Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-819/2020 08.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Corat qəsəbəsi ərazisində yerləşən sahəsi 292 m2 olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 2007-ci ilin əvvəllərində ərizə ilə Corat Bələdiyyəsinə müraciət edərək Corat qəsəbəsi ərazisində uzun illər faktiki istifadə etdiyi sahəsi 292 m2 olan həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun sözügedən ərizəsinə əsasən Corat Bələdiyyəsi tərəfindən torpağın sənədləşmə işlərinin aparılması məqsədi ilə müvafiq rəylərin alınması üçün məktublarla Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciətlər ünvanlanmışdır. Corat Bələdiyyəsinin müraciətlərinə cavab olaraq həm Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi, həm də Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra o, torpağın alqı-satqı haqqı olaraq 525,60 manat məbləğində pulu Corat Bələdiyyəsinin bank hesabına ödəmiş və Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli 15 nömrəli qərarı ilə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində sahəsi 292 m2 olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqı aktı da imzalanaraq ona təqdim edilmiş, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanmış, həmçinin torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin mütəxəssisləri tərəfindən yerində ölçülərək müvafiq təhkim aktı əsasında ona təhvil verilmişdir. Lakin o göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirə və müvafiq mülkiyyət sənədini əldə edə bilmir. Belə ki, onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatı ilə bağlı etdiyi müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə torpaqları üzərində hüquqlar açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə bilinər, Corat Bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilməmiş və Dövlər Aktı təqdim olunmamışdır. Bu səbəbdən onun müraciətinin icrasından imtina olunmuşdur. Ona məsləhət görülmüşdür ki, o təkrarən bələdiyyəyə müraciət etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən öz adına sənədləşdirməlidir. Halbuki, o üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, bələdiyyə qərarının 01.12.2007-ci il tarixdən sonra verilməsi ondan asılı olmayan səbəblərdən həyata keçirilmişdir.Onun hüquqları aşkar şəkildə pozulduğu üçün o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır . Belə ki, Cavabdeh aidiyyəti olmayan bəhanələr gətirməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Halbuki, mülkiyyətimə torpaq sahəsinin ayrılması barədə sözügedən bələdiyyə qərarı qüvvədədir və nə Corat Bələdiyyəsi tərəfindən ləğv olunmamış,nə də məhkəmə qaydasında etibarsız sayılmamışdır.Belə olan halda hesab edirəm ki,sözügedən bələdiyyə qərarının qanuniliyi cavabdeh tərəfindən şübhə altına alına bilməz və cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin,o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli 15 saylı protokol qərarı ilə ayrılmış 0,0292 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi ilə əlaqədar 23 yanvar 2020-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin bildirilmişdir ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmamış və ya bələdiyyənin dövlət aktı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməmişdir. Odur ki, torpaq sahəsinin ayrılmasına əsas olmuş Corat Bələdiyyəsinin müvafiq qərarı 01 dekabr 2007-ci il tarixdən sonra verildiyi üçün müraciətinin icrasının mümkün olmadığı İddiaçı bildirilmiş və bu barədə ona 31 yanvar 2020- ci il tarixli il tarixli **********15 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz edərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər, Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı, torpağın alqı-satqı müqaviləsi, Corat Bələdiyyəsinin kassasına ödənilmiş kassa mədaxil qəbzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 29.11.2007-ci il tarixli 02/2437 nömrəli rəyin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 26.02.2008-ci il tarixli A №034662 saylı Torpaq sahəsinin plan və ölçüsü, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin 31.01.2020-ci il tarixli **********15 saylı imtina məktubu, etirazı, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 26.11.2007-ci il tarixli, 597 nömrəli rəy, Corat Bələdiyyəsi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli, 93 nömrəli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt şəhər Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı, torpağın alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsi əsasında Corat bələdiyyəsi ərazisində yerləşən 292 m2 olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış və həmin torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı 292 m2 olan həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 31.01.2020-ci il tarixli **********15 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur ki, Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı və 29.01.2008-ci il tarixli torpaqların alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhər, Corat Bələdiyyəsi ərazisində yerləşən 292 m2 torpaq sahəsi İddiaçı satılmışdır. Həmin torpaq sahəsinin Corat Bələdiyyəsinin ərazisinə aid olmasına dair DT və XK Sumqayıt şəhər şöbəsi tərəfindən müvafiq rəy verilmiş və həmin qurumun yerli şöbəsi tərəfindən 26.02.2008-ci il tarixli A №034662 saylı Torpaq sahəsinin plan və ölçüsü təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin dəyəri Nərgiz Həsənova tərəfindən 03.07.2007-ci il tarixli 18 saylı məxaric qəbzi əsasında ödənilmişdir. Həmçinin İddiaçı adına Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 26.11.2007-ci il tarixli, 597 nömrəli rəyi əsasında Corat qəsəbəsi ərazisində fərdi yaşayış evi kimi torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməmişlər. Eyni zamanda məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Corat Bələdiyyəsi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli, 93 nömrəli arayışa əsasən, Corat bələdiyəsinin 07.12.2007-ci il tarixli, 15 nömrəli protokolu ləğv olunmamış və qanuni qüvvədədir. Həmçinin məhkəmə cavabdehin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər arqumentinə munasibətdə qeyd edir ki, hazırki, iş üzrə iddiaçı 15 ildən artıqdır ki, Sumqayıt şəhərində pasport qeydiyyatındadır və onun Sumqayıt Bələdiyyəsinin fəaliyyət göstərdiyi inzibati ərazidə daimi yaşayış yeri var. Cavabdeh təşkilat tərəfindən gətirilən digər arqumentə münasibət bildirərək, məhkəmə hesab edir ki, bələdiyyə tətərfindən qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ tanınmadan ona müraciət edən şəxsə satılmasında, hazır ki, iddia tələbi üzrə iddiaçının heç bir günahı yoxdur. Belə ki, iddiaçının hüquqları etimad prinsipinə əsasən qorunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanununn 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi hazır ki, iş üzrə İddiaçıSumqayıt şəhər Corat bələdiyyəsinə qarşı qeyd olunan Qanunun etimad prinsiplərinə əsaslanaraq Corat bələdiyyəsinə müraciət edərək, torpaq sahələri əldə etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı torpaq sahəsi ayrılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəyi alınmış və həmin rəyə əsasən qeyd olunan torpaq sahəsi Corat bələdiyyəsinin ehtiyyat fonduna aid olması müəyyən edilmişdir. Zaman etibarı ilə qeyd olunan vaxt torpaq sahələrinin kateqoriyasının, normativ qiymətinin müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Hal-hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olan ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı ərazi idarəsi hüquqi sələfi olmuş DTXK-nin verdiyi rəyi inkar edir. Bu isə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə ziddir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Corat Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı və 29.01.2008-ci il tarixli torpaqların alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhər Corat Bələdiyyəsi ərazisində yerləşən 292 m2 həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-819/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-819/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver