Məhkəmə qərarları › İş №2-1(118)-7968/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7968/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7968/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 publik hüquqi şəxsinin Cavabdeh qarşı “işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1259,50 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 29 dekabr 2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir.X1 və Təyinat filialı tərəfindən Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən 1 yanvar 2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 1259,50 manat vəsait nağdsız qaydada ödənilmişdir.Bildirilir ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır.Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir.Məlumat üçün bildirilir ki, vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür.Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 28 sentyabr 2023cü il tarixli 3-17-2/3-3-616/2023 nömrəli Qərarla cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır.Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 yanvar 2023-cü il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir.Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu, halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 8 iyul 2023-cü il tarixli 3-17-2/2-B-45846/2023 nömrəli və 17 oktyabr 2023-cü il tarixli 3-17-2/2-B- 63600/2023 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır.Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir.Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1 -ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materialları məhkəməyə təqdim edilmişdir: Cavabdehə göndərilmiş pretenziya bildirişlərin surəti, poçt qəbzinin surəti, xx.xx.2023-cü il tarixli, 3-17-2/3-2162/2023 nömrəli əmrin surəti, xx.xx.2023-cü il tarixli, 3-17-2/3-3-616/2023 nömrəli qərarın surəti, daşınmaz əmlakın dövlət reystrindən verilmiş elektron çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia əmlak tələbləri ilə bağlı iddiadır,iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən olunmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmrlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ərizə ilə müraciət edərək, ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmiş, X1 və Təyinat filialı tərəfindən qəbul edilən əmrlə ona “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2 və 5.5.7-ci maddələrinə əsasən 01 noyabr 2022-ci il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə nağdsız qaydada 1259,50 manat pul vəsaiti ödənilmiş, təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması barədə Agentliyə məlumat verməmiş, bununla əlaqədar təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və xx.xx.2023-cü il tarixli, 3-17-2/3-3-616/2023 nömrəli qərarla cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır.Cavabdehə xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş 1259,50 manat pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi onun tərəfindən icra edilməmişdir. Elektron reyestr məlumatlarından görünür ki, Cavabdeh mülkiyyətində 0.275 ha və 0. 24 ha torpaq sahələri vardır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən işdə olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlardan göründüyü kimi, cavabdeh ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olmaqla məşğul şəxs olmuşdur. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.1.3-cü bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılması barədə müraciət edərkən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verməmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının müvafiq qərarla ona işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.7-ci bəndinə əsasən sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda sığorta ödənişinin verilməsi dayandırılır. Göründüyü kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.1 -ci maddəsində nəzərdə tutulan (sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifəsinə aid edilmişdir;) öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi, yəni mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi halı baş vermişdir. “İşsizlikdən sığorta haqqında” Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən “İşsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd olunduğu kimi, Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə müvafiq olaraq 1259,50 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada onun kart hesabına köçürülmüş, cavabdehə xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş 1259,50 manat pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi Cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1259,50 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1259,50 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar