Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-811/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011ci il tarixli 96 nömrəli qərarı ilə Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0812 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 96 nömrəli qərarı ilə Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0812 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 96 nömrəli qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0812 ha torpaq sahəsi iddiaçıya ayrılmış, istifadəsinə və sahibliyinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər onun istifadəsindədir. Torpaq sahəsinə dair torpaq vergisini vaxtı vaxtında ödəyir, torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edib ailəsi ilə birlikdə orada yaşayır. İddiaçı torpaq sahəsi və inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi iiə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-5956/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, aparılmış araşdırma zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0812 ha torpaq sahəsinin X6 Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli, 96 nömrəli qərarı ilə ayrıldığı, torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiqlənmiş sürüşmə zonasında yerləşdiyi, ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0002 reyestr nömrəli torpaq sahəsinin plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi uyğunluq təşkil etsə də, koordinatlarında uyğunsuzluq olduğu, müraciət üzrə əlavə edilmiş yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, sözügedən (həm sənəd üzrə, həm də faktiki olaraq) daşınmaz əmlakın bir hissəsinin **********56- 10301 reyestr nömrəli çıxarışla başqa səxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin və yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2005- ci il tarixli, 226 nömrəli Fərmanı ilə X3 ləğv edildiyi nəzərə alındıqda torpaq sahəsinin iddiaçıya qanunvericiliyə zidd şəkildə ayrıldığı müəyyən edilir. Bununla yanaşı cavabdehin nümayəndəsi qeyd etdi ki, torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi elektron baza məlumatlarına uyğun qeyd edilsə də, faktiki vəziyyətə uyğun deyildir, yəni mübahisəsi gedən torpaq sahəsi naturada sürüşmə zonasında yerləşmir. Həmin torpaq sahəsinin ətrafında yaşayış evləri və binaları yerləşir. İş materiallarında olan: - Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli, 96 nömrəli qərarından görünür ki, Masazır qəsəbəsi ərazisində 79 ailəyə 5,98 ha torpaq sahəsi qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə dair mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün hazırlanmış sənədlərin təsdiq edilməsi qərara alınmışdır. -Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. - DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 812,66 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, imtina məktubunda torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilən **********56-1031 reyestr nömrəli çıxarışın və onun verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 96 saylı qərarı ilə iddiaçıya ayrılmış və bələdiyyənin yerquruluşu planından çıxarışda, plan və ölçü sənədində göstərilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür və sxemdə göstərilmişdir. Həmçinin məhkəmə tərəfindən təqdim olunmuş DTXK-si tərəfindən tərtib edilmiş **********0002 reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatlarında uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçının faktiki istifadəsində olan tikilinin (fərdi yaşayış evi) 0,0070 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə X5 adına (**********56-10301 reyestr nömrəsi ilə) qeydiyyata alınmış fərdi yaşayış evinin (istifadəsində olan) sənəd üzrə torpaq sahəsi ilə üst-üstə hissəsi 0,0061 ha təşkil edir. Bundan başqa torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiqlənmiş sürüşmə zonasında yerləşdiyi aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən : daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməskinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı aşağıdakılar əsas hesab olunur : -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə qeyd edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 96 saylı qərarından məzmunundan göründüyü kimi həmin qərar faktiki olaraq vətəndaşların uzun müddət istifadələrində olan torpaq sahələrinin sənədləşdirilməsi məqsədi ilə qəbul edilmişdir. Həmin qərara vətəndaşların adlı siyahısı əlavə edilməmişdir, lakin iddiaçıya 2011-ci ildə verilən torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən qərara istinad edilmişdir və iddiaçının adına 812.66 kv m torpaq sahəsinə dair koordinatları müəyyən edilməklə plan və ölçü sənədi verilmişdir. Məlumdur ki, aqrar islahat komissiyaları Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2005-ci ildə ləğv edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı hazırda qüvvədədir, hər hansı orqan və ya şəxs tərəfindən mübahisələndirilməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv və ya etibarsız hesab edilməmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə cavabdehin torpaq sahəsinin və tikilinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyinə görə tikilinin cəmi 0.0070 ha (7 kv m) hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Lakin iddiaçının inşa etdiyi yaşayış evinin cəmi 0.007 ha (7 kv m) hissəsinin yüksək gərginlikli mühafizə zonasına düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal onun mülkiyyət hüququnun qeydə alınmasindan imtina üçün əsas kimi qiymətləndirilməməlidir. Cavabdein nümayəndəsi özü də məhkəmə iclasında izah etdi ki, faktiki vəziyyətdə iddiaçının torpaq sahəsi və fərdi yaşayış evinin koordinatlarının başqa şəxsin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi halı mövcud deyildir. Elektron baza məlumatlarına görə 0.0061 ha hissədə üst-üstə düşmə halı mövcuddur ki, bu uyğunsuzluğu digər mülkiyyətçi ilə razılaşdırmaq yolu ilə həll edilməsi mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 96 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0812 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun şəkildə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 96 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0812 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun şəkildə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-811/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-811/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver