Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-80/2025 19.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş ziyanın əvəzi olaraq 400.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən 400.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri 25-ci məhəllə ünvanında 1.104 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövət qeydiyyatına alınmış, buna dair xx.xx.2007-ci il tarixdə MH 00111159 seriya nömrəli çıxarışa əsasən Hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 2013-cü il tarixdə satılarkən məlum olmuşdur ki, 0.204 ha hissəsi zəbt edilmişdir. 0.81 ha hissəsi alqı-satqı ilə özgəninkiləşdirilmiş, qalan 0.204 ha hissəsi bu günədək cavabdehin sifarişi əsasında inşa edilmiş çoxmərtəbəli mənzillər tikilərkən zəbt edildiyindən istifadəsi mümkünsüz olmuşdur. Bunla əlaqədar bu günədək edilən müraciətlər nəticəsiz qalmış, aidiyyəti qurumlar tərəfindən heç bir kompensasiya ödənilməmiş, zəbt olunmuş formada qalmaqdadır. Müraciətlərə cavab olaraq bildirilmişdir ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi 2011-ci il tarixdə Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmişdir. Ziyanın ödnilməsi il əlaqədar Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də bu günədək heç bir nəticə verməmişdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun rreambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili və nümayəndəsi eyniməzmunlu izahat verərək, bildirmişdir ki, idddiaçının mülkiyyətində olan müvafiq torpaq sahəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəbt edilərək müvafiq yaşayış binası inşa edilmiş və sonradan Quba Rayon İcra Hakimiyyətinin balansına verilməsi onu maddi məsuliyyətdən azad etmir. Ona görə də iddiaçının vəkili və nümayəndəsi hazırkı iddia tələbi üzrə cavabdehin məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin olmasını bildirdi.Qeyd olunanlara əsasən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.26-cı yarımbəndi ilə əlilliyi olan şəxslərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Fondun vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixdə 80 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın 4.3.5.11-ci yarımbəndi ilə Quba-Xaçmaz İqtisadi rayonu ərazisində mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri çərçivəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba Rayon İcra Hakimiyyətinə 10 mart 2010-cu il tarixdə 14/30-106 nömrəli məktubla müraciət etmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı 24 avqust 2010-cu il tarixdə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə” 136 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın 1-ci hissəsində Nazirliyin müvafiq məktubu, 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə X5, Quba Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, ayrılmış torpaq sahəsi göstərilməklə şəhərin yerquruluşu planından çıxarışı nəzərə alınmaqla, Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0.3 hektar torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qeyd edilmişdir. Həmçinin, Quba bələdiyyəsinin 25 avqust 2010-cu il tarixdə “Quba şəhərində mədənisosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 47/02 nömrəli X4 tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunlarına müvafiq olaraq Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 1266/2 saylı məktubu nəzərə alınaraq, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2 üç min) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X5 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlamış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Göründüyü kimi Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlil və şəhid ailələri üçün Quba rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binasının yerləşdiyi ərazi Nazirlik tərəfindən zəbt edilməmiş və İddiaçı mənsub olduğu qeyd edilən ərazinin əvəzinə tələb etdiyi maddi təminat Nazirliyə qarşı yönələ bilməz. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1 ci maddəsinə əsasən - inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd olunanları və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinin tələblərinə əsasən sözü gedən inzibati iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya cavabdeh qismində cəlb edilməməli və iddia tələbinin dəyişdirilməsi zərurətinin olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər Quba Rayon İcra Hakimiyyəti və Quba Bələdiyyəsi məhkəmə iclasına gəlməmişdirlər, üçüncü şəxslər məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya məxsus daçınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın surəti, DƏDRX-ın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktub, Quba Rayon İcra hakimiyyəti başçıısının 136 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamı, Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı protokolundan çıxarış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubunun surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2307 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia kompensasiya verilməsinə dair iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış əsasında alqı satıqı edildikdən sonra həmin torpaq sahəsinin 0.20 ha hissəsi onun mülkiyyətində qalmışdır. İddiaçı sözügedən torpaq sahəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən zəbt edilməsi nəticəsində ziyana düşməsini bildirir və ziyanın əvəzi kimi 400000 manat kompensasiya tələb edir. Cavanbdeh təşkilat da öz növbəsində sözgedən binanın balanssaxlayıcısının Quba Rayon İcra Hakimiyyəti olduğunu qeyd edərək, müvafiq iddiaya cavab verməli olmadığını bildirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11/7-31 saylı 07 fevral 2013-cü il tarixli əmri və 11/9-11 saylı 22 fevral 2013-cü il tarixli sərəncamı ilə Quba şəhəri, 25-ci məhəllə ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binası əvəzsiz olaraq Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşayış binasının qəbul barədə yazılmış 118 saylı AVİZO Quba Mənzil İstismar şöbəsi tərəfindən təsdiqlənmişdir. (əsas: AR ƏƏSMN-nin xx.xx.2013-cü il tarixli 11/7-31 saylı Əmr; AR ƏƏSMN-nin xx.xx.2013-cü il tarixli 11/9-11 saylı Sərəncam və AR ƏƏSMN tərəfindən verilmiş AVİZO N-118). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2307 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 1.014 ha torpaq sahəsindən 0.81 hahissəsi alqı-satqı müqaviləsinə əsasən X1 və həmin hissəyə **********28 reyestr nömrəli çıxarış, plan ölçü işlənmişdir. Yerdə qalan 0.204 ha hissəsi İddiaçı məxsusdur. Yerdə qalan 0.204 ha torpaq sahəsi üzəriində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş 2 mərtəbəli mənzil tipli yaşayış binasının 0.0235 hissəsi yerləşir. Bundan başqa torpaq sahəsində həmin binaya məxsus su quyusu, istixana tikilisi, nasosxana və transformator yerləşir. (Qərardadın 4,5,6,7,8 və 9-cu sualları üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022ci il tarixdə daxil olmuş Azərbaycar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qərardadın 4,5,6,7,8 və 9-cu sualları cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.). İşin ədalətli araşdırılması məqsədilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdeh tərəfində inşa edilmiş 36 mənzilli yaşayış binasının tikintialtı sahəsi olaraq 0.0230 ha hissəsi və həmin binaya məxsus su quyusu, nasosxana, istixana tikilisi, 1 ədəd transformator iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışda qeyd edilən torpaq sahəsinin daxilində yerləşir. Həmçinin, mütəxəssislər Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı protokol qərarı əsasında verilmiş yerquruluşu planından çıxarışın koordinatları qeyd edilmədiyindən sözügedən binanın həmin qərar əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi qanunvericiliyə əsasən torpaqayırma sənədləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən təqdim edildikdən sonra, həmçinin 36 mənzilli binanın tikiləcəyi yer göstərildikdən sonra sözügedən daşınmaz əmlakı inşa etdirmişdir. Belə olan halda müvafiq kompensasiyanın nazirlikdən alınması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş ziyanın əvəzi olaraq 400.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2-1(118)-80/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-80/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver