Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7939/2025 13.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 29 dekabr 2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 500 manat məbləğində Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına ödəniş köçürmüşdür.
2. Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 0,08 ha torpaq sahəsinin yerquruluşu planı (miqyas 1:10000)
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş məktubunda bildirilir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin surətinin ərizəyə əlavə olunmadığı, həmçinin təqdim edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq ərizənin icrasından imtina olunmuşdur.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Abşeron Rayon Dövlət Arxivinin 25 noyabr 2025-ci il tarixli, 3-48-RA/2-1397/2025 nömrəli məktubunda bildirilir ki, sorğuda araşdırılması tələb olunan Qobu bələdiyyəsinin qərarı barədə qərar nömrəsi və dəqiq tarix (il, ay, gün) qeyd edilmədiyindən hər hansı məlumat verilməsi imkan xaricindədir.
5. Azərbaycan Respublikasının Abşeron rayon Qobu bələdiyyəsinin 581 nömrəli, 18 dekabr 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair 2007-ci il tarixli qərarın və həmin qəardan irəli gələn torpaq ayırma sənədlərinin Abşeron rayon Dövlət Arxivinə təhvil verilməsi, həmçinin sorğuya sənədlərin tam əlavə edilməməsi ilə əlaqədar qərarın qüvvədə olub-olmaması barədə məlumatları təqdim etmək mümkün olmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Qobu bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarına (§1-2) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon Qobu bələdiyyəsindən 2007-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsini dəyərini ödədikdən sonra almış və həmin tarixdən torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina verilmişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 33.1, 33.2, 45, 46-cı maddələrinə istinad edilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. Məhkəmənin 23 dekabr 2025-ci il tarixli, 2-1(118)-7939/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh orqan iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda (§3) göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 8, 9, 15-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
14. Məhkəmə iclsında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
17. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
22. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: (-) hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (-)
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
26. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
28. İddiaçı tələbinin əsası kimi bildirir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2007-ci il tarixli qərarı ilə ona Abşeron rayonu Qobu qəsəbəsi ərazisindən 0,08 ha torpaq sahəsi satılmış, həmin vaxtdan iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Buna baxmayaraq, cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir.
29. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin surətinin ərizəyə əlavə olunmadığı, təqdim edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir.
30. Məhkəmə hər iki tərəfin istinad etdiyi halları, həmçinin qeyd olunmuş uyğunsuzları araşdırmaq məqsədi ilə müvafiq sorğular ünvanlamış, həmin sorğulara cavab olaraq Abşeron Rayon Dövlət Arxivi və Qobu bələdiyyəsi tərəfindən hüquq müəyyənedici sənədlərin, qərar barədə dəqiq məlumatın (ay, gün) mövcud olmadığından, iddiaçıya torpaq sahəsinin ayrılıb-ayrılmamasına dair məlumatın verilməsi mümkün olmamışdır.
31. Yuxarıda istinad edilmiş qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir.
32. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)-1533/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır.
33. Buna baxmayaraq, iddiaçı hazırkı tələb ilə müraciət edərək, hər hansı bələdiyyə qərarına istinad etməmiş, yalnız 2007-ci ildə tərtib edilmiş ödəniş qəbzi və yerquruluşu planından çıxarışa əsaslanaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını iddia edir.
34. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
35. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
36. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxıldığından, hazırkı iddia tələbi təmin oluna bilməz.
37. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova