Məhkəmə qərarları › İş №2-1(118)-814/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-814/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-814/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 sayı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Qobu qəsəbəsi ərazisində yerləşən İddiaçı adına olan 0.08 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X4 19 iyul 2007-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi məqsədilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə o Qobu Bələdiyyəsinin hesabına 500 manat ödəniş etmişdir. Abşeron rayon Qobu Bələdiyyəsinin, Abşeron RİH və Memarlıq Tikinti Şöbəsinin Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin təsdiq etdiyi 19.07.2007-ci il tarixli aktına əsasən torpaq sahəsi yerində ölçülüb, ona təhvil verilmişdir. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi Qobu qəsəbəsi ərazisində ona 0,08 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair rəy vermiş və etiraz etmədiyini bildirmiş, Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsinin 29 iyun 2007-ci il tarixli, 199/19 saylı rəyi ilə həmin torpaq sahəsində fərdi evin tikilməsinə etiraz edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən o, 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 4 saylı Abşeron ərazi İdarəsinə müraciət etmiş, 4 saylı Abşeron Ərazi İdarəsi özünün 19.11.2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi məktubda torpaq sahəsinin satışının qanunamüvafıq həyata keçirilmədiyi göstərilmişdir. Həmçinin Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunauyğun tərtib edilmədiyi, həmçinin ləğv edilmiş DT və XK-nın rəyinə istinad edildiyi imtina məktubunda göstərilmişdir. O cavabdehin imtinasını əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 03 noyabr 2021- ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 19 iyul 2007-ci il tarixdə. 15 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 27 avqust 2007-ci il tarixdə verildiyi, alqı-satqı aktının ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin 19 iyul 2007-ci il tarixdə, 15 nömrəli qərarda ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 27 avqust 2007-ci il tarixli rəyinə istinad olunmuşdur. Əlavə olaraq müraciət üzrə əlavə edilmiş 09.12.2013-cü il tarixli, 7E/19149 saylı etibarnamədə 17.07.2007-ci il tarixli, 15 nömrəli bələdiyyə qərarı göstərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 19.11.2021-ci il tarixli **********21 nömrəli imtina məktubu, etirazı, Abşeron rayonu Qobu Bələdiyyəsinin 15 nömrəli, 19 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin razılığı ilə təsdiqlənmiş 19.07.2007-ci il tarixli akt, Abşeron rayonu Qobu Bələdiyyəsi və Abşeron Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Abşeron rayonu Qobu Bələdiyyəsinin “X2”ın surəti, bələdiyyə fonduna ödənilmiş ödəniş qəbzləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 27.08.2007-ci il tarixli, 974 nömrəli rəyi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 29.06.2007-ci il tarixli rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Abşeron rayonu Qobu Bələdiyyəsinin 15 nömrəli, 19 iyul 2007-ci il tarixli qərarının verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Məmməd Vəliyev DƏDRX-in 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 19.11.2021-ci il tarixli **********21 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsinin 19 nömrəli, 19 iyul 2007-ci il tarixli qərarı əsasında 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq razılığı 27.08.2007-ci il tarixli rəy əsasında verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra İddiaçı təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan 500 manat pul 2006-cı ilin avqust ayında qəbz əsasında Qobu Bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0.08 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) İddiaçı ilə Qobu Bələdiyyəsi arasında alqı-satqı aktının bağlanmaması, 2) Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsi 19 iyul 2007-ci il tarixdə, 15 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 27 avqust 2007-ci il tarixində verilməsi, 3) Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənməməsi, Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentdə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Qobu Bələdiyyəsi tərəfindən 19 iyul 2007-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsurlərini özündə birləşdirən (yəni torpaq sahəsinin İddiaçı təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Belə ki, qeyd olunan hərəkətlər Qobu Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq alqı-satqı aktının tərtib edilməməsi o zaman ciddi qanun pozuntusu hesab oluna bilərdi ki, həmin torpaq sahəsi bələdiyyənin deyil, hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus olmuş olardı. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiyyə isə həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Başqa sözlə desək, alqı-satqı müqaviləsinin rəsmiləşdirilib qüvvədə olması üçün bütün kriteriyalara riayət olunub. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqument əsassızdır. DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 27 avqust 2007-ci il tarixində verilməsi, yəni torpaq sahəsinin ayrılması haqqında Qobu Bələdiyyəsinin 19 iyul 2007-ci ildə ayrılması ilə bağlı gətirdiyi 2-ci arqumentidə məhkəmə əsaslı hesab etmir. Əvvəla nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Qobu Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən müvafiq rəyin torpaq sahəsi ayrıldıqdan sonra verilməsinə dair gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin mövcud olması həmin torpaq sahəsinin ayrılmasını qanuni edir və rəyin əvvəlcədən və ya sonradan verilməsi inzibati orqanın məsul şəxsinin intizam qaydasında məsuliyyətə cəlb edilməsinə dəlalət edir və həmin rəyin sonradan verilməsi vətəndaşın hüquqlarına xələ gətirilməsinə xidmət edə bilməz. Bundan başqa oda nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən gətirilən arqument Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyinin mövcud olmaması ilə deyil, rəyin torpaq sahəsi ayrıldıqdan sonra verilməsi ilə bağlı olmuşdur. Ona görədə cavabdeh təşkilatın etirazında gətirdiyi bu arqumentidə məhkəmə əsassız hesab edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi növbəti arqument ilə bağlı məhkəmə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 29 iyun 2007-ci il tarixli 199/19 saylı rəyindən məlum olur ki, Memarlıq və Tikinti şöbəsinin Qobu Bələdiyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsinin ayrılmasına etirazı olmamışdır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın gətirdiyi növbəti arqumentdə öz əhəmiyyətini itirmiş olur. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 3-cü arqument ilə bağlı məhkəmə qeyd edir ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi Cavabdeh həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən göstərilən 3-cü arqument onun mülahizələrinə əsaslanmışdır. Bu onu deməyə əsas verir ki, cavabdehin gətirdiyi bütün arqumentlərin əsassız olmasına dəlalət edir. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iddia tələbi üzrə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron Qobu qəsəbəsi ərazisində yerləşən İddiaçı adına olan 0.08 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar