Məhkəmə qərarları › İş №2-1(118)-822/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-822/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-822/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızı İddiaçı cavabdeh Quba bələdiyyəsinin sədri X1 qarşı Quba bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı ilə əlaqədar qərarının, Quba bələdiyyəsinin yerli həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokoluna əsaslanan qərarının, Quba bələdiyyə sədrinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli əmrinin ləğv edilməsi, Quba bələdiyyəsinin sədri H.Məmmədovanın ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompaniyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10000 manat məbləğində təzminatın ödənilməsinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quba bələdiyyəsinin sədri X1 qarşı iddia qaldıraraq Quba bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı ilə əlaqədar qərarının, Quba bələdiyyəsinin yerli həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokoluna əsaslanan qərarının, Quba bələdiyyə sədrinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli əmrinin ləğv edilməsi, Quba bələdiyyəsinin sədri H.Məmmədovanın ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompaniyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10000 manat məbləğində təzminatın ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş və məhkəmə iclasında onun tələbi ayadınlaşdırılmışdır. İddiaçı məhkəmə iclasında izahatında 2005-ci ildən hal-hazıra qədər Quba bələdiyyəsində müxtəlif vəzifələrdə işlədiyini, son 7 ildə bələdiyyədə məsləhətçi vəzifəsində işlədiyini, onun işdən kənarlaşdırılması üçün Quba bələdiyyəsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə işlədiyi məsləhətçi ştatının ixtisar olunduğunu, xx xxxxxx 2021-ci il tarixli, 13 saylı əmri ilə məsləhətçi vəzifəsinin ixtisarı ilə əlaqədar ona xəbərdarlıq məktubunun göndərildiyini, həmin qərar və əmrdən, həmçinin Quba bələdiyyəsinin yerli həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokoluna əsaslanan qərarından narazı olduğunu bildirdi və həmin aktların ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İPM-nin məqsədi isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdən ibarətdir (İPM-nin 1.1- ci maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının hazırkı iddia ərizəsindən isə aydın şəkildə müəyyən olunur ki, iddiaçı cavabdeh qismində Quba bələdiyyəsini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa-mülki hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçının mübahisələndirdiyi aktlar onun işlədiyi vəzifənin ixtisara salınması və onun işdən çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsində isə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılması nəzərdə tutulmuşdur. Lakin hazırki işdə iddiaçı ilə bələdiyyə arasında olan münasibətlər Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənən münasibətlər olmaqla əmək mübahisəsidir. Bu növ iddalara isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 5.2-ci bəndində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, hazırki mübahisə ilə bağlı ümumi məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 1 ünvanında yerləşən) şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar