Məhkəmə qərarları › İş №2-1(118)-822/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-822/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-822/2023 16.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 60000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 60000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair mülkiyyət hüququ "Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2012-ci i! tarixdə qeydiyyata alınmış və həmin 0.06 ha torpaq sahəsinə dair çıxarış və plan ölşü verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus daşınmaz əmlakların üzərində notariat əməliyyatı aparmaq istəyərkən mümkün olmamışdır. Apardığı araşdırma zamanı məlum olmuşdur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2012-ci il tarixdə qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ ilə ona məxsus Fatmayı kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi cavabdeh Azərbaycan Avtomobil Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Cavabdeh Azərbaycan Avtomobil Dövlət) Agentliyi artıq bir-neçə ildir ki, onunla razılaşmadan onun mülkiyyətində olan torpaq sahəsini yararsız vəziyyətə salmışdır. Bununla da onun mülkiyyət hüququnu kobud surətdə pozmuşdur. Cavabdeh məhkəmənin qərarı olmadan onu mülkiyyətindən məhrum etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -RX ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayon Fatmayı yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* saylı imtina məktubundan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti olaraq dayandıırlmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. - DƏDKR 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.06 ha torpaq sahəsi tam olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş yol tikintisi layihəsinin daxilində yerləşir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon 1 saylı Noitariat ofisi tərəfindən Abşeron rayon Saray qəsəbəsində Bakı-Bilgəh-Sumqayıt avtomobil yoluna yaxın ərazidə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinə dair 2017-2023-cü illər üzrə hər il üzrə bir neçə alqı-satqı müqavilələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin alqı-satqı müqavilələrdən görünür ki, sözügedən ərazidə bir sot torpaq sahəsinin dəyəri təxminən manat arasında dəyişir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 7 54.1, 20.1.6, 54.2, 19.3 və 23-cü maddələri). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Həmin Qanunun 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. Göstərilən Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2017-ci il tarixdə baş vermişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 2017-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Fatmayi kəndində 2017-ci il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 18 manat, 35 manat və 8.75 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən 1 kv m torpağın 3 ən yüksək qiymətinə 18, 35 və 8.7 manat aid edildiyindən, onların orta göstəricisi (18+35+8.7)/3=20.5) 20.5 manat edir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Məhkəmə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (20.5 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 % əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya 600 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (600 x 30=) 1800 manat kompensasiya ödənilməlidir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 18.000 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar