Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-792/2022 14.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X3, X5, Mançarova Turuza Salman qızının onun - İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 27 saylı evin, 41 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X3, X5, Mançarova Turuza Salman qızının onun-İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 27 saylı evin, 41 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27, 41 saylı mənzil xx.xx.2012-ci il tarixdən onun - İddiaçı mülkiyyətindədir. (DƏDRX-də qeydiyyata alınmış Seriya MA ******* saylı xx.xx.2012-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surəti əlavə edilir). Həmin mənzil atası X6 tərəfindən order əsasında onun adına rəsmiləşdirilmişdir. Hal-hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2016-cı ilin iyul ayında ərizə ilə müraciət edərək yoldaşının xalası X3, xalası oğlu X5 və xalası qızı Mançarova Turuza Salman qızını mülkiyyətində olan mənzilinə müvəqqəti olaraq qeydiyyata salmışdır. Onlar Azərbaycan vətəndaşı olaraq Ukrayna Respublikasında məskunlaşmışdılar. Ümumvətəndaş pasportlarının vaxtı bitdiyindən Azərbaycan Respublikasına qayıtmışlar, bir qohum kimi onları öz evinə qeydiyyata saldırmışdır. Onun, yəni mülkiyyətçi İddiaçı “Asan-Sumqayıt" Mərkəzinin Qeydiyyat və X4 ərizəsi əsasında qeydiyyata alınmışdır. X3 xx.xx.2016-cı il tarixdə (Asan-Sumqayıt), X5 xx.xx.2016-ci il tarixdə (Asan-Sumqayıt), Mançarova Turuza Salman qızı xx.xx.2016-ci il tarixdə (Asan-Sumqayıt) onun mülkiyyətində olan mənzilə qeydiyyatdadırlar. Həmin şəxslər xx.xx.2017-ci ildən həmin mənzildə yaşamırlar. Bundan başqa, X3, X5, Mançarova Turuza Salman qızı həmin yaşayış sahəsində 2017-ci ilin dekabr ayından sonra yaşamırlar. Ona görə də, hesab edir ki, X3, X5, Mançarova Turuza Salman qızının qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin bu günə qədər X3, X5, Mançarova Turuza Salman qızı qeydiyyatdan çıxmamışdırlar. Nəticədə o, uzun illərdir ki, onların əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bunun nəticəsində isə onun mülkiyyət hüququ pozulur. Hazırkı ərizəyə əlavə edilən X1, X2, Mançarova Turuza Salman qızının şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi, cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı tərəfindən üçüncü şəxsin iddiaçının mülkiyyətində olan həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla Sumqayıt Şəhər Qeydiyyat və X4 müraciət edilmiş, lakin cavabdehin xx.xx.2021ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı münasibətində məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqları bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçünücü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh nümayəndəsi və üçüncüşəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, X3, X5, Mançarova Turuza Salman qızı ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildə qeydiyyatdadırlar. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyət üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X3, X5, Mançarova Turuza Salman qızı da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər X1, X2, Mançarova Turuza Salman qızının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1, X2, Mançarova Turuza Salman qızının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-792/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-792/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver