Məhkəmə qərarları › İş №2-1(118)-810/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-810/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-810/2021 20.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə 31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X2 adına Quba rayonu, Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı atası X3 Quba rayonu, Dəvədabanı yaşayış massivində ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 05 noyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə 31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X2 qanun üzrə vərəsəsi olan İddiaçı adına Quba rayonu, Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın verilməsi vəzifəsinin qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin üzərinə 31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X2 adına Quba rayonu, Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın verilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cu il tarixli və XXİ Çağırış Quba Rayon X5 Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 6 iyul 1993-cu il tarixli Qərarlarına əsasən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba Şəhəri üzrə Nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 nömrəli Sərəncamı ilə qanun üzrə vərəsəsi olduğu 31.01.2007-ci il tarixində vəfat etmiş atası X2 adına Quba rayonu Dəvədabanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi tərəflərindən hasarlanmış və uzun müddətdir ki istifadələrindədir. Torpaq sahəsinin sol, sağ və arxa tərəfləri qonşu torpaqlarla ön tərəfi isə məhəllədaxili yolla hasar olaraq ayrılmışdır. Torpaq sahəsinin ətrafında qonşular tərəfindən fərdi yaşayış evləri inşa edilmişdir. Hazırda həmin evlərdə yaşayış mövcuddur. 25 ildən artıqdır ki, istifadələrində olan torpaq sahəsinin sərhədlərinə dair qonşuluq etdiyi şəxslərlə heç bir mübahisə və fikir ayrılıqları olmamışdır. Həmçinin bu müddət ərzində ailələrinə ayrılmış torpaq sahəsinə dair üçüncü şəxs və ya şəxslərin sahiblik iddiası mövcud olmamışdır. Quba rayon bələdiyyəsi tərəfindən təqdim olunan 1:10000 miqyasda, 1:2000 miqyasda sxemləri də qeyd olunan torpaq sahəsinin faktiki olaraq ailələrinə mənsub olmasını təsiqləyir. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsinə dair 03.11.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müaciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh müraciətinin təmin edilməsindən imtinanın səbəbi olaraq Azərbaycan Respublikası İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin torpaqayırma səlahiyyətinin olmadığını göstərmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçının mərhum atası Q.A.Ərzuman oğluna fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cu il tarixli və XXİ Çağırış Quba Rayon X5 6 iyul 1993-cu il tarixli qərarları əsasında Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması Quba Şəhər İcra Hakimiyyətinə həvalə olunmuşdur. Quba Şəhər İcra Hakimiyyətinin həmin qərarın icrasını icra hakimiyyəti nümayəndəsinə həvalə etməsi vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməli deyil. Burada hüquqmüəyyəncdici sənəd kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cu il tarixli və X5 6 iyul 1993-cu il tarixli Qərarları əsas kimi qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaş İddiaçı mərhum atası X2 adına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.1994-cü il tarixli və XXİ Çağırış Quba rayon XDS-nin Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 06.07.1993-cü il tarixli qərarlarına əsasən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 19.08.1995-ci il tarixli, 50 nömrəli Sərəncamı ilə, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 03.11.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət etmişdir. Ərizəyə 05.11.2020-ci il tarixli **********89 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum atası X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 03.11.2020-ci il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd edilən 0.05 ha torpaq sahəsi Quba rayon İcra Hakimyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli 50 saylı sərəncamı əsasında ayrılmışdır. Quba rayon İcra Hakimyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bununla bağlı əvvəlki müraciəti zamanı 17.09.2020-ci il tarixli **********38 nömrəli məktubla münasibət bildirilmişdir. Bu, səbəblərdən də ərizənin icrasını Ərazi İdarəsi tərəfindən təmin etmək mümkün olmamışdır.” Məlumat üçün isə bildirilmişdir ki, qanunvericilikdə rayon İHB-nın İnzibati Ərazi Vahidliyi üzrə nümayəndələrinin əmrinin ilkin torpaqayırma sənədi kimi qəbul edilməsi nəzərdə tutulmur. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq X1 ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissəyə heç bir münasibət bildirilməmişdir. İddiaçının tələbi mərhum X3 Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli 50 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 300 saylı 08 sentyabr 1994-cü il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” qərarından görünür ki, Quba şəhərinin baş inkişaf planına uyğun olaraq fərdi mənzil və digər sosial mədəni obyektlərin tikintisi üçün Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun Quba yardımçı təcrübə təsərrüfatının ərazisindən daimi istifadə üçün 121.0 hektar, o cümlədən 22.0 hektar əkin, 90.0 hektar az məhsuldar meyvə bağı, 2.0 hektar biçənək və 7.0 hektar sair torpaq sahəsi ayrılması barədə Quba rayon X5 və Quba rayon İcra Hakimiyyəti başçısının torpaq istifadəçisi, Dövlət Tikinti və Arxitektura Komitəsi və Dövlət Torpaq Komitəsi ilə razılaşdırılmış təkliflərinin qəbul edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Quba rayon X5 6 iyul 1993-cü il tarixli qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsü hər bir təsərrüfat üzrə 0,05 ha müəyyən edilməsi, həmçinin rayon XDS-nin Rəyasət heyətinə deputaların tənqidi qeydləri ilə əlaqədar Alekseyevka, Rustov, Amsar, İ Nügədi, Zərdabi, Zelenovka və digər inzibati ərazi vahidlərində ictimai torpaqların dağıdılması faktlarının, vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyinin yoxlanılması üçün komissiya təşkil edilməsinin və yoxlamanın nəticələrindən asılı olaraq tədbirlərin həyata keçirilməsinin tapşırılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 01 fevral 2019cu il tarixli 216 saylı arxiv çıxarışından görünür ki, Quba şəhər İcra nümayəndəliyinin 12 saylı, 19 avqust 1995-ci il tarixli protokolunda torpaq bölüşdürmə komissiyasının növbə sənədləri və digər hüquqi sənədləri nəzərə alınaraq Quba şəhərində fərdi mənzil tikintisi üçün növbədə duran X3 növbəsi çatdığı üçün torpaq sahəsinin verilməsinin qərara alındığı qeyd edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 saylı sərəncamından görünür ki, X4 fərdi yaşayış evi tikmək üçün şəhərin “Dəvədabanı” ərazisində 500 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-1 234593 saylı, 13 fevral 2007-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 31 yanvar 2007-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba rayon X5 6 iyul 1993-cü il tarixli qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsünün hər bir təsərrüfat üzrə 0,05 ha müəyyən edilməsi, rayon XDS-nin Rəyasət heyətinə deputaların tənqidi qeydləri ilə əlaqədar Alekseyevka, Rustov, Amsar, İ Nügədi, Zərdabi, Zelenovka və digər inzibati ərazi vahidlərində ictimai torpaqların dağıdılması faktlarını, vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyini yoxlamaq üçün komissiya təşkil etməsinin və yoxlamanın nəticələrindən asılı olaraq tədbirlərin həyata keçirilməsinin tapşırılması qərara alınmışdır. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 saylı sərəncamından görünür ki, X4 fərdi yaşayış evi tikmək üçün şəhərin “Dəvədabanı” ərazisində 500 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bu sənədlərə əsaslanan iddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavadeh İdarəyə müraciət etmişdir. Lakin cavabdehin 05 noyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Belə ki, Quba rayon X5 6 iyul 1993-cü il tarixli qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış və Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Quba rayon İcra Hakimiyyəti başçısı yuxarda qeyd edilən sərəncamı ilə Quba şəhəri üzrə nümayəndəsinə vətəndaşlara sahəsi torpaq ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Beləliklə də, iddiaçının mərhum atasına torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçının mərhum atasına torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mərhum atasının hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum atasının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 saylı sərəncamı ilə mərhum X3 ayrılmış 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 saylı sərəncamı ilə mərhum X3 ayrılmış 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar