Məhkəmə qərarları › İş №2-1(118)-79/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-79/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-79/2022 07.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xırdalan Bələdiyyəsinin 02 saylı 23 may 2013-ci il tarixli qərarı ilə ona ayrılmış və hazırda istifadəsində olan 0,0158 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 02 saylı 23 may 2013-cü il tarixli qərarı ilə Xırdalan şəhərinin ərazisində və bələdiyyənin mülkiyyətində olan 0,0158 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi qərara alınmış və 05 iyun 2013-cü il tarixli 880/13 saylı alqı-satqı aktı ilə ona satılmışdır.Torpaq sahəsinin dəyəri tam ödənilmişdir. Torpaq sahəsinə və onun üzərində ev tikintisinə dair tələb olunan bütün qanunu icazələr alınmış və rəsmiləşdirmə işləri aparılmışdır. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi müvafiq araşdırma apardıqdan sonra 22 may 2013cü il tarixli 100 saylı rəyi ilə torpaq sahəsində fərdi yaşayış evi tikməyinə etiraz etməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi 419 saylı 22 may 2013-cü il tarixli rəyi ilə torpaq sahəsinin vətəndaşlara, o cümlədən ona satılmasına etiraz etməmişdir. Bundan sonra yerquruluşu planı hazırlanmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xətirəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq müvafiq sənədlər rəsmiləşdirilib mənə təqdim olunmuşdur. 09 fevral 2021-ci il tarixli məktubla cavabdehə müraciət edib bu torpaq sahəmə dair mülkiyyət hüquqlarımı DƏDRX-də qeydiyyata almasını xahiş etmiş, cavabdeh təşkilat müraciətinə 02 mart 2021-ci il tarixli **********87 saylı məktubla imtina vermiş və imtinasını aşağıdakı hallarla əsaslandırmışdır: Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 470 ha torpaq sahəsinin elektron kadastır baza məlumatlarında ölçüsünün, miqdarının və sərhədlərinin yenidən inventarlaşdırılması zərurəti yaranmışdır; Torpaq sahəsinə dair notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi yoxdur; Hüquq sahibinin Xırdalan şəhərində 5 illik qeydiyyatıda olması barədə arayış yoxdur; Torpaq sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. Aşağıdakı səbəblərə görə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, torpaq sahəsi Xırdalan şəhəri ərazisində əhalinin sıx yaşadığı massivdə yerləşir və ərazi çoxsaylı fərdi yaşayış evlərindən ibarətdir. Bu torpaqları və orada tikilmiş fərdi yaşayış evləri müvafiq icazə əsasında ayrılıb-tikilmiş və dövlət orqanları ilə razılışdırılmaqla qanuni yolla rəsmiləşdirilmişdir. Torpaq sahəsi bu yaşayış massivinin ortasında yerləşir. O torpaq sahəsini tam qanuni əsaslarla əldə etmiş və bu torpaq sahəsinə heç kimin iddiası və ya tələbi yoxdur. Torpağı qanuni qaydada əldə etdikdən sonra əvvəlki mülkiyyətçinin (yəni Xırdalan bələdiyyəsinin) sonradan dəyişməsi və ya keçmiş mülkiyyətçinin torpaq sahələrinin ölçülərində, miqdarında və ya -pıventarlaşdırılmasmda hər-hansı dəyişiklikin olması mənim qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə hər-hansı təsir göstərə və bu «dəyişikliklər» mülkiyyət hüquqlarımın dövlət qeydiyyatı üçün maneə ola bilməz; İmtinada qeyd olunmuş alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi fikri də əsaslı və qanuni deyildir. Nəzərə alınmalıdır ki, torpaq bələdiyyə qərarı ilə ona verilməzdən, yəni 23 may 2013-cü ildən əvvəl qanuni istifadəmdə olmuş və sonradan qanuni əsaslarla adına rəsmiləşdirilmişdir. Qeyd olunan vaxt qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqmda» Azərbaycan Respublikasının Qanununda, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqmda» Əsasnamədə və digər normativ aktlarda bələdiyyə torpaqlarının alqı-satqısı zamanı müqavilənin notariat qaydasında təsdiq olunması tələbi yoxdur. Buna görə də mənimlə bələdiyyə arasında olan torpaq-alqı satqı müqaviləsi bağlanarkən onun notarial qaydada təsdiq olunmasına ehtiyac olmamışdır. Cavabdehin tələb etdiyi qeydiyyat arayışı, yəni Xırdalan şəhəri ərazisində 5 illik qeydiyyatda olmağıma dair arayışı təqdim etmək sadə texniki məsələdir və bu barədə arayışı cavabdehin ilk tələbi ilə təqdim edə bilərdi. Cavabdeh torpaq sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşdiyini bildirmişdir. Cavabdehin «yüksək təzyiqli qaz xətti» adlandırdığı xətt kiçik ölçülü qaz xəttidir və onun torpaq sahəsindən təqribən 50 metr aralıda yerləşir. Qaz xətti ilə torpaq sahəsi arasında iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş torpaq avtomobil yolu və iki sıra fərdi yaşayış evləri yerləşir ki, bu evlərin də həyətyanı torpaq sahələri vardır. Torpaq sahəsilə qaz xətti arasında yerləşən evlərə və torpaq sahələrinə müvafiq icazələr və sənədlər verilmiş, bu torpaq və evlər üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən cavabdeh təşkilat torpağının qaz xəttinin mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün müvafiq araşdırma aparmamış, bu qaz xəttinin kimə aid olmasını, xətlə qazın nəql olunub-olunmamasını müəyyən etməmiş, torpağın bu xəttinin mühafizə zonası ərazisində olmasını və ya mühafizə zonasından hansı məsadəfə yerləşməsini dəqiqləşdirməmiş, bununla bağlı məlumatları səlahiyyətli orqan və təşkilatlardan almamışdır. Bununla da müraciətini səhlənkarlıqla başdan etmiş və imtina məktubunda qeyri-dəqiq məlumatlara istinad etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan səhərində yerləşən İddiaçı ayrılmış 0.0158 ha torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 09 fevral 2021-ci il tarixli. ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu. Xırdalan səhərində yerləşən İddiaçı 0.0158 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayonu Xırdalan Bələdiyyəsinin **********16 reyestr nömrəli çıxarışla mülkivətində olan 470 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarında ölçüsünün, miqdarının və sərhədlərinin yenidən inventarlaşdırılması zərurəti yarandığı müəyyən edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin və hüquq sahibinin Xırdalan şəhərində 5 illik qeydiyyatda olması barədə arayışın müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin torpaq sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 02 mart 2021-ci il tarixli **********87 nömrəli imtina məktubu, etirazı, SOCAR tərəfindən verilmiş SOCAR**********30490075X00218 nömrəli 17.03.2022-ci il tarixli məktub, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 23 may 2013-cu il tarixli 02 saylı qərarından çıxarışın surəti, Alqı-satqı müqaviləsinin surəti, ödəniş qəbzinin surəti, Xırdalan Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 22 may 2013-cü il tarixli 100 saylı rəyinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi 419 saylı 22 may 2013-cü il tarixli rəyinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Abşeron rayon Xırdalan Bələdiyyəsinin 23 may 2013-cu il tarixli 02 saylı qərarının verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 02 mart 2021-ci il tarixli **********87 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-cü maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Torpaq sahəsinin Abşeron rayon ərazisində olması və cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə qarşı cavabdeh təşkilatın verdiyi etirazın arqumentləri aşağıdakılardan ibarətdir: 1) Mübahisə predmeti olan torpaq sahəsinin hərrac keçirilmədən alqı-satqı qaydasında iddiaçıya alqı-satqı müqaviləsi əsasında satılması və iddiaçının 5 ildən artıq həmin ərazidə qeydiyyatda olması barədə sənədin təqdim edilməməsi 2) Mübahisə edilən torpaq sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddia təbinə verilmiş etirazın birinci arqumentini araşdıran məhkəmə qeyd etməyi zəruri bilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından vətəndaşdan geri alına bilməyən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi zamanı açıq hərrac keçirilməsinə zərurət yoxdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir və həmin ərazidə pasport qeydiyyatındadır (Abşeron rayon İcra Hakimiyyətinin 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmiri Sahəsinin verdiyi 260 saylı 11.03.2021-ci il tarixli arayışı). Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən verilmiş etirazın əsaslığı üçün gətirdiyi bu arqument əsassızdır. Lakin o da nəzərə alınmalıdır ki, qeyd olunan arqumentin əsassızlığı digər arqumentin əsassız olmasına dəlalət edə bilməz. Məhkəmə tərəfindən SOCAR-a verilmiş sorğu nəticəsində müəyyən olundu ki, İddiaçı Etibar oğlunun istifadəsində olan torpaq sahəsi SOCAR-ın Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql edilən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərinin 38 metrliyində “Mühafizə Zonası” daxilində yerləşir. Bundan başqa həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm (dizel) neft boru kəməri keçir. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli Qərarının 2.7-ci bəndində əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. 1) boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 2) çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 3)Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Sübutlardan görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi boru kəmərlərinin 38 metr məsafəsində olduğundan, qanunverici norma iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə olan halda cavabdehin imtinası qanuni olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Xırdalan Bələdiyyəsinin 02 saylı 23 may 2013-ci il tarixli qərarı ilə ona ayrılmış və hazırda istifadəsində olan 0,0158 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Xırdalan Bələdiyyəsinin 02 saylı 23 may 2013-ci il tarixli qərarı ilə ona ayrılmış və hazırda istifadəsində olan 0,0158 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar