Məhkəmə qərarları › İş №2-1(118)-807/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-807/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-807/2020 09.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “onun 1973-1976-ci illərdə Bakı Tibb məktəbində təhsil aldığı müddəti sosial sığorta stajı kimi müəyyən edilməsi və 24.02.2004-cü il tarixdən bu günədək hesablanmayan pensiya ödənişlərinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 1973-cü il tarixdə Bakı Tibb məktəbinə daxil olmuş, 1976-cı il tarixdə həmin məktəbi bitirmiş, əmək fəaliyyətinə 1976-cı il tarixdə başlamış, müxtəlif yerlərdə işləmişdir. 24.02.2004–cü il tarixdə pensiya hüququ yaranaraq elə həmin tarixdən əlilliyə görə ona əmək pensiyası təyin edilmişdir. Ümumi stajı 01.01.2006-cı il tarixədək 27 il 01 ay kimi nəzərə alınmışdır, lakin təhsil aldığı 3 il müddət pensiya təyin olunarkən nəzərə alınmamışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fonudunun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, ordan imtina cavabı almışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə 21.04.2020-ci il tarixli, **********4 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, vətəndaş İddiaçı (pensiya işinin N-9146713) pensiya hüququnun yarandığı 24.02.2004–cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006–cı ilədək ümumi staj -27 il 01 ay: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən, 2006–cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1–1-ci maddəsinə uyğun aparılması tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1–1–ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, iddiaçıya məxsus 000767 saylı, 10 mart 1976-ci il tarixli diplomun notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 27.02.2020-ci il tarixli, **********2 nömrəli imtina məktubu və 21.04.2020-ci il tarixli, **********4 nömrəli etiraz ərizəsivə digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 27.02.2020-ci il tarixli, **********2 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin edilərkən təhsil müddətinin sosial sığorta sıtağına daxil edilməməsini və əmək pensiyasının yenidən hesablanmasını qanuna ziddir kimi qiymətləndirmişdir. İddiaçı hazırda yuxarıda qeyd olunan təhsil aldığı müddətlərin də sosial sığorta stajına daxil edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1973-1976-ci illərdə Bakı Tibb məktəbində təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının tibb məktəbində təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 24.02.2004–cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan yəni 27.02.2020-ci il tarixində cavabdeh orqana müraciət edərək, onun təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək, pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Cavabdeh orqanın bundan imtinası əsassızdır. Belə ki, yuxarıda göstərilən hüquq normalarından görünür ki, təhsil müddətləri 01.01.2006-cı il tarixinədək sosial sığorta stajına daxil edilir. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı təhsil aldığı illəri sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin şərtlərinə uyğundur. Lakin məhkəmə iddiaçıya təhsil aldığı müddətlərin pensiyaya çıxdığı tarixdən yenidən hesablanması ilə bağlı qeyd edir ki, iddiaçının əlilliyə görə pensiya hüququnun 24.02.2004–cü il tarixdən yaranmağına, iddiaçı ona təhsil müddətlərinin 24.02.2004–cü il tarixdən yenidən hesablanmasını tələb etməsinə baxmayaraq, ona tələb edilən yaş həddinə çatdıqdan sonra, təhsil müddətlərinin sığorta stajına daxil edilərək seçiminə görə yaşa görə əmək pensiyası təyin edilməli və iddiaçının cavabdeh təşkilata müraciət etdiyi tarixdən son üç il üçün pensiyası hesablanmalıdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququnun yarandığı vaxt, yəni “Əmək Pensiyaları haqqında” Qanunun 2013-cü ildə qüvvədə olan redaksiyanın tələblərinə görə qadınlara yaşa görə pensiya çıxmaq üçün 57 yaş və 12 il əmək stajı tələb olunur. Qeyd olunan Qanunun 5.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçı ona təhsil müddətlərinin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edlməsi üçün müraciət etdiyi 27.02.2020-ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun təhsil müddətlərinin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiya hüququnun 29.04.2013-cü ildən yaranmasına baxmayaraq, yaşa görə pensiaynın təyin edilməsi üçün müraciət etdiyi 21.02.2020-cu il tarixdən 3 il əvvəlki tarixdən, yəni 21.02.2017-ci il tarixdən təhsil müddətlərinin sığorta stajına daxil edilərək əmək pensiyası yenidən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilərək İddiaçı 1973-1976-ci illərdə Bakı Tibb məktəbində təhsil aldığı müddətləri sosial sığorta stajına daxil edilərək, 24.02.2017-ci il tarixdən ona yaşa görə əmək pensiyası hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 1973-1976-ci illərdə Bakı Tibb məktəbində təhsil aldığı müddətləri onun sosial sığorta stajına daxil edilərək, 21.02.2017-ci il tarixdən yaşa görə əmək pensiyası yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar