Məhkəmə qərarları › İş №2-1(118)-82/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-82/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-82/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin “Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli, **********64 nömrəli bildirişini qanunsuz hesab edib, göstərilən 0.12 ha torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxxxx 2019-cu il tarixli, **********64 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi sözügedən torpaq sahəsinin sərhədləri ilə əlaqədar qonşu X16 ilə İddiaçı arasında mübahisə halının olduğu aşkar edildiyindən müraciətin icrasını təmin etməyin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli Bildirişi ilə Xızı rayonu, Xızı şəhəri ərazisndə yerləşən 0.12 ha torpaq sahəsi üzərində “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata almamasından imtina edilmişdir. İmtinanın əsası kimi sözügedən torpaq sahəsinin sərhədləri ilə əlaqədar qonşu X16 ilə iddiaçı arasında mübahisə olunduğu göstərilmişdir. Baxmayaraq ki, iddiaçının qonşusu X16 ilə aralarında olan mübahisə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 1189/2019 saylı qətnaməsi ilə yekun vurulmuşdur. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini alsa da cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli Bildirişlə ərizəyə baxılmasından imtina edilmişdir, hansı ki, həmin tarixdə iddiaçının X16 ilə aralarında hər hansı mübahisə mövcud deyildi. İddiaçı bildirmişdir ki, Xızı rayonu X14 xx xxxxxxx 1998-ci il tarixli 17 saylı Qərarı ilə Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X17, X4, X1, İddiaçı, X6, X21, X2 və X7 mülkiyyətinə verilmişdir. Bu hüquqa dair adlarına JN- 024A, KOD 30601007 nömrəli xx xxxxxx 2001-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. xx xxxx 2017-ci il tarixdə torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri X17 ilə aralarında Hacıqabul rayonu Notariat Kontorunun Xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın Bağışlanması Müqaviləsi əsasında öz payına düşən hissəni iddiaçıya bağışlamışdır. “Daşınmaz əmlakın Dövlət reyesteri” haqqında AR Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın öz.gəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1 -ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zərimi olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası Hə təsdiqlənməklə “Elektron hökumət " portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtinanın verilməsi barədə Bildirişdə “Daşınmaz əmlakın Dövlət rcyesteri” haqqında AR Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş 6 halın heç biri mövcud deyildir. Bu isə imtinanın qanunsuz və əsassız olmasına bilavasitə dəlalət edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətinin icrası ilə bağlı araşdırma aparılan zaman sözügedən torpaq sahəsinin sərhədləri ilə əlaqədar qonşu X16 ilə İddiaçı arasında mübahisə halının olduğu aşkar edildiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Mübahisə halı başa çatdıqdan və mövcud problem aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona xx xxxxxx 2019-cu il tarixli **********64 qqydiyyat nömrəli bildiriş göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, iddia ərizəsində sözügedən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-1189/2019 saylı qətnaməsi xx xxxxxxxx 2019-cu il tarixdə məlumat üçün İdarəyə daxil olmuşdur. Lakin həmin qətnamənin qanuni qüvvəyə minməsi haqqında məlumat məhkəmə tərəfindən İdarəyə göndərilməmiş, iddiaçı tərəfindən də təqdim edilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsasları müəyyən edilmişdir. Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər vəs. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsaslar qanunvericilikdə imperativ müəyyən edilmiş və yalnız həmin əsaslar olduqda bu hüquqlarının qeydiyyata alınmalı olması öz əksini tapmışdır. Belə ki, iddiaçı Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin sərhədləri ilə əlaqədar qonşu X16 ilə İddiaçı arasında mübahisə halının olduğu aşkar edildiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə araşdırması ilə də müəyyən edilmişdir ki, Xızı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(068)-33/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X9 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(105)- 1189/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xızı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(068)-33/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sözügedən torpaq sahəsinin X5 istifadəsində olduğu, İddiaçı torpaq sahəsinə sahiblik etmədiyi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır, ona görədə iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, mübahisəli torpaq sahəsinə ilə bağlı mülki mübahisələrin nəticəsinə uyğun olaraq, yenidən inzibati orqana müraciət etməsi istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar