Məhkəmə qərarları › İş №2-1(118)-822/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-822/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-822/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayənfəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X14 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayon AİK-nin xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı ilə ayrılmış Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsinin 0.85 ha hissəsi üzərində İddiaçı, X3, X7 və X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu AİK-nin xx.xx.2000-ci il tarixli, 6/6 saylı qərarı ilə (JN:0018, Kod ********) Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2,70 ha torpaq sahəsinə görə İddiaçı, X3, X7 və X2 Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və torpaq sahəsinə görə texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon AİK-nin xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı ilə ayrılmış Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsinin 0.85 ha hissəsi üzərində İddiaçı, X3, X7 və X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8, X9 və X4 Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsi ilə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə Qusar rayonu Hil kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,70 ha torpaq sahəsi İddiaçı, X3, X7 və X2 ayrılmışdır. Torpaq sahəsinin ölçüsü 2,70 ha olub, "kənd təsərrüfatı məhsullarının istehsalı” üçün nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi 2000-ci ildən hal-hazıradək iddiaçının və ailə üzvlərinin istifadəsindədir, taxıl məhsulları əkib-becərməklə məşğul olurlar. “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının Kodu 301 11018, seriyası JN-0018-dir. Torpaq sahəsinin 1.3599 ha hissəsi üzərində iddiaçının və ailəü zvlərinin mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış və plan və ölçü sənədi verilmişdir. 0.85 ha hissə isə ayrı yerdə yerləşməklə iddiaçının istifadəsindədir. Belə ki, iddiaçiya və ailə üzvlərinə ayrılmış 2.70 ha torpaq sahəsinin bir hissəsi meşə zolağına düşdüyünə görə sonradan ayrı torpaq sahəsi ilə əvəz edilmişdir və bu hal aqrar islahat komissiyasının qərarında da öz əksini tapmışdır. O, 0.85 ha hissəyə görə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraicət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının müraciətinə əsasən təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, JN-0018 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 18 A nömrəli planşetində göstərilən 0.85 ha torpaq sahəsinin uqodiyasının kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması və həmin torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmaması aşkar edilmişdir. Bununla bağlı iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş X8 və X9 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan : -JN 0018 nömrəli KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarına əsasən 2.70 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. -**********21 reyestr nömrəli çıxarışdan görünür ki, Qusar rayonu Hil kəndində ayrılmış 1.3599 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 5 sayl Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı Qusar rayonu Hil kəndində ayrılmış 1.3599 ha torpaq sahəsi barəsindədir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X14 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 09 avqust 2023-ci il cavab məktubundan görünür ki, JN-0018 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahəsinin 18W/04885 ha hissəsinə dövlət reyestrindən İddiaçı və onun ailə üzvlərinin adına xx.xx.2022-сi il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli, 18/1.3599 ha hissəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarış verilmişdir. - Məhkəmənin sorğusuna əsasən “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 6/6 nömrəli Qərarı və ona əlavə edilmiş sənədlərin, eləcə də ilkin pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, Qusar rayon üzrə 1995-2003-cü illərin sənədlərində Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 nömrəli iclasın tək bir qərarı mövcuddur ki, ona əlavə heç bir sənəd, adlı siyahı aşkar edilməmişdir. 1995- 2000-ci illərin sənədlərində isə Lenin adına sovxoz YAİK-nın 05 may 2000-ci il tarixli iclas protokolu çıxarışının qərar hissəsində vətəndaşların adlı siyahısı vardır ki, həmin siyahının 3-cü sıra sayında İddiaçı adına qaytarılan sahə kimi 1.35 ha torpağın miqdarı göstərilmiş, lakin digər ailə üzvlərinin heç birinin adı aşkar edilməmişdir. Qusar rayonu üzrə 1995- 2003-cü illərin Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 nömrəli qərarın arxiv surəti və Lenin adına sovxozun 1995-2000-ci illərin sənədlərindən Lenin adına sovxoz YAİK-nın 05 may 2000-ci il tarixli iclas protokolundan İddiaçı adının qeyd edildiyi siyahıdan tərtib edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və ailə üzvlərinə Qusar rayon Aqra İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə 2.70 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin bir hissəsi meşə zolağına düşdüyünə görə sonradan başqa ərazi ilə dəyişdirilmişdir. Bu hal Qusar raon Dövlət Arxivindən təqdim edilən Lenin adına sovxoz üzrə yerli aqrar islahat komissiyasının 05 may 2000-ci il tarixli iclass protokoklunda öz əksini tapmışdır. Həmin protokolun məzmununa görə Lenin adına sovxozda apraılmış torpaq islahatı ilə əlaqədar bölgü sənədlərində qismən dəyişikliklərin aparılması məsələsinə baxılmışdır. Belə ki, torpaqlar yerdə təhkim edilərkən bəzi nöqsanların aşkar edilməsi, yəni bəzi payçılara torpağın az hesablanması, bəzilərininki meşə, kolluq və daşlıq yerlərə düşməsi, bəzi payçıların torpaqlarının kəndaltı sahəyə düşməsi və s.kimi nöqsanlar aşkar edilmişdir. Bununla bağlı əvvəllər əkin kimi istifadə edilmiş, sonradan baxımsızlıq üzündən örüş kimi istifadə olunan çevrələrdən boş qalan sahələrdən və bələdiyyənin ehtiyat fondundan payçılara torpaq təmin edilməsi qərara alınmışdır. Həmin qərarda İddiaçı adının qarşısında “qaytarılan sahə” qrafasında 1.36 ha göstərilmişdir. Beləlikə, iddiaçıya verilmiş dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 2.70 ha (ayrı-ayrı 3 planşet olmaqla – 8500 kv m, 4885.37 kv m və 13599,53 kv m), cavabdeh orqanda saxlanılan arxiv nüsxəsində isə 1.85 kv m göstərilmişdir. 22 dekabr 2022-ci il tarixdə ayrılan 2.70 ha torpaq sahəsindən 1.3599 kv m hissəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququ qeydı alınmış və müvafiq çıxarış və plan və ölçü snədi verilmişdir. Cavabdeh 0.85 kv m hissənin örüş torpaqları olması və elektron baza məlumat bazasında aşkar edilməməsi səbəbindən mülkiyyət hüquqularının qeydə alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Cavabdeh inzibati orqan isə iddiaçıya pay torpaq sahəsi kimi ayrılmış 0.85 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. 0.85 ha hissəsi ayrılandan sonra iddiaçıya verilmiş dövlət aktında göstərilən koordinatların elektron baza məlumatlarına əlavə edilməməsi iddiaçının təqsiri üzündən baş verməmiş, həmin məlumatların dolğunluğuna və dəqiqliyinə inzibati orqan cavabdehdir və bu hal vətəndaşın mülkiyyət hüqunun pozulmasına gətirib çıxarmamalıdır. Qusar rayon Lenin sovxozu üzrə yerli AİK-nın xx.xx.2000-ci il tarixli qərarı və həmin qərarın təsdiq edilməsi barıdı Qusar rayon AİK-nın xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı hazıradək qüvvədədir, ləğv edilməmiş və ya qanunvericiliklə müəyyə edilmiş qaydada etibarsız hesab edilməmişdir. Mübahisəsi gedən 0.85 torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsasını təsdiq edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayon AİK-nin xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı ilə ayrılmış Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsinin 0.85 ha hissəsi üzərində İddiaçı, X3, X7 və X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X14 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayon AİK-nin xx.xx.2000-ci il tarixli 6/6 saylı qərarı ilə ayrılmış Qusar rayonu Hil kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsinin 0.85 ha hissəsi üzərində İddiaçı, X3, X7 və X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar