Məhkəmə qərarları › İş №2-1(118)-80/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-80/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-80/2021 29.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X10, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X13 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0,02 ha torpaq sahəsinə X13 adına tərtib edilmiş **********70 reyestr nömrəli, 25.12.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü”nün etibarsız hesab edilməsi və bunun əsasında verilmiş seriya RX №1220216 saylı 26.12.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. X13 və Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Xaçmaz rayon Şollar Bələdiyyəsinin qərarı ilə 0,10 ha torpaq sahəsi əldə etmişdir. Həmin sahədə ev tikmişdir və orada yaşayır. 2006-cı ildə həyətyanı sahəsinin yanında istifadəsiz olan 0,02 ha torpaq sahəsinin də ona satılması barədə bələdiyyəyə müraciət etmiş və Şollar Bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli 22 saylı qərarı ilə həmin 0,02 ha torpaq sahəsi iddiaçıya satılmışdır. 05 fevral 2018-ci il tarixdə iddiaçı cavabdehə müraciət edərək aldığı torpağa dair çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə bildirilmişdir ki, ona məxsus torpağa dair başqa şəxsin adına çıxarış verilmişdir. İddiaçı bələdiyyə qərarının, plan-ölçünün və çıxarışın etibarsız hesab edilməsi barədə Xaçmaz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(067)-56/2019 saylı 25 aprel 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər X6 və qeyrilərinə qarşı qərarın, alqı-satqı aktının, çıxarışın etirabrsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İş üzrə icraata xitam verilməsinin səbəbi kimi qərardadda göstərilmişdir ki, Bələdiyyə inzibati orqan olduğu üçün bu barədə iddia İnzibati iqtisadi məhkəməyə verilməlidir. Onu da qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş çoxsaylı ekspertizaların nəticəsi olaraq AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-tədqiqat İdarəsinin Rəisi Aydın İbadovun və İlkin Abduləzimovun imzaladığı Mütəxəssis rəyindən də görünür ki, Xaçmaz rayon Şollar Bələdiyysi tərəfindən 28.09.2006-cı il tarixli 22 saylı qərarı ilə iddiaçıya satlımış 200 kv.metr torpaq sahəsi X6 DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaqla üst-üstə düşür, Həkimov Zahid Vahid oğluna Şollar Bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə satlmış 200 kv.metr torpaq sahəsi DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür və iddiaçıya satılmış torpaq sahəsi Z.Həkimov tərəfindən bütövlükdə istifadə edilir və orada fərdi yaşayış evi üçün nəzərdə tutulmuş tikili vardır. Bu rəydən görünür ki, X12 tərəfindən satılmış torpaq sahəsi iddiaçının torpaq sahəsi deyil, ona başqa torpaq sahəsi satılmışdır. Məhkəmə zamanı alınmış digər ekspert rəyində də göstərilmişdir ki, Z.Həkimova satılmış torpaq sahəsi başqa torpaq sahəsidir və həmin torpaq sahəsi iddiaçıya satılmış torpağın cənub istiqamətində yerləşir. Bütün bunlardan aydın olur ki, hazırda cavabdeh tərəfindən Z.Həkimova verilmiş plan-ölçü düzgün olmamışdır, ona satılmış torpağa yox, iddiaçının torpağına onun adına plan-ölçü verilmişdir. Bu yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Mövcud sənədləri və mütəxəssis və ekspertiza rəylərini, eləcə də Bələdiyyə tərəfindən verilmiş eskiz və aktları nəzərə alaraq cavabdeh tərəfindən X5 adına tərbi edilmiş plan-ölçüsü etibarsız hesab edilməli və bunun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil X15 iştirak etmişlər, iddia ərizəsinə uyğun izahat vermiş və ekspert rəyinədə istinad edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Üçüncü şəxs X5 mübahisə predmeti olan torpaq sahəsində ev tikərək yaşamaları ilə bağlı dəlilinə münasibətdə isə bildirmişlər ki, həmin ev tikilən vaxt tikintinin aparmaması, özlərinə aid sahədə aparmaları ilə bağlı xəbərdarlıq etmişlər. Cavabdeh etirazında qeyd edir ki, iddia ərizəsində qeyd edilən İddiaçı adına Xaçmaz rayonu, Şollar kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair **********70 reyestr nömrəli, 25.12.2017-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” və RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Xaçmaz rayonu, Şollar bələdiyyəsinin 29.06.2007-ci il tarixli, 33 saylı 0.02 ha torpaq sahəsinin ayrılmasına dair qərarı əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci “maddəsinə əsasən “qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar” Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, İddiaçı adına Xaçmaz rayonu, Şollar kəndində 0.02 ha torpaq sahəsinə dair **********70 reyestr nömrəli, 25.12.2017-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” və RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X13 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şollar bələdiyyənin 29.06.2007-ci il tarixli 33 saylı qərarı ilə X7 200 kv.metr torpaq sahəsi satılmış, 2007-ci ildən etibarən ötən 13 il ərzində həmin torpaq sahəsinə heç bir mübahisə olmadan sahiblik etmiş və orada yaşayış evi tikərək ailəsi ilə birikdə yaşayırlar. Həmin torpaq sahəsi İddiaçı ayrılmış torpaq sahəsi olmuş olsaydı, o, ötən 13 il ərzində torpağın onun qanunsuz sahibliyindən geri alınması barədə müvafiq iddia qaldırardı və qanuna müvafiq qaydada torpağı geri alardı. Digər tərəfdən həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X7 mülkiyyət sənədi, çıxarış verilməzdi. İddiaçı bələdiyyənin qərarı əsasında həyətyanı torpaq sahəsində normadan artıq olan 200 kv.metr torpaq sahəsi satılmışdır və həmin toıpaq sahəsi də daxil olmaqla həyətyanı torpaq sahəsini 13-14 il bundan qabaq hasara alaraq istifadə edir. İddiçı İddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X13 və onun vəkili Vəkil iştirak etmiş, ekspert rəyinin nəzərə alınmamasını, torpaq sahəsində faktiki olaraq ev tikilib yaşadıqlarını və iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Üçüncü şəxs Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsi məhkəmənin sorğusuna cavab məktubunda bildirmişdir ki, Şollar bələdiyyəsi 2014 cü ildə Susayqışlaq bələdiyyəsinə birləşdirilmişdir. 2004-cü ildə Şollar bələdiyyəsinin qərarı ilə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. Daha sonra Şollar bələdiyyəsinin 28 sentyabr 2006- ci il tarixli 22 saylı qərarı ilə ərizəsində qeyd etdiyi kimi həyətində artıq olan 0,02 ha torpaq sahəsi ona satılmışdır. X6 Xaçmaz Rayonu Şollar bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə İddiaçı evinin yanında olan 0,02 ha torpaq sahəsi fərdi mənzil tikintisi üçün satılmışdır və o, müvafiq orqanlardan çıxarış almışdır. Bu iş üzrə İddiaçı Xaçmaz Rayon Məhkəməsinə, Sumqayıt Apelyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət etmişdir.Həmin məhkəmə orqanları İddiaçı əleyhinə qərar qəbul etmişlər. Üçüncü şəxs Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia öhdəliyin icrası barədə iddiadır, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Üçüncü şəxs X5 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrası barədə iddia olduğuna və bu iddialara iddia müddəti tətbiq edilmədiyi görə iddia müddətinin tətbiqi barədə ərizə əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. İddianın mahiyyəti ondan ibarətdir ki, İddiaçı mülkiyyətində Torpağın mülkiyyətə verilməsinə dair 294A nömrəli KOD 30222048 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik ərazidən Xaçmaz rayon Şollar Bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli 22 saylı Qərarına əsasən İddiaçı 200 kv.m torpaq sahəsi satılmasına icazə verilmiş, 07 oktyabr 2006-cı il tarixdə alqı-satqı aktı tərtib edilmişdir. Eyni zamanda ayrılmış torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmişdir. Həmçinin Xaçmaz rayon Şollar Bələdiyyəsinin 29.06.2007-ci il tarixli 33 nömrəli Qərarı ilə X2 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Lakin ayrılmış torpaq sahəsinin çigiləri mövcud deyil. RX seriyalı, ******* saylı, 26.12.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X11 adına dövlət qeydiyyatına alınmışdır, hansıkı mübahisə predmetini təşkil edir. İddiaçının dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsə müvafiq ilkin torpaqayırma sənədləri olmadığı halda qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə mülkiyyət sənədləri verilmişdir. Üçüncü şəxs məhkəmə icraatına cəlb edilmiş Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsi Məhkəmənin 19 may 2020-ci il tarixli sorğusuna cavab məktubunda bildirmişdir ki, Şollar bələdiyyəsi 2014 cü ildə Susayqışlaq bələdiyyəsinə birləşdirilmişdir. 2004-cü ildə Şollar bələdiyyəsinin qərarı ilə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. Daha sonra Şollar bələdiyyəsinin 28 sentyabr 2006- ci il tarixli 22 saylı qərarı ilə ərizəsində qeyd etdiyi kimi həyətində artıq olan 0,02 ha torpaq sahəsi ona satılmışdır. X6 Xaçmaz Rayonu Şollar bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə İddiaçı evinin yanında olan 0,02 ha torpaq sahəsi fərdi mənzil tikintisi üçün satılmışdır və o, müvafiq orqanlardan çıxarış almışdır. Üçüncü şəxs X8 eyni dəlilləri irəli sürmüş, lakin X6 ayrılmış torpaq sahəsinin çizgisi və təhkim aktı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxslərin dəlilləridə nəzərə alınaraq müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. İddiaçı adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN 294 A nönrəli KOD 30222048 nömrəli Şəhadətnamədə qeyd olunan koordinatlar faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğundurmu?

2. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN 294 A nönrəli KOD 30222048 nömrəli Şəhadətnamədə üzrə faktiki istifadəsində olan torpaq sahəsi nə qədər təkil edir?

3. Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı 11 tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN 294 A nönrəli KOD 30222048 nömrəli Şəhadətnamədə qeyd olunan ərazinin daxilindədirmi?

4. Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı 11 tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi və X6 Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.metr torpaq sahəsi üst-üstə düşürmü, düşürsə hansı hissədə düşür?

5. X5 yşayış evi inşa etdiyi torpaq sahəsi Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı 11 tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsində yoxsa X6 Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.metr torpaq sahəsində inşa edilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1905 saylı, 02 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 30 mart 2021-ci il tarixli, C-23 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı verilmiş Torpağın mülkiyyətə verilməsinə dair 294A nömrəli KOD 30222048 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur və həmin torpaq sahəsi faktiki 0,1055 ha təşkil edir; Mütəxəssis rəyinə əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı il te 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-294A nömrəli KOD 30222048 nömrəli Şəhadətnamədə qeyd olunan ərazinin daxilində yerləşmir; Mütəxəssis rəyinə əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi ilə X6 Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.metr torpaq sahəsi üst-üstə düşmür; Mütəxəssis rəyinə əsasən, X5 faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş tikili Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı il tarixli 22 saylı Qərarı ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsində yerləşir. Eyni zamanda mütəxəssis rəyində qeyd olunur ki, Şollar Bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı Qərarı ilə X1 200 kv.m torpaq sahəsinin baş planından çıxarışda göstərilmiş torpaq sahəsinin cizgiləri mübahisə predmeti olan torpaq sahəsindən cənub istiqamətində yerləşir. Göründüyü kimi ekspert rəyidə nəzərə alınanda müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi üzərində ilkin torpaqayırma sənədləri olmadan üçüncü şəxs X5 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh izibati orqan isə X5 mülkiyyət hüququnu qeydə alan zaman torpaq sahəsinin yerinin və koordinatlarının nəyin əsasında müəyyən etməsi ilə bağlı hər hansı bir açıqlama gətirə bilməmişdir. Uçüncü şəxslərdə başqa torpaq sahəsinin yox, məhz mübahisə predmeti torpaq olan torpaq sahəsinin X6 ayrılması ilə bağlı məhkəməyə hərhansı sübut təqdim etməmişlər. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və Xaçmaz rayon Dövlət Arxivinin 282 saylı, 01 iyun 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin heç bir il üçün sənədləri rayon arxivinə təhvil verilməmişdir. Beləliklə cavabdeh inzibati orqan Xaçmaz rayon Şollar bələdiyyəsinin 28.09.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi üzərində ilkin torpaqayırma sənədləri olmadan üçüncü şəxs X5 mülkiyyət hüququ qeydə alaraq qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Məhkəmə prosesi gedişində mübahisəli vəziyyətdə olsada üçüncü şəxs X5 torpaq sahəsində faktiki olaraq ev tikib yaşadığıda nəzərə alınaraq mübahisənin məhkəmədənkənar həlli müzakirə edilmiş, tərəflərə müəyyən vaxt verilmiş, lakin mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Üçüncü şəxs X6 torpaq sahəsi ayrılması ilə bağlı Xaçmaz Rayonu Şollar Bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı qüvvədə olduğuna görə həmin şəxsin digər hüquq müdafiə vasitələrindən istifadə etmək hüququ istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0,02 ha torpaq sahəsinə X13 adına tərtib edilmiş **********70 reyestr nömrəli, 25.12.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü” sdənədi etibarsız hesab edilməli və bunun əsasında verilmiş seriya RX №1220216 saylı 26.12.2017-ci il tarixli çıxarış ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0,02 ha torpaq sahəsinə X13 adına tərtib edilmiş **********70 reyestr nömrəli, 25.12.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü” sdənədi etibarsız hesab edilsin və bunun əsasında verilmiş seriya RX №1220216 saylı 26.12.2017-ci il tarixli çıxarış ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, 311 (üç yüz on bir) manat mütəxəssis rəyinin alınması üçün çəkilən xərc tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar