Məhkəmə qərarları › İş №2-1(118)-820/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-820/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-820/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona dövlət tərəfindən mənzillə təmin olunması üçün müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Qıvraq kəndində anadan olmuş, 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmət, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət keçmişdir. xx.xx.1988-ci ildə gizirlər məktəbinə daxil olub xx.xx.1988-ci ildə həmin məktəbi bitirib “gizir” hərbi rütbəsi alaraq xx.xx.1992-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.2012-ci ilədək xidmət etmiş, o cümlədən 1991-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş (Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 337 N-li xx.xx.2019- cu il tarixli arayıştəqdimatının surəti iddia ərizəsinə əlavə olunur). Beləliklə, xx.xx.1988-ci ildən xx.xx.2012ci il tarixinədək fasiləsiz olaraq həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2012-ci ildə hərbi xidmətdən yaşa görə ehtiyata buraxılıb şəxsi heyətin siyahısından çıxarılaraq hərbi uçota durmaq üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinə göndərilmiş və bununla da Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmış, xidmət etdiyi müddətdə Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənova yazılı surətdə müraciət edərək Azərbaycan Ordusunun 1991-ci il 9 oktyabr tarixində yaranmasını, həmin vaxt hərbi xidmətdə olduğunu, xidmət müddətində barəsində məhkumluq, aşağı vəzifəyə keçirilmə və hərbi rütbədə aşağı salınma hallarının olmadığını və xx.xx.2012-ci ildə ordu sıralarından ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarıldığını nəzərə almaqla 20 il 5 ay fasiləsiz hərbi xidmətdə olduğunu qeyd edərək adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilməsini, həmçinin həmin siyahıda adının hansı səbəblərdən olmamasının səbəblərini qəti şəkildə araşdıraraq nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən xx.xx.2020-ci il tarixdə daxil olan xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığın müraciətinə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır. Məktubla ona bildirilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az xidmət etdiyin üçün “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. Yəni, başqa sözlə desə dövlət hesabına mənzillə təmin ediləcək şəxslərin siyahılardan onun adı keçmir. Hesab edir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundakı qeydlər əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki qüsursuz xidməti təqvim hesabı ilə 20 il və daha çox olduğundan adı dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməli və o mənzillə təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyniməzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 1991 -ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 N-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli 569 N-li Fərmanına uyğun deyildir.Səbəbdə odur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı qüvvələrində xx xxxxxxx 1992-ci il tarixdən xx xxxx 2012ci il tarixə kimi xidmət keçmişdir. Həmin müddət 19 il 04 av 14 gün təşkil edir.Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən “İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür". İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçirilən şifahi baxışı iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 677 nömrəli imtina məktubu, SHXÇDX-nin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 337 nömrəli arayışın surəti, iddiaçının Xidmət Dəftərçəsinin surəti, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının Xidmət Dəftərçəsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı SSRİ Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2012-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna əsasən SHXÇDX-nin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 302 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Kəngərli rayon şöbəsində qeydiyyatda duran ehtiyatda olan baş gizir İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Zaqafqaziya Hərbi Dairəsi komandirinin 058 nömrəli xx.xx.1992ci il əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına verilib. Məhkəmə iddia tələbi ilə bağlı iddiaçının gətirdiyi arqumenti əsaslı hesab etmir. Belə ki, iddiaçının xidmət etdiyi hərbi hissə Azərbaycan Respublikasının ərazisində yerləşməsinə baxmayaraq, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına verilib və qeyd olunan tarixədək hərbi hissə SSRİ Silahlı Qüvvələrinin nəznində fəaliyyət göstərib. İddiaçının xidmət keçdiyi hərbi hissənin xx.xx.1992-ci ilədək Azərbaycan Respublikası ərazisində yerləşməsi həmin hərbi hissənin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəznində olmasına dəlalət edə bilməz. Ona görədə iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi xx.xx.1992-ci ildən başlanmış hesab olmalıdır. Qeyd olunan tarixdən iddiaçının ordu sıralarından təxris olunduğu müddət hesablandıqda mənzilin əldə edilməsi üçün tələn edilən 20 illik xidmət müddəti tamam olmur. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 N-li Fərmanınına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona dövlət tərəfindən mənzillə təmin olunması üçün müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar