Məhkəmə qərarları › İş №2-1(118)-817/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-817/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-817/2022 19.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddiaçının 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Neft şirkətində işlədiyi müddətin iddiaçının dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq iddiaçının 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Neft şirkətində işlədiyi müddətin iddiaçının dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsinə həmin normaya uyğun olaraq hüquqi yardım edilmiş və ona izah edilmişdir ki, cavabdeh qismində iddiaya cavab verməli olan səlahiyyəti orqan qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, dövlət orqanın əlində inzibati resurslar olduğu üçün inzibati məhkəməyə müraciət etmiş, lakin ona aydınlaşdırma verilməmişdir, bu səbəbdən işə mahiyyəti üzrə baxılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddia düzgün cavabdehə ünvanlanmamışdır. 2006-cı ildən sonra sığorta edən tərəfindən təqdim olunmuş sənədlərə əsasən hesablanma aparılıb. 2012-2017-ci illərə dair iddiaçının fəaliyyəti ilə bağlı hər hansı ödəniş yoxdur. Sığorta edən ödəniş etməli idi ki, bunun nəticəsində məlumatlar sistemə mövcud olsun. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazır ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2012ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Neft şirkətində işlədiyi müddətin iddiaçının dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikası Qanununun 7.1 və 7.1.5-ci maddələrinə əsasən sığortaçı bu Qanunun 5.2.2 – 5.2.19-cu maddələrində nəzərdə tutulan məlumatları bu Qanunun 5.2.15 – 5.2.18-ci maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilən məlumatlar əsasında sığortaolunanın fərdi şəxsi hesabında qeydə alır. Həmin Qanunun 8.1 və 8.1.4-cü maddələrinə əsasən sığortaolunan fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək hüququna malikdir. Həmin Qanunun 8.2 və 8.2.2-ci maddəsinə əsasən sığortaolunanın bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək vəzifələri vardır. Həmin Qanunun 9.2 və 9.2.1-ci maddəsinə əsasən sığortaedən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamə ilə cavabdeh orqanın fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları müəyyən edilmişdir. Qeyd olunan nizamnamənin Nizamnamənin 3.1.4 və 3.1.5-ci bəndlərinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında məcburi dövlət sosial sığortası sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək onun vəzifəsi kimi müəyyən edilmişdir. Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər, sığortedənlər isə Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Yuxarıda qeyd olunan normaların mənasından göründüyü kimi hər rüb üzrə rüb başa çatdıqdan sonra sosial sığorta haqları barədə sığortaçıya hesabatın verilməsi sığortaedənin vəzifəsi kimi müəyyən edilmişdir. Sığortaçı tərəfindən də sığortedən tərəfindən təqdim edilən məlumatlar fərdi şəxsi hesablara daxil edilir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırki iş üzrə cavabdeh iddiaya cavab verməli olan orqan deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini səlahiyyəti olmayan inzibati orqana yönəltdiyindən onun iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, müvafiq tələblə sığortedən təşkilata, yəni işlədiyi idarəyə və ya mülki məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddiaçının 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Neft şirkətində işlədiyi müddətin iddiaçının dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar