Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-790/2020 26.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1965-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Qarabağ müharibəsi başladıqdan sonra Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmək üçün xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N () saylı hərbi hissənin tərkibində atıcı kimi döyüşmüş, erməni qoşunları ilə müharibədə yaralanmışdır. Buna baxmayaraq, hazırkı vaxta kimi ona müharibə veteranı adı verilməmişdir. Füzuli rayonu Məhkəməsinin xx.xx.2018–ci il tarixli qətnaməsi ilə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Füzuli rayon ərazisində yerləşən N () saylı hərbi hissədə hərbi xidmətdə olmaqla, döyüş əməliyyatlarında iştirak etməyi faktı müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırma apaprarkən sağ qalan keçmiş döyüşçü yoldaşları X1 və X2 döyüşlərdə çiyin–çiyinə iştirak etməyi faktını şahid kimi təsdiq etmişlər. Veteranlıq vəsiqəsinin alınması üçün keçmiş illər ərzində Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, müraciətləri Müdafiə Nazirliyi təmin etməmiş, süründürməçiliklə üzləşmişdir. Veteranlıq adının verilməsi üçün sonuncu dəfə etdiyi müraciətə verilmiş xx.xx.2019-cu il tarixli cavabda göstərilmişdir ki, guya ki, hərbi hissəni qanuni əsaslarla tərk etməyi müəyyən deyildir və Füzuli rayonu Məhkəməsinin xx.xx.2018–ci il tarixli qətnaməsi ilə onlara hər hansı tapşırıq verilməmişdir. Hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. Belə ki, müharibədə bir gün də iştirak etmək onun iştirakçısı olmaq deməkdir. Digər tərəfdən o hərbi hissəni özbaşına tərk etməmiş və barəsində də məhkəmənin hökmü və ya aminissiya qərarı yoxdur. Təbii ki, əgər hərbi hissəni özbaşına tərk etmiş olsaydı barəsində cinayət işi başlanardı. O isə hərbi hissə komandirinin əmri ilə ehtiyata buraxılmış, həmin dövrdə komandirinin əmri müzakirə edilmirdi, əmr verildisə, icra edilməli idi. O müharibə veteranıdır, bu faktdır. Bununla bağlı cavabdehin hərəkətləri əsassızdır. Digər tərəfdən məhkəmənin nəzərinə çatdarır ki, hərbi hissəni özbaşına tərk etmiş olsaydı belə barəsində cinayət işi başlanılmadığı və ya aminissiya tətbiq edilmədiyi üçün ona müharibə veteranı vəsiqəsi verilməlidir Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-cı il tarixlı 216 N-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında“ Əsasnamənin 1–cı bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994– cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə döyuş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994–cu il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara · müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafızə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (arxiv arayışları və müvafiq hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri ilə birlikdə olduqda), şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Müdafiə nazirinin 06. 01. 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında" Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6–cı bəndindən görünür ki, müharibə veteranı adı və vəsiqəsinin alınması üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-cı il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı». və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənın 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazı butövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda döyüş əməliyyitların aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerlərini özbaşına tərk etməyə, fərariliyə və yə digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər. "Müharibə veteranı" adı verilə bilmez. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiacı döyüş əməliyyatları aparan dövrdə qanuni əsaslarla ordu sıralarından tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir . İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/M-14730 nömrəli imtina məktubu və H3 ******* nömrəli Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N () nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə əsaslı sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin məlumatlarında İddiaçı N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmri mərkəzi arxivə daxil olmadığından xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-790/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-790/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver