Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-803/2024 31.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı ünvan 2 ünvanında yerləşən 54 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, i ddiaçı İddiaçı xx xxxxx 1955-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. 1979-cu il tarixdə X2 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 3 övladları olmuşdur. O, uzun müddət “Üzvi-sintez” İstehsalat birliyində “elektrik” işləmişdir və həyat yoldaşı X2 da onunla birlikdə işləmişdir. Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən, sahəsi 32.8 kv.m olan 2 otaqlı, 54 saylı mənzil Azərbaycan SSR KTH Mənzil idarəsi tərəfindən işlədiyi yerdən 22 iyul 1982-ci il tarixli, 12/17 saylı order əsasında ona 3 ailə üzvü -o, həyat yoldaşı X2 və oğlu X6 oğlu olmaqla verilmişdir. Həmin vaxtdan indiki vaxta qədər sözü gedən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ərizəyə əlavə edilmiş “Üzvi- Sintez” İB müdriyyət, HİK və MMK-nin 16 iyul 1982-ci il tarixli 12 saylı protokoldan çıxarışdan da görünür ki, həqiqətən də İddiaçı müdriyyətdən mənzil məsələsində köməklik etməsini xahiş etmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən, sahəsi 32.8 kv.m olan 2 otaqlı, 54 saylı mənzilin ona verilməsinə müdriyyət etiraz etməmişdir. Prezidentin göstərişinə uyğun olaraq Sumqayıt şəhəri ərazisində yerləşən mənzillərin özəlləşdirilməsi işlərinə başlanılmışdır. İddiaçı da Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən, sahəsi 32.8 kv.m olan 2 otaqlı, 54 saylı mənzilin adına özəlləşdirilməsi üçün cavabdeh idarəyə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəsinin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktubla ona bildirilmişdir ki, müraciətə tərəfindən əlavə edilmiş 22 iyul 1982-ci il tarixli 12/17 saylı order müvafiq icra hakimiyyəti orqani tərəfindən verilmədiyi üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Hesab edir ki, cavabdehin bu imtinası tam əsassızdır və buna görə də 34 ildən artıq onun qanuni istifadəsində olan mənzilin onun adına özəlləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazlarının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən 54 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə iddiaçı xx.xx.2023-cü il tarixli ərizə İlə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti 3-21-3-31/1-A-0034-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2- ***-**** nömrəli arayışında orderin verilməsinə əsas olan Sumqayıt şəhər XDS iK-nın xx.xx.1982-ci il tarixli 12 saylı iclas protokolunun Dövlət Arxivində aşkarlanmadığı qeyd olunmuşdur. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Həmçinin, ərizəyə əlavə edilmiş 22 İyul 1982-ci il tarixli orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmədiyi müəyyən olunmuşdur. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8,0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Əlavə məlumat üçün bildiririk ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-cİ maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı İlə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmçinin bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdmlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən İmtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Qeyd olunan sənədlərə: Sumqayıt şəhər X3 İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş 12/17 saylı, 22 iyul 1982-ci il tarixli orderi; Sumqayıt şəhər XDS İK-nın 12 saylı, 16 iyul 1982-ci il tarixli iclas protokolundan çıxarış; 8İ-7751, 8İ-7752, 8İ-7753 və 8İ-7757 reyestr nömrəli, 05 iyul 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələr; xx.xx.2024-cü il tarixli, 7 saylı Dövlət Mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayış; 7 saylı Mənzil-Kommunal Sahəsinin 366 və 367 saylı, 22 fevral 2023-cü il tarixli arayışları; mübahisə predmeti olan yaşayış evinə baxış keçirilməsinə dair 15 may 2023-cü il tarixli müayinə aktı; cavabdeh orqanın 26 may 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən 54 nömrəli mənzil Sumqayıt şəhər X3 İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş 12/17 saylı, 22 iyul 1982-ci il tarixli orderi əsasında İddiaçı və onun ailə üzvlərinin – arvadı X1 və oğlu X6 oğlunun mülkiyyətinə ayrılmışdır. İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən 54 nömrəli mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İş materiallarından müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmış, ünvan 4 ünvanında yerləşən 32.08 kkv.m olan 2 otaqlı mənzil iddiaçı və onun ailə üzvlərinin müddətsiz (daimi) istifadəsinə verilmişdir. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30 ünvanında yerləşən 54 saylı mənzildə İddiaçı və ailə üzvləri X2, X6 oğlu və X5 oğlu qeydiyyatdadırlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq, qeydiyyatda olan şəxslər notarial qaydada əizə təqdim edərək, mübahisələndirilən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Həmçinin məhkəmə tərəfindən mübahisələndirilən mənzilin hansı orqanın balansında olmasının müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə sorğular verilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Beləliklə məhkəmə araşdırması zamanı mənzilin xidməti məzil sahəsinə aid olmadığı da müəyyənləşdirilmişdir. Məhkəməyə sorğu əsasında təqdim edilmiş mübahisə predmeti olan yaşayış evinə baxış keçirilməsinə dair 15 may 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisələndirilən mənzilə dəyişiklik edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı ailə üzvlərinin razılığı ilə yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Hazırda iddiaçının mübahisəli mənzilin özəlləşdirilməsindən imtina onun hüquqlarına və qanunla qorunan mənafelərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, ünvanda yerləşən 54 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, ünvanda yerləşən 54 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva