Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-804/2023 21.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyul 2022-ci il tarixli imtinanın əsassız hesab edilməsi və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması, hesablanması və verilməsi öhdəliyinin qoyulması və ünvanlı dövlət sosial yardımın verilməsinin müraciət olunan tarixdən məhkəmə qərarının qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ailəlidir, ailəsi ilə birlikdə, Xızı rayonu Sitalçay kəndində yaşayır, iki övladı var. Uşaqları azyaşlı olduğu üçün Həyat yoldaşı X5 işləyə bilmir. Özü hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində fəhlə işləyir. Aylıq maaşı 498.28 azn təşkil edir. Yəni ailənin başqa heç yerdən əlavə gəlir yeri yoxdur. Bazar və mağazalarda qiymətlərin günbəgün artımı, ailəyə gələn 498.28 azn aylıq maaşla uyğun gəlmədiyindən, məcbur olub Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün aidiyyəti üzrə VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Dövlət Ünvanlı Sosial Yardımı almaq üçün, iki mərhələli proses var. Birinci mərhələdə ilk dəfələrdə, müxtəlif bəhanələrlə imtinalar verilsə də, həmin problemləri aradan qaldırmışdırlar. Lakin daha sonrakı müraciətlərində sistem heçbir imtina verməsə də, ikinci mərhələdə, cavabdehin nümayəndələri, evə baxış keçirmiş, müxtəlif bəhanələrlə cavabdeh tərəfdən yenə də imtina cavabları almışdır. Həmin imtina cavabları əsasən yalan, böhtan, heçbir qanunda əksini tapmayan uydurma imtinalardan ibarət olmuşdur. xx.xx.2022 tarixli **********1101 nömrəli imtinada deyilir ki, "başqa şəxsə aid abonent kodunun bəyan edilməsi" 1) əvvəlcə onu qeyd edir ki, heçbir qanunda Ünvanlı Sosial yardımın verilməsindən imtina üçün belə bir maddə yoxdur. Cavabdehin nümayəndəsi bilərəkdən, (iddiaçının və ailənin də xəbərdarlığı olduğu halda) özlərinə məxsus olan sayğacı qoyub, qonşunun sayğacının şəklini çəkmişdir. xx.xx.2022 tarixli, **********61103 nömrəli imtinada isə göstərilir ki, "Kommunal ödənişlər barədə məlumatın daxil edilməməsi." Qanunda belə bir imtinaya əsas verən hərhansısa bir maddə yoxdur. Sistem avtomatik olduğundan, (istənilən məlumatı) işıq, qaz, su kodlarını daxil edəndən sonra bütün məlumatları sistem özü avtomatik yoxlayır və nəticə hasil edir. Yəni belə bir imtinaya görə vətəndaş olaraq iddiaçı heçbir məsuliyyət daşımır. İddiaçının xx.xx.2022 tarixli, **********6110 nömrəli imtinada isə üç bəhanə göstərilmişdir. l)Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması. Cavab ; iddiaçı və ailəsinin heçbir nəqliyyat vasitələri yoxdur. Cavabdeh tərəfin nümayəndələri, qonşuya məxsus olan maşını ailənin adına qeyd etməklə hüquqlarını kobud şəkildə tapdalamışdırlar. 2)Ailənin yardımçı təsərüfatının olması barədə məlumatın qeyd edilməməsi. Cavab : heçbir yardımçı təsərrüfatları yoxdur. 3) Ümumi istifadəli sayğacın aşkar edilməsi. Cavab: iddiaçı və ailəsinin istifadə etdiyi sayğacdan, başqa heçkim istifadə etmir. Əgər iddiaçının ailəsin gələn aylıq gəlir, adambaşına düşən minimum ehtiyac meyarından aşağıdırsa, həmin məbləği Dövlət Ünvanlı Sosial Yardımla ödəməlidir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38 ci maddəsində deyildiyi kimi hər kəsin sosial təminat hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyul 2022-ci il tarixli imtinanın əsassız hesab edilməsi və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmdə xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə **********61101 nömrəli, xx.xx.2022- ci il tarixdə **********61102 nömrəli, xx.xx.2022-ci il tarixdə **********61104 nömrəli ərizələrlə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, lakin vətəndaşa ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina olunmuşdur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3- cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Eyni zamanda həmin Qaydalarda qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlığ fəaliyyəti məgsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırığ, komisyon, müəlliflik və digər mülki- hüqugi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluğdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3- cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. Qaydaların 7.1-ci bəndində qeyd olunur ki, Qaydaların 1.3-cü bəndində göstərilən qurumların “Elektron hökumət” portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin çıxışı təmin edilənədək həmin arayış və məlumatlar Təmsilçi tərəfindən kağız formasında alınır və VEMTAS-a daxil edilir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş Müayinə və Monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audiovideo- foto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. Video-foto çəkiliş zamanı yaşayış ünvanının yerləşmə yeri ətraflı göstərilməli, ünvana daxil olduqda evin (mənzilin) bütün otaqları, həyətyanı sahələr (əgər varsa) fasiləsiz şəkildə çəkilməlidir. Müayinə və Monitorinqin müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır. Sözügedən Təlimatın 3.12.4-cü bəndinə əsasən, ümumi həyətyanı təsərrüfata malik iki və daha çox ailənin həyətyanı təsərrüfatının müəyyən edilməsi zamanı bir həyətdə iki və daha çox fərdi ev olduqda və ümumi həyətyanı təsərrüfatın hansı ailəyə aid edilməsi mümkün olmadıqda bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. İş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə **********61101 nömrəli müraciətinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi başqa şəxsə aid abonent kodunun bəyan edilməsi qeyd edilmişdir. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntü əsasında təsdiq edilmişdir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixdə **********61102 nömrəli müraciəti əsasında maddiməişətin yolanılması üçün əməkdaşlar qeyd edilən ev ünvanına getdikdə ailə üzvlərinin evdə olmadığı bildirilmiş və videoçəkilişin aparılmasına şərait yaradılmamışdır. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda 3.12.8-ci bəndinə əsasən, ailənin yaşadığı ünvanda nəqliyyat vasitəsi aşkarlanmırsa və ailə tərəfindən şifahi sorğu əsasında nəqliyyat vasitəsi olmadığı bildirilirsə, nəqliyyat vasitəsinin olmaması kimi qəbul olunur. Bütün bunlar video çəkilişdə öz əksini tapır. Fondun aidiyyəti struktur bölmələri tərəfindən hər ay aidiyyəti dövlət orqanlarından əldə edilən məlumatlar əsasında aparılan aylıq monitorinqlər nəticəsində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olduğu müəyyən edildikdə təyinat dayandırılır. İddiaçı xx.xx.2022-ci il tarixdə **********61104 nömrəli müraciətinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi istifadəsində nəqliyyat vasitəsinin olması, yardımçı təsərrüfat barədə məlumatın qeyd edilməməsi və ümumi istifadəli sayğacın aşkar edilməsi qeyd edilmişdir, (inzibati icraat materialları məhkəməyə təqdim olunmuşdur) Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdaifə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddia öndəliyin icrası iddisıdır, iddiaçı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas mövcud deyil. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı ona və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunmasını istəyir. Cavabdeh isə etirazında imtinanın əsası kimi iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olması, yardımçı təsərrüfat barədə məlumatın qeyd edilməməsi və ümumi istifadəli sayğacın aşkar edilməsini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Xızı rayonu Sitalçay kəndində qeydiyyatdadır, yaşayır və ailə tərkibi aşağıdakı kimidir: 1 .həyat yoldaşı-X5; 2. oğlu-X10 xx.xx.2015-ci il təvəllüdlü; 3. oğlu-X14 xx.xx.2018-ci il təvəllüdlü. (Xızı rayon İcra Hakimiyyəti Başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 fevral 2023-cü il tarixli 53 saylı arayışı) DİN Baş X22i idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində İddiaçı adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X1 mülkiyyətində olmuş «VAZ 2107» markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixədək Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan İddiaçı istifadəsinə verilməsi, xx.xx.2021-ci il tarixdə isə etibarnamənin ləğv edilməsi barədə DİN Baş X22i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Bununla yanaşı bildiririk ki, «VAZ 2107» markalı **-RH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 13 fevral 2023-cü il tarixli 3-xxxx/217748/2023 saylı məktubu) Xızı rayon Sitalçay kənd sakini İddiaçı, Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının uçotu kitabında X2nun şəxsi hesabında qeydiyyatda olmasına baxmayaraq, əmisi X8 ilə birlikdə atasının ata-baba yurdu olan eyni ünvanda yaşayırlar. Ev təsərrüfatlarının uçotu kitabında ona məxsus şəxsi hesab-ailə təsərrüfatı qeydə alınmamışdır və istifadəsində mal-qara yoxdur. X2 kənd ərazisində ata-baba evindən kənar ərazidə yeni tikilmiş fərdi evdə digər oğlu X12 ilə birlikdə yaşayır. (Xızı rayon İcra Hakimiyyəti Başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 09 mart 2023-cü il tarixli, 13 saylı məktubu) Məhkəmə araşdırmasının nəticəsindən göründüyü kimi iddiaçının yardımçı təsərrüfatının olması, adına nəqliyyat vasitəsinin olması, ümumi sayğacdan istifadəyə dair hərhansı məlumat mövcud deyildir. Bu halda iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər 9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Belə ki, qanunvericiliklə sosial yardımın təyin edilməsindən imtina olunması halları müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial yardımın təyin edilməməsinə əsas kimi göstərilən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin əsasnamənin 3.1.31-ci bəndi ilə qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan “İnzibati İcraat haqqında” Qanunun tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı axırıncı dəfə xx.xx.2022-ci il tarixdə **********61104 nömrəli ərizə ilə inzibati orqana müraciət etmiş, ona görə də həmin tarixdən də iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası əsassız hesab edilsin və iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun.(ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdən hesablanmalı və ödənilməlidir.) Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-804/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-804/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver