Məhkəmə qərarları › İş №2-1(118)-809/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-809/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-809/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, X1 Şaban qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “01 aprel 2019-cu ildən 07 avqust 2020-ci ilədək olan müddət üçün müharibə veteranlarına şamil edilən prezident təqaüdünün hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “01 aprel 2019-cu ildən 07 avqust 2020-ci ilədək olan müddət üçün müharibə veteranlarına şamil edilən prezident təqaüdünün hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 07.08.2020-ci ildən müharibə veteranı statusu almışdır. Həmin vaxtdan da ona müharibə veteranlarına təsis edilmiş prezident təqaüdü ödənilir. Lakin iddiaçı ona təyin edilmiş prezident təqaüdünün həmin təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının qəbul edildiyi 15 aprel 2019-cu il tarixdən hesablanmasını istəyir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci ildə Ermənistan SSR-nin Vardenis rayonunda anadan olmuşdur. Orta təhsilini 7-ci sinifə qədər Mehdi Hüseyn adına Abşeron rayonu, Novxanı kənd orta məktəbində almış, daha sonra Respublika Olimpiya Ehtiyatı Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Füzuli, Kəlbəcər rayonlarının Ermənistan Respublikasının işğalçı qüvvələrindən müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin may ayının 14-də atəşkəs haqqında saziş əldə olunduqdan sonra da xidmətini davam etdirmişdir. Yalnız 1997-ci ildə ordudan tərxis olunmuşdur. Bundan sonra da Respublikanın beynəlxalq səviyyədə tanınması üçün çalışmışdır. Hazırda karate idman növü üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim, 4-cü dərəcəli dan kəmər ustası, X2 Azərbaycan Təşkilatının sədri, Beynəlxalq Kyokişinkan karate təşkilatının Azərbaycandakı nümayəndəsi, “Samuray” X3 Birliyinin sədridir. 2012-ci ildə karate üzrə Avropanın ən yaxşı hakimi seçilmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin Bədən tərbiyəsi və İdman kafederasının müəllimi işləyir. Veteranlara şamil olunan güzəştlərin səviyyəsinin daimi olaraq artırıldığını gördüyü üçün o veteran vəsiqəsi almaq qərarına gəlmişdir. Hərbi biletinin surətini Müdafiə Nazirliyinə təqdim etmiş, 07.08.2020-ci il tarixdə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən təqdim olunan 087962 №-li Veteran vəsiqə ona təqdim olunmuşdur. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 aprel 2019-cu il tarixli 641 №-li Fərmanın 2.1.1-ci maddəsinə görə bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Vəsiqəni aldıqdan sonra 2020-ci ilin avqust ayında DSMF-nin 1 saylı Regional Ərazi Filialına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranı kimi ona prezident təqüdünün təyin olunması üçün müraciət etmişdir. DSMF-nin 1 saylı Regional Ərazi Filialı tərəfindən 2020-ci ilin avqust ayından ona müharibə veteranı üçün müəyyən edilmiş prezident təqaüdü təyin olunmuşdur. Lakin ona əvvəlki dövr üçün təqaüd hesablanaraq ödənilməmişdir. Buna görə də Prezident təqaüdünün əvvəlki dövr üçün hesablanaraq ona ödənilməsi barədə ərizə ilə DSMF-nin 1 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Müraciətinə cavab olaraq ona təqdim olunan 19.01.2021-ci il tarixli **********7 saylı cavab məktubunda deyilir: “Veteranlar haqqında“ 28 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə görə Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və müavinət almaq hüququ onlara veteran adının və vəsiqəsinin verildiyi gündən yaranır. Onun təqaüd almaq hüququ müharibə veteranı adını aldığı 07.08.2020-ci il tarixdən yarandığıdan həmin tarixdən əvvəlki dövrə müavinət təyin edilməsi qanunsuzdur. Bu cavabı qanunsuz və əsassız hesab edir. Müharibə veteranlarına şamil edilən prezident təqaüdünün hesablanaraq ona - İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMFnin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq qeyd edilməlidir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında Qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. İddiaçı kimi hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn təqaüdün alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, təqaüdün hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılır və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanıllmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Ona isə müharibə veteranı vəsiqəsi 07.08.2020-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 07.08.2020-ci il tarixdən təqaüd təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki dövr üçün ödənilməsindən imtina edilmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli, 641 №-li Fərmanına əsasən bu təqaüd “2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Yəni ona təqaüd ən azı 01.04.2019-cu il tarixdən hesablanıb ödənilməli idi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçıya veteran vəsiqəsi 2020-ci ilin avqustun 7-də verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin publik hüquqi şəxs 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusu aldığı vaxtdan, yəni 07.08.2020-ci ildən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 07.08.2020-ci ildən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üçün ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü madddəsində müavinətin növləri arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırki iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə müavinətin onun təyin edilməsi üçün müraciətin edildiyi vaxtdan əvvəlki üç il üçün ödənilməsini iki halla şərləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəsini aldığı tarixdən əvvəlki dövrü tələb etməsi qanuni deyildir. Bu qəbildən olan işlərə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş 087962 saylı, 07 avqust 2020-ci il tarixli vəsiqədən görünür ki, iddiaçıya müharibə veteranı statusu 07 avqust 2020-ci il tarixdən verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının İddiaçı ünvanlanmış 19 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı 07.08.2020-ci ildən müharibə veteranı statusu və vəsiqəsi almışdır. Həmin vaxtdan da ona müharibə veteranlarına təsis edilmiş prezident təqaüdü ödənilmişdir. Lakin iddiaçı ona təyin edilmiş prezident təqaüdünün həmin təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci bəndinə uyğun olaraq 01 aprel 2019-cu il tarixdən hesablanmasını istəyir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1 və 2-ci bəndlərinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Beləliklə, hazırki mübahisənin əsasını İddiaçı 07.08.2020-ci il tarixdən, yəni müharibə veteranı vəsiqəsi aldığı tarixdən müharibə veteranlarına təsis edilmiş təqaüdün həmin təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiq edildiyi tarixdən, yəni 01 aprel 2019-cu il tarixdən hesablanması təşkil edir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 01.04.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Beləliklə, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Qeyd edilən Fərmanının 3-cü bəndində göstərilmişdir ki, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Həmin tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Hazırki işdə də iddiaçının prezident təqaüdü almaq hüququ onun müharibə veteranı vəsiqəsi aldığı 07.08.2020-ci il tarixdən yaranmışdır və cavabdeh inzibati orqan tərəfindən də həmin dövrdən ona müharibə veteranlarına görə təsis edilmiş təqaüd ödənilmişdir. Buna görə də məhkəmə qeyd edir ki, qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, eyni zamanda təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmadığından vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki dövrə görə təqaüdün ödənilməsi qanuni və əsaslı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “01 aprel 2019cu ildən 07.08.2020-ci ilədək olan müddət üçün müharibə veteranlarına şamil edilən prezident təqaüdünün hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar