Məhkəmə qərarları › İş №2-1(118)-793/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-793/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-793/2023 26.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı “onun yetkinlik yaşına çatmayan övladları - İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ilə birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İlkin olaraq İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, dalan 1-də yerləşən 1 saylı evə qeydiyyata alınmaqları öhdəliyinin Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar ünvan 3 ünvanında pasport qeydiyyatına alınmışlar. Lakin uzun müddət idi ki, faktiki olaraq öz şəxsi əmlakları olan ünvan 4 də yaşayırlar. Onlar üzərində ev inşa edilmiş torpaq sahəsini xx.xx.2019-cu il tarixdə X1 adlı xanımdan almışlar. Həmin evin heç bir sənədi olmadığı üçün onlar evə qeydiyyata alına bilmirlər. ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarıldıqdan sonra yaşadıqları ərazi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən onlara xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda qüvvədə olan qanunvericiliyin, o cümlədən Nazirliyin normativ-hüquqi aktlarının tələblərinə əsasən yaşayış yeri olmayan şəxs olmaqları təsdiqini tapmamış, bu səbəbdən müvafiq qeydiyyatın təmin edilməsi mümkün olmamışdır deyə bildirilmişdir. Hazırda heç bir yerdə qeydiyyatda deyillər. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1141 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda onların faktiki olaraq ünvan 4 ünvanında yaşadıqları göstərilir. Övladları – 2006-cı il təvəllüdlü İddiaçı3, 2008-ci il təvəllüdlü İddiaçı4, 2010-cu il təvəllüdlü İddiaçı5 və 2012-ci il təvəllüdlü İddiaçı6 məktəblidir. Onların pasport qeydiyyatları olmadığı üçün müxtəlif çətinliklərlə üzləşirlər. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 (vəfat etdiyi üçün) münasibətdə icraata xitam verilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 26 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək onun yetkinlik yaşına çatmayan övladları - İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ilə birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına və nümayəndəsinin iştirakının təmin ediləcəyini bildirməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • İşdə olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı1 aşağıdakı ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, dalan 1-də yerləşən 1 saylı evdə qeydiyyatsız yaşayırlar: 1971-ci il təvəllüdlü İddiaçı2 (xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, sistemdən çıxarış əlavə edildi), 2006-cı il təvəllüdlü İddiaçı3, 2008-ci il təvəllüdlü İddiaçı4, 2010-cu il təvəllüdlü İddiaçı5 və 2012-ci il təvəllüdlü İddiaçı6. • İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2006-cı il İddiaçı3, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı5 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı6 Bakı şəhəri, Ə.Salamzadə küçəsindəki inzibati binada qeydiyyatda olmuşlar.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı azyaşlı övladları ilə birlikdə uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, dalan 1-də yerləşən 1 saylı evdə qeydiyyatsız yaşayırlar. Hazırki iş üzrə İddiaçı1 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə cavabdehin inzibati binasına qeydiyyata alınmaqla bağlı müraciət etsə də onun ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal hazırkı iş üzrə İddiaçı1 münasibətdə mövcuddur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilən imtina məktubunda iddiaçıya yaşayış yeri olmayan şəxs olması təsdiqini tapmadığından müvafiq qeydiyyatı təmin edilməmişdir. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi). Beləliklə, isitinad olunanlardan müəyyən olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra - şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Məhkəmə hesab edir ki, nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı qüvvədədir və iddiaçının azyaşlı övladları ilə birlikdə qeydiyyata alınmaq üçün başqa yaşayış yeri yoxdur, cavabdehin onu inzibati binaya qeydiyyata almaqdan imtinası qanunsuz olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Belə ki, xx.xx.2006-cı il İddiaçı3, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı5 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı6 yetkinlik yaşına çatmayan şəxslərdir. Onların valideyni İddiaçı1 cavabdeh orqanın inzibati binasına qeydiyyata alınması təmin edildiyindən yetkinlik yaşına çatmayan uşaqların da qeydiyyatı Abşeron rayon Polis İdarəsinin inzibati binası kimi qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1 -ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı1 yetkinlik yaşına çatmayan övladları - İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ilə birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar