləmişdir. Lakin idarə rəisi vəzifəsini dörd ildən artıq əvəz edib faktiki olaraq tam məsuliyyətlə icra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair(məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı hesab edir ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə tam əməl etməmişdir. Belə ki, cavabdeh(inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanını üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanını hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həllə edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 73.1 -ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda , məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçdiyi dövrdə, “2008-ci ilin 20 sentyabr tarixində 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və X12-təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zamanı aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyanın yenidən hesablanmasını tələb edir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bundan başqa cavabdeh bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı isə “Müdafiə Nazirliyinin Maliyyə və X12-təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini” vəzifəsindən, “X13 X1 Maliyyə-plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən də, İddiaçıya pensiya məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanmışdır. Bundan başqa cavabdeh bildirir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 0122 nömrəli xx xxxxxx 2001 -ci il tarixli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilmə qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq iddiaçıya Müdafiə nazirinin müavini - X13 Komandanının xx xxxxxx 2015-ci il tarixli 0117 nömrəli əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilmiş “Məlumat vərəqi”ndə məharət dərəcəsinə görə əlavə məlumat iddia edildiyi kimi “usta” məharət dərəcəsinə deyil, məhz 1-ci məharət dərəcəsinə görə pul əlavəsi haqqında məlumat öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X11 iştirak etmiş, etirazı müdafiyə etmiş, etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı bundan əvvəldə oxşar iddia ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilməmiş, hesablanmış pensiyanın düzgün olduğu müəyyən edilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N saylı hərbi hissədə Maliyyə-Plan şöbəsinin təftiş bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2013-cü il tarixli 313 saylı (nizami hissə üzrə 2) əmrindən çıxarışdan görünür ki, polkovnikleytenant İddiaçı Maliyyə və Büdcə idarəsinin rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2013-cü il tarixli 0504 nömrəli əmri ilə tutduğu vəzifədən azda edilmiş və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsi rəisinin sərəncamına keçirilmiş və xx xxxxxx 2013-cü il tarixdən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin Kadrlar idarəsi rəisinin sərəncamında hesab olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2013-cü il tarixli 313 saylı (nizami hissə üzrə 1) əmrindən çıxarışdan görünür ki, polkovnikleytenant İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsi rəisinin sərəncamında olan (Maliyyə və Büdcə idarəsinin sabiq rəisi), Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2013-cü il tarixli 0691 nömrəli əmri ilə, N nömrəli hərbi hissənin maliyyə-plan şöbəsinin təftiş bölməsinin (Q2) rəisi-vəzifəsinə təyin edilmiş, xidməti davam etdirmək üçün Naxçıvan Muxtar Respublikasına - N saylı hərbi hissəyə göndərilmiş hesab edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair inzibati iş olmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-226/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)12/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)12/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının məhkəmədə baxılıb yekun qərar qəbul edilmiş iddiasındakı təlbdən fərqli olan hissəsi işlədiyi digər dövrlərin nəzərə alınması ilə bağlıdır. Qeyd edilən məhkəmə mübahisəsindən sonra iddiaçı yenidən digər dövrlərin nəzərə alınması ilə bağlı inzibati orqana müraciət etmiş, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Bu halıda nəzərə alaraq məhkəmə hesab edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu qeyd edilənlər iddiaçının tələbinin hüquqi əsasının olmadığını göstərir. İddiaçının yeni məlumat vərəqəsinin verilməsinə dair əvvəlki iddia tələbinə münasibətdə yuxarı instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsində bir ildən az müddətdə xidmət etmiş, eləcə də həmin vəzifədən başqa vəzifəyə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının məhz tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuni və əsaslı olmuşdur. Bundan başqa, iddiaçıya Müdafiə nazirinin müavini – X13 Komandanının xx xxxxxx 2015-ci il tarixli, 0117 nömrəli əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. Bu səbəbdən də DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilmiş “Məlumat vərəqi”ndə düzgün olaraq məharət dərəcəsinə görə əlavə məlumat iddia edildiyi kimi “usta” məharət dərəcəsinə görə deyil, məhz 1-ci məharət dərəcəsinə görə pul əlavəsi haqqında məlumat öz əksini tapmışdır. Hazırkı işdədə iddia tələbi fərqli formada qoyularaq, iddiaçıya 2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilsədə, bu çür hesablamanın aparılmasının hüquqi əsası qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqan əsaslı olaraq iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir və qeyd olunanlar nəzərə alınaraq iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar