Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-802/2021 30.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 8A/6 mənzil 68-də yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, Cavanşir küçəsi, yataqxana 2, ev 21A, mənzil 108-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 1,0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, reyestrdən iddiaçının adına icarə çıxarışının, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt 50-ci məhəllə ünvanında yerləşən 01 ha ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında ilkin olaraq 18.08.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən ümumi sahəsi 10.000 kv m olan torpaq sahəsi 1 il müddətinə ona icarəyə verilmişdir. Həmin vaxtdan hazırki vaxtadək icarə müqaviləsi hər dəfə üç il müddətinə olmaqla uzadılmışdır. Sonuncu dəfə müqavilənin müddəti 01.01.2018-ci ildən 31.12.2023-cü ilədək uzadılmışdır. Bütün bu müddət ərzində icarə haqları iddiaçı tərəfindən vaxtında ödənilmişdir. 2020-ci ilin əvvəllərində o, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adıma çıxarışın və plan və ölçünün verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi isə torpaq sahəsinə dair icarə müqaviləsinin 29.12.2017-ci il tarixli olduğu aşkar edildiyi, ilkin icarə müqaviləsinin 29.12.2017-ci il tarixli olduğu və ilkin icarə müqaviləsinin bitməsindən sonra hərrac və ya müsabiqə keçirilməsinə dair hər hansı hüquqmüəyyənedici sənədin olmadığı qeyd edilmişdir. Halbuki, onunla bələdiyyə arasında bağlanmış sonuncu 01.01.2018-ci il tarixli müqavilənin müddəti 31.12.2023-cü ildə bitir. Bu səbəbdən cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi iddia tələbini qəbul etmədi və bildirdi ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Bağırov Rəyasət Məmmədağa oğlu Sumqayıt şəhəri, 50ci məhəllə ərazisində yerləşən, 1.0 ha torpaq sahəsinə dair İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar 16 mart 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, İddiaçı bələdiyyənin 18 avqust 2005-ci il tarixli 42 nömrəli protokoluna əsasən 1.0 ha torpaq sahəsinin ayrılmasına baxmayaraq torpaq sahəsinə dair icarə müqaviləsinin 29 dekabr 2017-ci il tarixli olduğu aşkar edilmiş, ilkin icarə müqaviləsinin müddətinin bitməsindən sonra hərrac və ya müsabiqə keçirilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd müraciətə əlavə edilməmişdir. Bundan başqa, müayinə zamanı 0,0898 ha torpaq sahəsinin zəbt edildiyi, faktiki torpaq sahəsinin 1,0898 ha olmaqla üzərində icazəsiz tikililərin olduğu, lakin həmin tikililərə dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmiş və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Bağırov Rəyasət Məmmədağa oğluna 10 aprel 2020-ci il tarixli **********26 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Bağırov Rəyasət Məmmədağa oğlu Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən, İddiaçı məxsus 1.0 ha torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixli eyni məzmunlu ərizə ilə poçt vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır.Müraciəti ilə əlaqədar olaraq İddiaçı nümayəndəsi Bağırov Rəyasət Məmmədağa oğluna bildirilmişdir ki, sözügedən torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı 16 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli eyni məzmunlu ərizəsinə baxılmış və 10 aprel 2020-ci il tarixli **********20 nömrəli bildirişlə hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.10 aprel 2020-ci il tarixli **********20 nömrəli bildirişdə qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadığndan ərizənin icrasının təmin olunmadığı bildirilmiş və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Bağırov Rəyasət Məmmədağa oğluna 08 oktyabr 2020-ci il tarixli **********27 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. İş materiallarında olan : -Sumqayıt bələdiyyəsinin 42 saylı 18.08.2005-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində 1.0 ha torpaq sahəsinin istehsalat bazasının yaradılması məqsədi ilə İddiaçı ayrılmışdır. - 25.08.2005-ci il tarixli 271 saylı, 04 aprel 2006-cı il tarixli 85 saylı, 15.01.2007-ci il tarixli 125 saylı, 12.02.2010-cu il tarixli 09 saylı, 11.05.2012-ci il tarixli 110 saylı, 03.03.2015-ci il tarixli 84 saylı, 29.12.2017-ci il tarixli 200 saylı İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilələrin predmetini Sumqayıt şəhəri, 50-ci məhllədə yerləşən 10000 kv m torpaq sahəsinin icarəyə verilməsi təşkil edir. -Sumqayıt bələdiyyəsinin vergilər şöbəsi tərəfindən verilmiş 24 dekabr 2018-ci il tarixli 107 saylı arayışdan görünür ki, İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində yerləşən 10000 kv.m torpaq sahəsi üçün bağlanmış 03 mart 2015-ci il tarixli 84 saylı torpaq icarə müqaviləsi 31.12.2019-cu il tarixədək qüvvədədir. -Sumqayıt İH Memarlıq və Şəhərsalma İdarəsinin 01.08.2005-ci il tarixli təqdimatından görünür ki, idarə tərəfindən təqdi edilmiş mövqe planına əsasən İddiaçı istehsalat bazası yaradılması məqsədi ilə 1.0 ha torpaq sahəsinin ayrılması barədə qərar verilməsi Sumqayıt şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyətinin 04 oktyabr 2005-ci il tarixli 388 saylı sərəncamından görünür ki, İddiaçı 50-ci məhəllə ərazisndə ayrılmış 1,0 ha torpaq sahəsində istehsalat bazası yaradılmasına icazə verilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər möbəsi tərəfindən verilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd Sumqayıt bələdiyyəsinin 42 saylı 18.08.2005-ci il tarixli və Sumqayıt şəhər məhkəməsinin 15.03.2013-cü il tarixli 2(060)-1499/2013 saylı qətnaməsinə əsasən 10000 kv m torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 9.8-ci maddəsinə 2 oktyabr 2008-ci il tarixli 698-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüquqları 2005-ci ilin avqust ayından yaranmışdır. Bundan sonra hər il iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsinin müddəti uzadılmış, sonuncu dəfə 01.01.2018-ci ildə bağlanmış icarə müqaviləsinin müddəti 31.12.2023-cü ilədək qüvvədədir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən artıq torpaq sahəsi zəbt edildiyi və həmin torpaq sahəsində icazəsiz tikililərlə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hal-hazırda iddiaçı həmin tikililər üzərində hüquqlarının qeydə alınmasını tələb etmir, iddia tələbi icarə müqvailəsinə əsasən istifadəsində olan 10000 kv m torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınmasından ibarətdir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin İddiaçı icarəyə veirlməsi barədə qərar və icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə isə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 1,0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 1,0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-802/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-802/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver