Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-81/2023 28.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili (xx.xx.2023-cü il tarixə kimi səlahiyyətli nümayəndəsi) Vəkil1, Üçüncü şəxs X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (X3 ayrılmış 344 m2 torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (X3 ayrılmış 344 m2 torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli (Protokol N42) ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində istehsal və kommersiya sahələri məqsədilə iddiaçının adına 9600 kv.m torpaq sahəsi ayrılmışdır.Həmin vaxtdan da həmin torpaq sahəsi onun istifadəsindir. Sumqayıt Bələdiyyəsinin 05 sentyabr 2018-ci il tarixli (protokol N-10) qərarına ona məxsus torpaq sahəsinin 344 kv.metri X2 ayrılmışdır. xx.xx.2018-cı il tarixdə həmin torpaq sahəsinə dair cavabdeh Sumqayıt Bələdiyyəsi ilə üçüncü şəxs X5 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci ildə isə üçüncü şəxs X5 torpaq sahəsinə dair çıxarış almışdır. Bələdiyyənin qərarlarından görünür ki, onun adına verilmiş qərar 2005-ci il tarixlidir, üçüncü şəxs X2 adına olan qərar isə 05 sentyabr 2018-ci il tarixlidir. Onun adına verilmiş qərar ləğv edilmədiyi və qüvvədə olduğu halda onun adına ayrılmış həmin torpaq sahəsi M.Cəlil Əli oğluna necə satıla bilər? Göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsini X1. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirəm. Əlavə olaraq qeyd edir ki, o Sumqayıt şəhər məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və hazırkı ərizəsi icraata qəbul olunduqdan sonra həmin iş üzrə icraatın dayandırılması barədə vəsatət ilə məhkəməyə müraciət edəcək. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsi 3-cü şəxsə qanuni əsaslarla ayrılmışdır və iddiaçının tələbi əsassızdır. Ona görə də cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır.Belə ki, qeyd olunan torpaq təmsil etdiyi şəxsə qanuni əsaslar ilə ayrılmışdır.İddiaçıya ayrılan torpaq sahəsi 3-cü şəxsə ayrılan torpaq sahəsi ilə üst-üstə düşmür. Bunu məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyi ilə də müəyyən etmək mümkündür.Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X5 vəkilinin ifadəsinə uyğun ifadə verərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin önündə onun mərhum atasına mülkiyyət hüququ ilə məxsus olan daş qaraj və həmin daş qaraja giriş çıxış üçün yol mövcud idi.Atası vəfat etdikdən sonra daş qarajın arxa hissəsində olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsindən alınmış və həmin sahə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Torpaq sahəsinə bələdiyyə tərəfindən rəsmiləşdirmə aparılarkən qanunvericiliyə tam şəkildə əməl edilmişdir. Qeyd olunanlara əsasən 3-cü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmədiyinə görə onun 3-cü şəxs qismində iştirakını məcburi hesab eldilməmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və 3-cü şəxsə məxsus olan həyətyanı sahəsində inşası başa çatmış fərdi yaşayış evinin və daş hasarın daxilində yerləşən həyətyanı torpaq sahəsinin olması, iddiaçı tərəfin sahibliyində olan torpaq sahəsi ilə 3-cü şəxsin daş hasarı arasında ictimai yolun olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının ləğv etmək istədiyi Sumqayıt Bələdiyyəsinin 05 sentyabr 2018-ci il tarixli (protokol N-10) qərarı əsasında X3 344 m2 torpaq sahəsi satılmışdır. Sonuncu da öz növbəsində daşınmaz əmlakın dövlət reyestrindən **********88 reyestr nömrəli çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizaya uyğun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3592/2023 nömrəli mütəxəssis rəyindən məlum oldu ki, İddiaçı adına ayrılmış 9600 kv.m torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixində Sumqayıt Bələdiyyəsinin qərarı ilə X2 adına ayrılmış 344 kv.m torpaq sahələrinin torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları uyğunluq təşkil edir.Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********88 reyestr nömrəsi ilə vətəndaş X2 adına qeydiyyata alınmışdır. Elektron kadastr bazasında məhkəmə predmeti olan torpaq sahəsinin faktiki koordinatlarının yoxlanması zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür.Həmçinin bildirilir ki, İddiaçı adına məhkəmə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi mövcud deyildir. Göründüyü kimi, iddia tələbinin araşdırılması məqsədi ilə mübahisələndirilən bələdiyyə qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsinə baxmayaraq, iddiaçının müvafiq bələdiyyə qərarının ləğv etməsinə subyektiv hüququ olmadığına görə onun tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (X3 ayrılmış 344 m2 torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-81/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-81/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver