Məhkəmə qərarları › İş №2-1(118)-809/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-809/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-809/2023 16.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əmlak kompleksinə dair texniki pasportun verilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlak kompleksinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən əmlak kompleksini qanuni şəkildə özəlləşdirmiş və mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Həmin əmlak kompleksi 499,9 kv m olmaqla iddiaçının adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilən əmlak kompleksi iddiaçının adına qeydiyyata alınsa da, həmin əmlak kompleksinə dair iddiaçıya texniki pasport verilməmişdir. Texniki pasport əvvəlki mülkiyyətçi “Azər Avtonəqliyyat" DŞ LSTB TTİ-nin adında qalmışdır. Qeyd edilən əmlak kompleksinə iddiaçının adına texniki pasportun verilməsi üçün cavabdeh idarəyə müraciət etsə də, həmin idarə qanunsuz olaraq xx.xx.2022-ci il tarixli, **********46 saylı məktubla imtina etmişdir. İmtinada üç səbəb qeyd edərək cavabdeh bildirir ki, sözügedən inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı müəyyən edilmiş, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. İmtinada göstərilən əsaslarla texniki pasportun verilməsindən imtina edilməsi qanunsuzdur. Çünki iddiaçı həmin əmlak kompleksini özəlləşdirərkən bunu həmin dövrdə aidiyyəti dövlət orqanı bilib müvafiq özəlləşdirməni aparmışdır. Özəlləşdirilən və hazırda mülkiyyətində olan yuxarıda göstərilən əmlak kompleksinə texniki pasportun verilməsi isə cavabdehin vəzifəsidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsinin 6 kVt elektrik xəttinin mühafizə zonasında və əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşdiyi, habelə əmlak kompleksi kimi müəssisənin tərkib hissəsi olan inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı, əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların söküldüyü və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirildiyi aşkar edilmişdir. Təyinatın konkretliliyi baxımından təyinat çoxməqsədli olduğu halda funksiyalarının cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Qeyd olunan binanın qeyriyaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir. İş materiallarında olan : - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 499.9 kv m ölçülü anbar təyinatlı əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir. -Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnvertarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd “Azər Avtonəqliyyat" DŞ LSTB TTİ-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən qeyriyaşayış sahəsi barəsindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu Təmir Tikinti İdarəsinin 499.9 kv m binası xx.xx.2004-cü il tarixdə özəlləşdirilmiş və müəssisənin qanuni nümayəndəsi X5 tərəfindən xx.xx.2006cı il tarixdə iddiaçının mərhum əri X1. Daha sonra həmin əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi iddiaçının mülkiyyətində olan əmlaka (qeyri-yaşayış sahəsinə) dair texniki pasportun verilməsindən ibarətdir. Cavabdeh imtina cavabını üç dəlillə əsaslandırmışdır : 1) əmlak komleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin 6 kVt elektrik xəttinin mühafizə zonasında yerləşməsi; 2) müəssisənin və müəssisənin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşməsi; 3) əmlak kompleksi kimi müəssisənin tərkib hissəsi olan inzibati binada qaçqın statusuna malik ailələrin yaşaması; Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, həmin arqumentlər əmlakın iddiaçı tərəfindən özəlləşdirilməsinə maneə ola biləcək arqument kimi çıxış etmək ehtimalları vardırsa, həmin əmlaka dair texniki pasportun verilməsinədn imtina üçün əsas ola bilməz. Məlum olduğu kimi texniki pasport əmlakın texniki göstəricilərini (ölçüləri, sahəsi, hündürlüyü, yerləşdiyi torpaq sahəsinin ölçüləri və s.) əks etdirən sənəddir. Bununla bağlı məhkəmə hesab edir ki, artıq əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdırsa, həmin əmlakın Dövlət Neft Şirkətinin kontrakt ərazisində, yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağında yerləşməsi və ya inzibati binada qaçqın statusuna malik ailələrin yaşaması texniki pasportun verilməsi üçün əhəmiyyət daşımamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya verilən imtina cavabına qeyd olunmasa da, iddia ərizəsinə etirazda cavabdeh tərəfindən “əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların sökülməsi və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirilməsi” kimi daha bir dəlil əlavə edilmişdir . Cavabdehin sonuncu dəlili ilə bağlı iddiaçının nümayəndəsi izah etdi ki, binanın quruluşunda hər hansı dəyişiklik, söküntü və yenidənqurma işləri olmamış, qeyri-yaşayış sahəsi texniki pasportun göstəricilərinə uyğundur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında” Əsasnamənin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin müəssisələrinin, invertarlaşdırılmasını həyata keçirmək, invertarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olaraq texniki sənədlərin tərtib edilməsinin təmin etmək həmin qurumun vəzifələrinə aid edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı tələbində texniki pasportun məhz hansı göstəricilərə uyğun verilməsini qeyd etməmiş, o sadəcə mülkiyətində olan əmlaka texniki pasdportun verilməsini tələb etmişdir. Cavabdeh əmlakı mülkiyyət hüququnu qeydə aldıqdan sonra əmlaka texniki pasportunu tərtib edərək vermək vəzifəsini daşıyır. Mülkiyyətçi dəyişdikdən sonra nəticə etibarı ilə texniki pasportun da yeni mülkiyyətçinin adına verilməsi labüddür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar