Məhkəmə qərarları › İş №2-1(118)-807/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-807/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-807/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli **********8275 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi 02.10.2020-ci il tarixli, **********8275 saylı qərarı Cəmiyyətə 5970,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarla razılaşmayıb 26.10.2020-ci il tarixdə inzibati orqanın yuxarı qurumuna, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət ünvanlamışlar. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayətinin təmin edilməməsi barədə 14 anvar 2021-ci il tarixli, **********918600 saylı qərar qəbul etmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.10.2020-ci il tarixli, **********8275 saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Cəmiyyət sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxs olmaqla qanunla qadağan edilməyən hər cür fəaliyyəti həyata keçirir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti süd məhsulları, yumurta, yeyinti yağları və piylərin topdan satısı olmaqla yanaşı malların satışlarını təmin etmək üçün səyyar satışlarda həyata keçirir. Xüsusən də cəmiyyətin zərərə uğramaması üçün istifadə müddəti bitməyən, lakin istifadə müddəti azalan malların təcili satışını həyata keçirmək üçün öz işçiləri vasitəsilə rayonlarda satışlar həyata keçirirlər. Səyyar satış dedikdə nəqliyyat vasitəsi ilə küçələrdə satışdan söhbət getmir. Yəni qanunvericilikdə nəzərdə tutulan səyyar satış deyil. Cəmiyyətin işçiləri Cəlilabadda çiyələk və kartof sahələrində işləyənlərlə, Şəmkirdə parniklərdə işləyənlərlə əlaqə saxlayıb mallardan nümunə göstərərək ucuz qiymətə həmin malları təklif edirlər. Həmin işçilərdən kimlər hansı sifarişi verirsə bir nəfər siyahı tərtib edir, pulu yığır cəmiyyətin işçisinə verir. Cəmiyyətin işçiləri həmin sifarişlərə görə aldıqları pul vəsaitini cəmiyyətin kassasına ödəməklə malları götürüb həmin rayonlara aparıb həmin şəxsə verirlər. Siyahını tutan şəxs malları alıb paylayır. Cəmiyyətin işçiləri o üzdən hər bir şəxs üçün deyil, bir nəfər üçün çek verirlər. Göründüyü kimi Yoxlayıcılar Cəmiyyətdə olarkən kassadan kənar hər hansı bir malın satışına rast gəlməmişlər. Yoxlayıcıların iradı böyük məbləğlərin kassaya daxil olmasıdır. Yenə qeyd edir ki, onlar sahibkar olaraq qanunla qadağan edilməyən yöntəmlər və üsullara əl ataraq gəlir əldə etməyə çalışırlar. Malları gizlətmir, vergidən yayındırmırlar. Cəmiyyətin satdığı malları xaricdən idxal etdiyindən Gömrük Komitəsində uçota alınır. Həmin malları gizlətmək mümkün deyil. İstehsal prosesində vergi yoxlayıcılarının qeyd olunan iradı istehsal prosesi ilə məşğul olanlara (istehsalı az göstərmək riskinə görə) tətbiq ediləsi üsuldur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, iş üzrə cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 11.08.2020-ci il tarixli **********3398 nömrəli qərarına əsasən iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev 115 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 59.702,8 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı 20.08.2020-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1 -ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1,5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71- 1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası, tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 59702,80 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 5.970,20 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63- cü və 71-1 -ci maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdehin nümayəndəsi Ruslan Musayev etirazda yazılanları əsaslı hesab edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında iştrak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.10.2020-ci il tarixli **********8275 saylı qərarın surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə 20.08.2020-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt əsasında 02.10.2020-ci il tarixli **********8275 saylı qərar qəbul edilmiş və həmin qərar ilə İddiaçı MMC-yə Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 5.970,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi orqanının hərəkətindən narazı qalmış iddiaçı həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 20.08.2020-ci il tarixdə Baş İdarə tərəfindən MMC-yə məxsus olan təsərrüfat sübyektlərində Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq eqaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 59702,8 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və Akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunanlara əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.10.2020-ci il tarixli **********8275 saylı qərarı əsassız olduğu üçün iddia tələbi təmin edilməlidir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini özünə məxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məlumdur ki, səyyar vergi yoxlaması ilə yanaşı operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qərarlar da Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan Məcəllənin 83.3-cü maddəsindən də göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Göründüyü kimi, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 11.08.2020-ci il tarixli **********3398 nömrəli qərardan müəyyən olunur ki, tədbirin 12.08.2020 il tarixdən 10.09.2020-ci il tarixləri aralığında keçirilməsi müəyyən olunmuşdur. Belə olan halda, nəzarət tədbirinin qərar üzrə müəyyən olunan əvvəlki tarixin əməliyyatlarına şamil edilməsi yolverilməzdir. Eyni zamanda, vergi orqanı tərəfindən 12.08.2020-10.09.2020-ci il tarix aralığında aparılan əməliyyatlar nəzarət tədbiri zamanı nəzərə alınmışdır ki, qeyd olunan halın nədən irəli gəlməsi, hansı əsaslara görə məhz həmin tarix aralığı üzrə satışların tədbirlə əhatə olunması tərtib olunan sənədlərdə əsaslandırılmamışdır. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, hər hansı malın (işin, xidmətin) hansı həcmdə satışının topdansatış qaydasında olması meyarları qanunvericilikdə müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatında bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli **********8275 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi 02.10.2020-ci il tarixli **********8275 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar