Məhkəmə qərarları › İş №2-1(118)-81/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-81/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-81/2024 18.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ona məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Xızı rayönu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair və X4 məxsus Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində yalnız onun saxlanılmasını və “ona məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xızı rayonunun Xələnc bələdiyyəsinin 03.10 2005ci il tarixli 10 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün Xızı rayonunun Xələnc kəndi ərazisindən 1200 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahələrinə dair AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixində torpaq sahəsinin plan və ölçüsünü tərtib edilməsi barədə müvafiq sənədlər tərtib edilmiş və X7 Kitabında 56 və 57-ci nömrə ilə uçota alınmışlar. Bu yaxınlarda həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün AR ƏMDX yänında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə fnüraciət etmişdik Lakın cavabdeh orqan ərizələrimizin təmin edilməsindən imtina etmiş və əsas kimi də bu topraq sahəsinə dair bələdiyyə qərarlarının AR Ədliyyə Nazirliyinin X2 aşkar edilməməsini göstərmişlər. Təbii ki, həmin sənədlərin AR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilməsi onun vəzifəsi olmadığı və həmçinin səlahiyyətinə aid olmadığı üçün bu əsasla ərizəsinin təmin edilməsindən imtina olunması tamamilə qanunsuzdur. Hesab edir ki, imtinanın heç bir hüquqi əsası yoxdur və cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş əvvəlki şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavanşir oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı əvvəlki ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xələnc rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə sorğu ünvanlanmışdır. Belə ki, dayandırmanın müddəti bitənədək, X1 sorğuya cavab verilmədiyi üçün ərizənin icrasından imtina edilmiş və iddiaçının ünvanına hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə **********94 nömrəli, 25.01,2022-ci il tarixli bildiriş göndərilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olan 09/5-10 saylı 18.01,2022-ci il tarixli cavab məktubunda qeyd olunan qərarın X2 aşkar olunmadığı bildirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Xızı rayonu, Xələnc bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı; Xızı rayonu, Xələnc bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli 10 nömrəli protokolundan çıxarış; 06 saylı, 12 sentyabr 2005-ci il tarixli qəbzin surəti; 391 saylı, 20 dekabr 2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”ın surəti; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi; mübahisə predmeti olan torpaq sahəsinin koordinatlarına dair Xızı rayonu, Xələnc bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarış, A № 004688 saylı, 14 iyun 2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xızı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xızı rayonu, Xələnc bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı Xızı rayonu, Xələnc bələdiyyəsinin alqı-satqı predmeti olan 0.12 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 134.00 manat məbləğində pul Xızı rayonu, Xələnc bələdiyyəsinin hesabına ödənilmişdir. İddiaçıya torpaq sahəsinin satılması “Torpaqların alqı-satqısı”na dair 391 saylı, 20 dekabr 2005-ci il tarixli aktla da rəsmiləşdirilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Xızı rayonu Xələnc bələdiyyəsinin 10 nömrəli, 03 oktyabr 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 03 oktyabr 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 134.00 manat (yüz otuz dörd) manat məbləğində pul vəsaiti ödənilmişdir. Xızı rayonu, Xələnc bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli, 01 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin saxlancına təhvil verilməməsi, alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəisnin qeyd edilməməsi, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanın memarlıq xidmətinin rəyinin alınmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən yol verilmiş qeyd edilən nöqsanlar vətəndaşın ziyanına şərh oluna və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz, qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş A004688 saylı, 14 iyul 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə Xızı rayonu Xələnc bələdiyyə torpaqlarından ona satılan həyətyanı torpaq sahəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi eyni deyil, mübahisəli torpaq sahəsi kompleks yerquruluşu xəritəsində bələdiyyə mülkiyyətinə aid meşə zolağı kimi göstərilmişdir, mübahisəli torpaq sahəsi iddiaçıya satıldığı dövrdə, yəni 2005-ci ildə Xızı rayonu Xələnc bələdiyyəsinin mülkiyyətində olan meşə torpaqlarına aid olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/7606 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi də yuxarıda qeyd edilən mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Məhkəmə qeyd olunan halın araşdırılması üçün aidiyyatı üzrə sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Xızı rayonu Xələnc-Fındığan bələdiyyəsinin 26 saylı, 13 oktyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 1200 kv.m torpaq sahəsinin koordinatları ilə tərtib edilmiş A004688 saylı, 14 iyul 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsnin koordinatları eynidir. Məhkəmə cavabdeh orqanın mübahisəli torpaq sahəsinin meşə zolağı ərazisində yerləşməsinə münasibətdə bildirir ki, qeyd olunan halın araşdırılması üçün məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilərək, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan sənədlərin təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 18 oktyabr 2023-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, eyni tarixli bələdiyyə qərarı ilə ayrılmış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “yaşayış məntəqələri” torpaqları kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin əlavə edilmiş sənədlərdən və ortofoto görüntülərindən çıxarışlar da təsdiq edir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri də kənd təsərrüfatı təyinatlı istifadə edilmir. Bundan əlavə sənədlərdən görünür ki, iddiaçı ilə eyni illərdə bələdiyyə qərarı əsasənda vətəndaşlara ayrılan, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri də “yaşayış məntəqələri torpaqları” kimi reyestrdə qeydə alınmışdır. Həmçinin yuxarıda adıçəkilən bələdiyyə qərarından görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi “fərdi yaşayış evi tikintisi” məqsədilə ayrılmışdır. İddiaçıya torpaq sahəsi satılan zaman fərdi yaşayış evi tikintisi məqsədilə satılması, lakin hal-hazırda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kimi qeydə alınması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olur. Beləliklə göründüyü kimi, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi hal tamamilə əsassızdır və formal xarakter daşıyır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə ilkin iddia ərizəsində iddiaçı ilə birgə iddiaçı qismində iştirak etmiş və bələdiyyənin eyni tarixli qərarı ilə 1200kv.m torpaq sahəsi ayrılmış X3 torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşu torpaq sahələridir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə X3 yuxarıda qeyd edilən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına çıxarış verilmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xızı rayonunun Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya ayrılmış Xızı rayonu, Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Xızı rayonunun Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya ayrılmış Xızı rayonu, Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar