Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-805/2025 09.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Şabran bələdiyyəsinə qarşı “Şabran bələdiyyəsinə məxsus, Şabran şəhəri H.Əliyev küçəsi 1 saylı yaşayış binasına yaxın ərazidə yerləşən, X3 və X8 tərəfindən qanunsuz zəbt edib özbaşına tikinti işləri aparıb mişar daşı ilə hasara almış torpaq sahəsinin boşaldılması qanunsuz tikilinin sökülməsi, iddiaçıya satılması üzərinə öhdəliyin bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasınnı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Dəvəçi Rayon İcra Hakimiyyəti tərəfindən kommersiya obyektinin tikintisi məqsədilə iddiaçıya ayrılmış Dəvəçi şəhəri, Babək küçəsi ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması, texniki pasportun və çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 13 iyul 2021-ci il tarixli müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririlir ki, müraciətdə qeyd edilən torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədilə ayrılmış və həmin obyektin tikintisi aparılmaqla başa çatdırıldıqdan və üzərinə mülkiyyət hüquqları təsdiq edildikdən sonra torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi məsələsinə Xidmətdə qanunamüvafiq qaydada baxılacaqdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 6 iyun 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçının Şabran şəhəri ərazisində yerləşən sahibkarlıq məqsədli 0.002 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi əsinə daxil olmuş 1 iyun 2022-ci il tarixli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Bildiririlir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz ömlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətində olan əmlakların icarəyə verilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyil. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinə müraciət etməyiniz tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizən icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
3. Şabran rayon Dövlət Arxivinin 2 mart 2023-cü il tarixli 15 saylı məktubunda qeyd olunmuşdur ki, X6 Şabran Bələdiyyəsinənin 22 noyabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə fərdi mənzil tikmək üçün aldığı torpağın qərarına təsadüf olunmamışdır.
4. Şabran rayonu Şabran Bələdiyyəsinin 14 mart 2023-cü il tarixli, 67 saylı məktubunda qeyd olunmuşdur ki, Şabran bələdiyyəsinin 2016-cı ilə qədər olan bütün sənədləri Dövlət Arxivinə təhvil verildiyindən bələdiyyənin 22 noyabr 2006-cı il tarixli, 123 saylı iclas protokolundan çıxarışın surətini təqdim etmək imkan xaricindədir.
5. Şabran rayonu Şabran Bələdiyyəsinin 22 iyun 2023-cü il tarixli, 210 saylı məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətindədir və hazırda qüvvədə olan qanunların tələblərinə görə bələdiyyələrin dövlət və xüsusi mülkiyyətində olan torpaq sahələri üzərində hər hansı bir sərəncam vermək hüquqi yoxdur.
6. Dəvəçi bələdiyyəsinin 22 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolunun çıxarışının surətindən görünür ki, Dəvəçi şəhər sakini X6 torpaq sahəsinin verilməsi barədə vətəndaşın 9 noyabr 2006-cı il tarixli ərizəsi nəzərə alınmışdır. Onun yaşadığı binanın şimal tərəfində uzun müddət zəbt etdiyi torpaq sahəsinin hər 1 m2 görə Dəvəçi bələdiyyəsinin hesabına 20 qəpək pul vəsaiti köçürməklə 400 m2 torpaq sahəsi ona fərdi mənzil tikmək üçün satılmışdır. Dəvəçi şəhər sakini M.Abdullayevdən tələb edilsin ki, torpağın müddətsiz şəxsi mülkiyyətə verilməsindən ötre Torpaq və Xəritəçəkmə Komitəsindən müvafiq sənədləşmə aparılsın.
7. Xaçmaz Regional Ədliyyə İdarəsinin 28 dekabr 2023-cü il tarixli, 2-16-25/3-A-4- 790/2023 saylı məktubunun surətindən görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
8. Şabran Rayon Məhkəməsinin17 may 2023-cü il tarixli, 6(031)-3/2023 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı tərəfindən Şabran rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X13 25 iyul 2020-ci il tarixli, HK-1/701 saylı material üzrə “cinayət təqibinin başlanmasının rədd olunması” qərarından verilmiş məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi təmin olunmamışdır.
9. Şabran Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 6(031)-1/2024 satlı qərarında qeyd olunmuşdur ki, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X13 icraatında olan HK-1/701 saylı material üzrə qəbul etdiyi 19 iyul 2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmiş, material baxılması üçün Şabran rayon prokuroruna göndərilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. Şabran rayon Dövlət Arxivinin 10 may 2024-cü il tarixli, 18 saylı məktubunda qeyd olunmuşdur ki, Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2007-ci il tarixli, 125 saylı Sərəncamından İddiaçı kommersiya obyekti tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə sənədin təsdiq edilmiş surətini göndərilmişdir: - Dəvəçi Rayon İcra Haakimiyyəti Başçısının 15 mart 2007-ci il tarixli, 125 saylı Sərəncamı - R.Ağyevə Dəvəçi şəhərinin Babək küçəsindən, mütəxəssis aktına əlavə olunmuş situasiya sxeminə uyğun ərazidən kommersiya obyekti tikintisi məqsədilə 20,0 (iyirmi) kv.m torpaq sahəsi ayrılmışdır, - Dəvəçi şəhər Babək küçəsində yerləşən 2 (iki) mərtəbəli yaşayış binasının şimal hissəsindən kommesiya mağazasına dair Tikinti məqsədilə torpaq sahəsinin ayrılması barədə 16 fevral 2007-ci il tarixli Aktı, - Ayrılması nəzərdə tutulan torpaq sahəsinin situasiya planı.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 fevral 2025-ci il tarixli, 3-21-3-34/2-2439/2025 saylı məktubu ilə müayinə aktı təqdim olunmuşdur. Qoşma şəklində iddia olunan torpaq sahəsinin koordinatları və ərazinin xəritəsi əlavə olunmuşdur.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Şabran bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şabran bələdiyyəsinə məxsus, Şabran şəhəri H.Əliyev küçəsi 1 saylı yaşayış binasına yaxın ərazidə yerləşən, X3 və X8 tərəfindən qanunsuz zəbt edib özbaşına tikinti işləri aparıb mişar daşı ilə hasara almış torpaq sahəsinin boşaldılması qanunsuz tikilinin sökülməsi, iddiaçıya satılması üzərinə öhdəliyin bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” xahiş olunmuşdur.
13. İddia tələbi tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 aprel 2023-cü il tarixdə Şabran bələdiyyəsinə ərizə ilə müraciət edib Şabran şəhəri, H.Əliyev küçəsi 5-nömrəli ümumi yaşayış binasının yaxınlığında, şimal-qərb tərəfində yerləşən və X3 tərəfindən qeyri qanuni zəbt edilmiş torpaq sahəsinin fərdi mənzil tikintisi məqsədilə mənə satılması barədə qərar verilməsini xahiş etmişdir. Şabran bələdiyyəsi hazırda qüvvədə olan qanunların tələblərinə görə bələdiyyələrin dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində hər hansı bir sərəncamı vermək hüququnun olmaması barədə 22 iyun 2023-cü il tarixli, 210 saylı məktubla cavab vermişdir. Şabran bələdiyyəsinə məxsus torpaq sahəsinin Balasaoltan Abdullayevin və oğlu Mahir Abdullayevin mülkiyyətinə verilməsinə dair heç bir sənəd mövcud deyildir. Bu günə kimi Balasoltan Abdullayev və oğlu Mahir Abdullayev torpaq sahəsini almaq üçün Şabran bələdiyyəsinə rəsmi müraciət etməmişdirlər. Belə ki, X3 yaşadıqları Şabran şəhəri, H.Əliyev küçəsi 1 saylı yaşayış binasına yaxın ərazidə yerləşəm Şabran bələdiyyəsinə məxsus ərazidən 600-kv/m torpaq sahəsini və dövlət mülkiyyətinə olan 200-kv/m torpaq sahəhələrini qanunsuz olaraq zəbt edib həmin ərazilərdə özbaşına tikinti işləri aparıb mişar daşı ilə həmin əraziləri hasara almışdır. Əlində olan Şabran (keçmiş Dəvəçi) bələdiyyəsinin 22 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarışı, ona əsasən verilmiş qərarın və mədaxil qəbzinin surətlərini əsas tutaraq torpaqları Dəvəçi bələdiyyəsi onun oğlu X1 bildirmişdir. Bu günə kimi torpaq sahəsi boşaldılmamışdır və torpaq sahəsini ona satmaq istiqamətində heç bir qanuni iş görülmür. Bələdiyyə sədri bildirmişdir ki,torpaq sahəsi boşaldıldıqdan sonra da Balasoltan Abdullayevə satacaq. Torpaq sahəsinin boşaldılması barədə bələdiyyə tərəfindən Balasoltan Abdullayevə göndərilmiş xəbərdarlıqın surətini mənə verməmişdir.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. Məhkəmənin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-3023/2024 saylı qərardadı ilə X4 və 1 avqust 2024-cü il tarixli, 2-1(118)-3023/2024 saylı qərardadı ilə X8 məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri cəlbetmə) cəlb edilmişdirlər.
16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılaına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
18. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, üçüncü şəxs onun qonşusudur. Torpaq sahəsi ona 2007-ci ildə, üçüncü şəxsə isə 2006-cı ildə verilmişdir. ona dövlət torpağı, həmin şəxsə isə 4 sot bələdiyyə torpağı verilmişdir. Həmin şəxs torpağı zəbt etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında təmsil edilməmişdir. 20.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
24. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
25. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
26. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
27. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
29. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
30. İddiaçı aşağıdakı tələblərlə bağlı məhkəməyə müraciət etmişdir: - Şabran bələdiyyəsinə məxsus, Şabran şəhəri H.Əliyev küçəsi 1 saylı yaşayış binasına yaxın ərazidə yerləşən, X3 və X8 tərəfindən qanunsuz zəbt edib özbaşına tikinti işləri aparıb mişar daşı ilə hasara almış torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi, - torpaq sahəsinin iddiaçıya satılması üzərinə öhdəliyin bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi.
31. Birinci tələblə bağlı məhkəmə bildirir ki, ilk növbədə iddiaçının bu tələblə bağlı müraciət etməsi üçün subyektiv hüququ olmalıdır.
32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Şabran bələdiyyəsinə qarşı “Şabran “şəhəri ərazisində yerləşən Şabran bələdiyyəsinə məxsus torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə bildiririk ki, naturada iddia olunan torpaq sahəsi X11 X15 (TEKUİS) məlumatlarına əsasən, mülkiyyət növü bələdiyyə kimi göstərilmişdir. TEKUİS məlumatlarına əsasən torpaq sahəsinin kateqoriyası Yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi hal-hazırda X5 istifadəsindədir. Həmin torpaq sahəsi naturada 0.0532 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı və metal torla hasarlanıb. Sahənin üzərində saman kərpicdən tikintialtı sahəsi 15.1 m2 olan yaşayış otağı, 10.6 m2 eyvan tikililəri mövcuddur. Abdullayev Balasoltan iddia olunan torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir və həmin torpaq sahəsinə dair Dəvəçi bələdiyyəsindən 22 noyabr 2006-cı il tarixli 12 saylı iclas protokolunun qərarına əsasən X2, 0.04 ha torpaq sahəsinin qərarını və AÇU№201188 nömrəli 80 (səksən) manat ödəniş qəbzinin olduğunu bildirmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
34. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bildirir ki, əgər hesab olunsa belə iddiaçı üçüncü şəxslərin torpaq sashəsinə dair heç bir hüquqları olmadığından cavabdeh kimi bələdiyyəyə qarşı iddia qaldırmışdır, hətta bu halda belə iddiaçının iddia etdiyi torpaq sahəsinə dair özünün heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Buna görə də iddiaçı tələb üzrə subyektiv hüququnun olması müəyyən edilmir.
35. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”
37. Tələbin ikinci hissəsi ilə bağlı İPM-in 13-cü maddəsi əsas götürülməklə izah olunur ki, Şabran bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən, nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır.
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
39. İPM-in 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
40. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir.
41. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
42. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Şabran bələdiyyəsinə qarşı “Şabran bələdiyyəsinə məxsus, Şabran şəhəri H.Əliyev küçəsi 1 saylı yaşayış binasına yaxın ərazidə yerləşən, X3 və X8 tərəfindən qanunsuz zəbt edib özbaşına tikinti işləri aparıb mişar daşı ilə hasara almış torpaq sahəsinin boşaldılması qanunsuz tikilinin sökülməsi, iddiaçıya satılması üzərinə öhdəliyin bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova