Məhkəmə qərarları › İş №2-1(118)-790/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-790/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-790/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X16 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metrdən ibarət torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evi 2003-cü ildən iddiaçının əmlak hüququ olmaqla onun istifadəsindədir. Qeyd edir ki, Xızı rayonu X10 22.10.1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 2005-ci il tarixdə ölmüş X11 həyat yoldaşı X12 tərəfindən 2003-cü ildə 550 ABŞ dollarına iddiaçının mərhum həyat yoldaşı X1. Qeyd edir ki, torpaq sahəsini alan zaman , Xızı rayonu X10 22.10.1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamədə X13 ata adı soyadı göstərilmədiyi üçün alqı-satqı rəsmiləşdirilə bilməmişdir. İddiaçı tərəfindən verilmiş ərizə əsasında sənətdə soyad və ata adı düzəldilmişdir. Mərhum həyat yoldaşı X20 rayonu, Xızı şəhəri C.Cabbarlı küçəsi ev 22 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini aldıqdan sonra ümumi sahəsi 163.04 kv. metr yaşayış sahəsi, 91,64 kv.m köməkçi sahədən, 71,40 kv.metrdən ibarət mənzil tikilmiş və həmin yaşayış evi Xızı rayon “xxxx” MMC tərəfindən fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli əsasında 08 aprel 2011-ci il tarixində yaşayış sahəsi 40621.0 manat köməkçi sahəsi 7500 manat ümumi dəyəri 48121.0 manat qiymətləndirilmişdir. Qeyd edir ki, X13 qızı X17 torpaq sahəsinin ona qaytarılması barədə aralarında mübahisə yarandığı üçün o torpaq sahəsini onun adıma qeydiyyatdan keçməsinə razılıq vermək üçün həayat yoldaşının müalicəsinə pula ehtiyacı olduğundan iddiaçıdan pul istəmiş və iddiaçı onun mübahisəsinə son qoymaq üçün X14 ümumilikdə 2000 manat pul verdiyi halda bir daha bu barədə mübahisəsinin olmayacağını demiş və iddiaçı onlarla olan ailəvi dostluq münasibətləri xatirinə ona 2000 manat pul vermişdir. Amma buna baxmayaraq X17 iddiaçıdan xəbərsiz notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsinin alınmasını istəmişdir. Lakin onun qardaşı X19 torpaq sahəsinin onlara məxsus olmadığını və torpaq sahəsini onun mərhum anası X4 aldığını və həmin torpaq sahəsi iddiaçıya məxsus olduğu üçün X19 notariusda vərəsəlik şəhadətnaməsinin açılmasına öz etirazını bildirmişdir.X5 Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət edərək torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmişdir. DƏDRX-nin nümayəndələri iddiaçının yaşadıqları evə gələrək ölçü işləri apararaq torpaq sahəsinin X14 məxsus olmasını təsdiq edən hər hansı bir sənəd olmadığından ona imtina cavabı vermişdirlər. X5 daha başqa yolu olmadığından o bir neçə dəfə iddiaçının yaşadığı evə gələrək evə qanunsuz müdaxilələr edirdi. 2019-cu ildə X9 iddiaçının yaşadığı mənzilə qanunsuz müdaxilələrinin qarşısını almaq üçün iddiaçı tərəfindən “X9 torpaq sahəsinə qanunsuz müdaxilələrinin qarşısının alınması və həmin torpaq səhəsinin adına rəsmiləşdirilməsinə cəhd etməsinin ona qadağan edilməsi və torpaq sahəsinin iddiaçının istifadəsində olmasının müəyyən edilməsi” barədə 3-cü şəxs qismində hazırki iş üzrə Cavabdeh göstərməklə Xızı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xızı rayon məhkəməsinin 2(068)-22/2019 saylı 08.04.2019- cu il tarixli qətnaməsi ilə iddia ərizəsini qismən təmin edərək iddiaçının 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv, metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinə qanunsuz müdaxilələr cavbabdeh X14 qadağan edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv, metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq onun istifadəsində olması müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. Xızı rayon məhkəməsi iddia ərizəsinin təmin edilməsini onunla əsaslandırmışdır ki məhkəmənin sorğusu əsasında Xızı rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin 22.11.2018-ci il tarixli 343 nömrəli arayışı ilə məhkəmənin sorğusuna cavablandıraraq göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən mənzil 2003-cü ildən iddiaçının istifadəsində olmaqla övladları ilə birlikdə həmin mənzildə yaşadığı və eyni zamanda qonşuları şahid kimi məhkəmə iclasına dəvət edərək qonşuların ifadəsi əsasında torpaq sahəsinin 2003-cü ildən iddiaçının aldığını və həmin torpaq sahəsi zibillik olduğu üçün onun istifadəyə yararsız olduğunu və həmin torpaq sahəsi tərəfindən abadlaşdırılaraq orada ev tikdiyini şahid ifadəsi ilə göstərmələri əsas olmuşdur. Qeyd edir ki, Xızı rayon məhkəməsinin 2(068)-22/2019 saylı 08.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv, metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrə son qoyulması, ünvan 2 ünvanında yerləşənümumi sahəsi 713,00 kv, metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən edilməsi barədə qətnaməsinə əsasən tərəfindən bir neçə dəfə Cavabdeh ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşənümumi sahəsi 713,00kv, metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin plan ölçü sxeminin tərtib edilməsi və hüquqlanmın qeyd edilməsinə dair daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsini xahiş etmiş, amma buna baxmayaraq cabadeh qurum iddiaçının müraciətlərini belə rəsmi cavablandırmamışdır. İddiaçı bir neçə dəfə cavabdeh quruma gedərək oradan rəsmi cavab verilməsini istəmişdir, lakin cavabdeh qurum məlum COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşları qəbul etmədiklərini və yaşadığı evə rəsmi məktub göndəriləcəyini bildirmiş, nəticədə onlara etdiyi müraciətə rəsmi cavab verilmədiyindən onların məktubunu almasına dair poçt bildirişi əsasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv, metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi onun faktiki istifadəsində olduğundan torpaq sahəsinə dair plan ölçü sxeminin və torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə hüquqların qeyd edilməsinə dair daşınmaz əmlakın dövlət reyesteri xidmətindən çıxarış verilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi - dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahım yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların xxxx və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşlann mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı X2 rayonu, Xızı şəhəri, C.Cabbarlı küçəsi, ev 22 ünvanında yerləşən 0.0713 ha torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 07 oktyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq X8 bildirilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bununla yanaşı həmin şəxs tərəfindən qanunvericiliyin tələblərinə cavab verən müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra müraciətinə qanunauyğun qaydada baxılacağı X8 bildirilmiş və bu barədə ona 28 oktyabr 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Xızı rayon Məhkəməsinin 2(068)-22/2019 saylı, 08 aprel 2019-cu il tarixli Qətnaməsinə ilə iddiaçı X6 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.metr olan fərdi yaşayış evinə qanunsuz müdaxilələr cavabdeh X7 qadağan edilmiş, həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.metr olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümünlüyü ilə bağlı məhkəmə qeyd edir ki idia öhəliyin icrasıdır, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təmin olunmamış, mübahisəli əmlakla bağlı məhkəmə qərarı mövcud olmuş, iddiaçının subyektiv hüququ vardır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, X8 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim edilmədiyin müraciətini təmin etmək mümkün olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Xızı rayon Məhkəməsinin 2(068)- 22/2019 saylı, 08 aprel 2019-cu il tarixli Qətnaməsinə əsasən iddiaçı X6 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.metr olan fərdi yaşayış evinə qanunsuz müdaxilələr cavabdeh X7 qadağan edilmiş, həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.metr olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Belə ki, Xızı rayon Məhkəməsinin 2(068)-22/2019 saylı, 08 aprel 2019-cu il tarixli Qətnaməsi ilə iddiaçının daimi yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metrdən ibarət torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.metr olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən edilsədə həmin məhkəmə qərarı ilə iddiaçın torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamış, cavabdeh inzibati orqanın üzərinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmamışdır. İdddiaçı mülkiyyət hüququnun qeydə qlınması üçün hər hansı əsası cavabdeh inzibati orqana təqdim etməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarı ilə təsdiq edilmiş iddiaçının müəyyən hüquqları olsa da, hazırkı mərhələdə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqan yaranmış hüquqların təqdim edilən sənədlər əsasında dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərin mülkiyyət hüququnun qeydiyyat əsası olmasını müəyyən edən hər hansı bir norma mövcud olmadığına görə, cavabdeh inzibati orqanın imtina əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə etmək hüququ istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar