Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-791/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi fərdi yaşayış evində yşayan), Cavabdehin nümayəndəsi X1 (ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, M.Seyidov küçəsi, ev 18, mənzil 51-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddiaçının Qubadlı rayonu Mədəniyyət və Turizm şöbəsinin Qubadlı rayon Başarat kənd klubunda 1981-1984-cü illərdə işlədiyi müddətin sosial siğorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd olunan Qubadlı rayonu, Mədəniyyət və Turizm şöbəsinin Qubadlı rayonu, Başarat kənd klubunda 1981- 1984-cü illərdə işlədiyi dövrün sosial siğorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1959-cu ildə Qubadlı rayonu Başarat kəndində anadan olmuşdur. 03 mart 1981-cı il tarixdən 08 dekabr 1994-cü il tarixə qədər Qubadlı rayonu Mədəniyyət və Turizm şöbəsinin Qubadlı rayon Başarat kənd klubunda xadimə işləmişdir. Qubadlı rayonunun işğalından sonra da Qubadlı rayonu Mədəniyyət və Turizm şöbəsində öz fəaliyyətini davam etdirmiş, yeni əmək kitabçası almışdır. Eyni idarədə işlədiyi üçün hal-hazırda onda olan əmək kitabçasında da əvvəllər işləməsi barədə qeydlər yazılmışdır, lakin əmrin nömrələrinin dəqiq olaraq göstərilməsi mümkün olmamışdır. Belə ki, əvvəlki əmək kitabçası işğal zonasında iş yerində qalmışdır, həmin dövrlərə aid sənədlər isə arxiv idarəsinə verilməmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müeaciət etmişdir, lakin cavabdeh 25 yanvar 2021-ci il tarixli məktubu ilə imtina cavabı verərək 25 il sığorta stajı yaranmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yasına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı 62 yaşı 10.01.2021-ci il tarixdə tamam olsa da, onun həmin tarixə azı 25 il sosial sığorta stajının yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Qeyd edilməli əsas məqam ondan ibarətdir ki, İddiaçı 1981 - 1994-cü illər ərzində Qubadlı rayon Başarat kənd klubunda xadimə vəzifəsində işlədiyini ona məxsus olan əmək kitabçası ilə iddia edir. Lakin qeyd edilməlidir ki, iddiaçının sözügedən illər ərzində işlədiyi müəssisə işğal zonasında yerləşir. Belə olan halda əmək kitabçası olmadığı hallarda həmin illər hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməlidir və buna müvafiq olaraq əmək kitabçasına sonradan qeydlər aparılmalıdır. Lakin iddiaçının işlədiyini iddia etdiyi Qubadlı rayon Başarat kənd klubunda 1981 - 1994-cü illərə dair arxivdə hər hansı məlumat aşkar edilməmişdir. Diqqəti çəkən əsas məqam iddiaçının əmək kitabçasındakı qeydlərdir. Belə ki, həmin dövrlər arxiv arayışında qeyd edilmədən, hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilmədən 08 dekabr 1994-cü il tarixli protokola əsasən əmək kitabçasında qeyd edildiyi müəyyən edilmişdir. Belə olan halda sözügedən illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə müvafiq olaraq ziddir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - İddiaçı məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. - İddiaçının adına açılmış 06.01.2006-cı il tarixli ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 03.03.1981-ci il tarixdən 08 dekabr 1994-cü ilədək Qubadlı rayonu Başarat kənd klubunda xadimə işləmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli 5 saylı arayışından görünür ki, Qubadlı rayon Başarat kənd klubundan Qubadlı rayon Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd arxiv təhvil verilməmişdir. - Qubadlı rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(028)-106/2021 saylı qərarddından görünür ki, ərizəçi İddiaçı 03.031981-ci ildən 08.12.1994-cü ilədək Qubadlı rayon Başarat kənd klubunda işləməyi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarımışdır. - DSMF-nin 1 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 25.01.2021-ci il tarixli, ********** saylı imtina məktubundan görünür ki, iddiaçının tələb olunan 25 illik sosial sığorta stajı yaranmadığında müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Qubadlı rayon dövlət arxivi tərəfindən verilmiş tərəfindən göndərilmiş 01.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, Qubadlı rayon Başarat kənd klubunun arxiv materialları və həmçinin Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsinin 2018-ci ilə dair arxiv materialları Qubadlı rayon Dövlət Arxivinə dövlət mühafizəsinə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən göndərilmiş əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı 2006-2013-cü illər və 01.01.2014-cü il tarixdən 29.06.2018-ci il tarixədək Qubadlı rayon Başarat kənd klubundan xadimə işləmiş və dondurulmuş əmək haqqı almışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 03 mart 1981-ci il tarixdə işə qəbul edilməsi və həmin dövr üzrə əmək haqqı cədvəlləri barədə heç bir məlumat yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. İddiaçı 1981-1994-cü illərdə Qubadlı rayon Başarat kənd klubunda xadimə işləməsini təsdiq edən sübut kimi 06.01.2006-cı il tarixdə açılmış əmək kitabçasını təqdim etmişdir. Həmin əmək kitabçasında aparaılan qeydlərdən görünür ki, ilk qeyd 1979-cu il kimi yazılıb, üstündən xət çəkilib, daha sonra İddiaçı 03.03.1984-ci ildə işə qəbul edilməsi barədə əmr qeyd edilmişdir. Qeydin aparılması üçün əsas kimi 08 dekabr 1994-cü il tarixli, 01 saylı əmr, 1994-cü ilə aid 03 saylı protokol göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinin tələbinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Məhkəmə hesab edir ki, iddiaçının 03.03.1981-ci il tarixdə işə qəbul edilməsinə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Belə ki, bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutların təqdim edilməsi zəruri olmuşdur. Lakin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1981-1994-cü illərdə Qubadlı rayon Başarat kənd klubunda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-791/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-791/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver