Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-804/2024 10.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Quba rayonu “Dalğa” X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydiyyata alınması və VÖEN verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 yanvar 1992-ci il tarixində Quba rayonunda mərhum atası X2 rəhbərliyilə “Dalğa” kəndli (fermer) təsərrüfatı təsis edilmişdir. Kəndli (fermer) təsərrüfatının Əsasnaməsi Quba Rayon İcra Hakimiyyətində 24 fevral 1992-ci il tarixində 63 saylı Sərəncamla təsdiq edilərək “Dalğa” kəndli (fermer) təsərrüfatı qeydə alınmışdır. Kəndli (fermer) təsərrüfatı 031735 saylı Şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası keçmiş Baş Dövlət Vergi Müfəttişliyində, 19 iyul 1996-cı il tarixində Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Statistika Komitəsi yanında dövlət qeydiyyatına alınmış, 17 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X8 qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 4/358 saylı arayış əsasında qeydə alınmışdır. Bütün bunlar haqqında cavabdeh məlumatlandırmaqla “Dalğa” kəndli (fermer) təsərrüfatının vergi uçotunun bərpası məqsədilə dəfələrlə, sənədləri ilə müraciət etmişlər. Əvvəl cavabdeh onları əsassız, bürokratcasına get-gələ salmış, müxtəlif bəhanələrlə “Dalğa” kəndli (fermer) təsərrüfatını qeydiyyata almaqdan yayınmışdır. Belə olan təqdirdə onlar 14 fevral 2023-cü il tarixində təsərrüfata aid sənədlərin surətlərini əlavə etməklə cavabdehdən onları rəsmən qeydiyyata almasını rəsmi xahiş etmişlər və imtina cavabı almışlar. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən Quba rayonu “Dalğa” X3 ümumi yığıncağının 14 yanvar 2021-ci il tarixli 01 saylı protokolu ilə təsərrüfatın başçısı seçilmiş X4 ifadə verərək bildirmişdir ki, qeyd olunan təsərrüfatın başçısı onun mərhum atası Bəylər Abdullayev olmuşdur. Həmin təsərrüfatın 11 nəfər üzvü olmuşdur. Hal-hazırda həmin üzvlərin bir qismi vəfat etmiş və təsərrüfatın iştirakında onların vərəsələrinin iştirakı yoxdur. Məhz bu səbəbdən cəmiyyətin bütün üzvləri deyil iki üzv tərəfindən yığıncağın 14 yanvar 2021-ci il tarixli protokolu tərtib edilmişdir. Cavabdeh təşkilat VÖEN verilməsi üçün təsərrüfatın bütün üzvlərinin müraciətinin olmasını bildirir, lakin bunun edilməsi yuxarıda qeyd olunan səbəblərə görə mümkün olmur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində bildirilir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl “Dalğa” X3 qeyd edilmiş məsələ ilə bağlı bir neçə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən baxılmış və iddiaçıya qanunvericilin müvafiq müddəaları izah olunmuşdur. Bildirilir ki, “Dalğa” X5 Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış və Ədliyyə Naziri iyinin X8 Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 4/358 saylı arayışla uçota alınmışdır. Lakin, “Dalğa” X5 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına müfaviq olaraq yeni 10 rəqəmli VÖEN-in alınması üçün müraciət edilməmişdir.“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı”na əsasən 2008-ci il 01 yanvar tarixindən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir.“Dalğa” X3 vergi uçotuna alınması üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış nizamnamədə qeyd edilən təsərrüfatın üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, vəfat etmiş şəxslərin vərəsələri (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və oruda miras əmlak barədə məlumat qeyd olunmalı), ümumi yığıncağın qərarı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 oktyabr 2020-ci il tarixli **********069900 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” ilə səlahiyyətli nümayəndə vasitəsi ilə vergi orqanına müraciət edilməlidir.İddiaçı tərəfindən qanunvericiliyin qeyd edilmiş tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli **********960500 nömrəli imtina məktubunun surəti, cavabdehin etirazı, təsərrüfata aid sənədlərin surəti və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən müəssisəni qeydiyyata alınmaması vaxtından yaranmış olur. Nəzərə alınmalıdır ki, Quba rayonu “Dalğa” X3 ümumi yığıncağının 14 yanvar 2021-ci il tarixli 01 saylı protokolu ilə təsərrüfatın başçısı X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq idarə hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi üçün 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli **********960500 nömrəli imtina məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Quba rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” xx.xx.2005-ci il tarixli 91 nömrəli qərarına müfaviq olaraq müəssisələrə yeni 10 rəqəmli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinin (VÖENin) alınması zəruridir. “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı”na əsasən 2008-ci il 01 yanvar tarixindən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Dalğa” X3 vergi uçotuna alınması üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə 63 nömrəli Sərəncam ilə qeydiyyata alınmış nizamnamədə qeyd edilən təsərrüfatın üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, vəfat etmiş şəxslərin vərəsələri (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və oruda miras əmlak barədə məlumat qeyd olunmalı), ümumi yığıncağın qərarı və digər hüquqmüəyyənedici sənədlər tam şəkildə səlahiyyətli nümayəndə vasitəsi ilə vergi orqanına təqdim edilməmişdir. İddiaçı tərəfindən qanunvericiliyin qeyd edilmiş tələblərinə əməl edilməməsinə görə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq onun müraciəti təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından təsərrüfat cəmiyətləri özü-özlüyündə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 65.1.3-cü maddəsinə əsasən təsərrüfat cəmiyyətinin iştirakçıları mənfəət bölgüsündə iştirak etmək hüquqlarına malikdirlər. Qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, təsərrüfat cəmiyyətinin üzvlərinin hamısının əldə olunan mənfəətin bölgüsündə iştirak edərək həmin mənfəətə mülkiyyət hüququnu əldə edə bilər. Ona görə də hesab olunur ki, təsərrüfatın bütün üzvlərinin (vərəsələrinin) razılğı olmadan, təsərrüfatın yenidən qeydiyyata alınaraq müvafiq VÖEN-lə təmin edilməsi mümkün deyil. Belə olan halda cavabdeh təşkilat üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Quba rayonu “Dalğa” X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydiyyata alınması və VÖEN verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-804/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-804/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver