Məhkəmə qərarları › İş №2-1(118)-792/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-792/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-792/2025 15.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin rəhbəri X1 iştirakı ilə, İddiaçı "xxxx" Müstəqil Teleradio Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirşdə yol verilmiş texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şirkətin xx.xx.2001-ci il tarixli 09 saylı əmri ilə X4 şirkətə Texniki Təchizat Departamentinə direktor vəzifəsinə təyin edilmişdir. Lakin sonradan həmin işçinin səhənkarlığı, vəzifəsinə etinasız yanaşması, əmək funksiyalarını yerinə yetirməməsi aşkar edilmişdir. Bununla o, əmək intizamını və şirkətin nomal iş ahəngini pozmuşdur. Bununla bağlı xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş və o, şirkətin xx.xx.2020-ci il tarixli 3 saylı əmri ilə işdən azad edilmişdir. Yuxarıda qeyd olunan aktla, həmçinin işçinin əmək kitabçasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi göstərilməsinə baxmayaraq “Əmək və Məşğulluq” altsistemində işçinin azad olunma səbəbi kimi səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsi qeyd edilmişdir. Bununla bağlı iddiaçı yol verilmiş səhvin düzəldilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir.Cavabdehlərin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri yalnız işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilə bilər. Belə olan halda, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddia inzibati məhkəməyə verilmişdir. Cavabdeh Xidmət tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Belə ki, qoyulan tələbin həlli cavabdehin səlahiyyətləri çərçivəsinə daxil deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-5/2-53364/2023 nömrəli imtina məktubu, şirkətin nizamnaməsinin surəti, etiraz ərizəsi, əmrin surəti, işçinin əmək kitabçasının surəti, və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, iddiaçı işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin c yarım bəndinə əsasən 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə 01 oktyabr 2020-ci il tarixli 03 nömrəli Əmr verilmişdir. İşçiyə məxsus olan əmək kitabçasında eyni əsaslarla əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması, habelə buna dair əmr haqqında məlumatlar qeyd edilmişdir.İddiaçı işçinin işdən azad olunması əsasının “Əmək və məşğulluq” altsistemində texniki səhv olaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin qeyd edildiyini, onun tərəfindən verilmiş əmr, işçiyə məxsus əmək kitabçasında olan qeydlə müvafiq altsistem məlumatında uyğunsuzluq yarandığını, texniki cəhətdən onun tərəfindən bu uyğunsuzluğun aradan qaldırılmasının mümükün olmaması halına istinad edərək, cavabdeh inzibati orqana bununla bağlı müraciət etmiş, müraciətindən imtina olunduğundan hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan imtina və etirazını onunla əsaslandırır ki, əmək müqaviləsi bildirişini elektron altsisteminə elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifəsidir,bildirişdə xitam maddəsinin dəyişdirilməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamnəsinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək;..... Əsasnaməyə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: -4.1.1. işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək... Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi sadalanmışdır; Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Həmin məcəllənin 68-ci maddəsinə görə Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin məcəllənin 70-ci maddəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;..... 83-cü maddəyə əsasən Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.... 85-ci maddəyə Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları 1. Bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 1-1. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir..... 87-ci maddəyə görə işçilərin əmək fəaliyyəti haqqında məlumatlar 1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 3. İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir..... İstinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, işçi barəsində əmək müqaviləsinin xitamı barədə bildirişi elektron imza vasitəsilə müvafiq altsistem məlumatına daxil etmək işəgötürənin vəzifəsidir. Həmçinin, əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi kimi məsələlərə dövlət nəzarətini həyata keçirtmək məhz cavabdeh inzibati orqanın vəzifəsi kimi müəyyən edilmiş, habelə həmin vəzifənin icrası ilə bağlı öz səlahiyyətləri daxilində göstərişlər vermək, qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarət etmək hüquqları vardır. Göründüyü kimi, istinad edilən qanunvericilik normasının tələbinə əsasən əmək müqaviləsinin bağlanılması, dəyişdirilməsi və xitamı ilə bağlı işəgötürən tərəfindən müvafiq altsistemə yerləşdirilmiş elektron sistem məlumatlarına nəzarəti məhz cavabdeh inzibati orqan tərəfindən həyata keçirilir. Mübahisənin xarakterinin məhz elektron sistem məlumatlarında yol verilmiş texniki yalnışlıqdan irəli gəldiyindən, yəni inzibati orqanın hərəkətləri ucbatından baş verdiyindən hesab olunur ki, iddia tələbinə inzibati məhkəmə icraatın çərçivəsində baxılmalıdır.Belə ki, təqdim edilən işəgötürənin xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmrindən və işçiyə aid Əmək kitabçasının surətindən görünür ki, işçi Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Təqdim edilən sübutlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məlumatlar düzgün təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən səlahiyyətləri çərçivəsində müvafiq yanlışlığın aradan qaldırılması təmin edilmir. Məhkəmə hesab edir ki, qeyd edilən halın texniki yanlışlıq kimi ortaya çıxması və bu yalnışlığın aradan qaldırılmasının texniki olaraq buna nəzarət edən cavabdeh inzibati orqanın səlahiyyətinə aid olduğundan, müvafiq öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4 barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə yol verilmiş texniki səhvin düzəldilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar