Məhkəmə qərarları › İş №2-1(118)-823/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-823/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-823/2021 27.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdən üçüncü şəxslər 18.07.1978-ci il təvəllüdlü X4 və 15.03.1986-cı il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdən ögey bacısı 18.07.1978-ci il təvəllüdlü X4 və baldızı 15.03.1986-cı il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı 20.05.2021-ci il tarixdə məktubla müraciət edərək, inzibati iş üzrə üçüncü şəxs X5 hal-hazırda Türkiyə Respublikasında yaşadığı səbəbindən məhkəmə iclasında iştirak etməsinin mümkün olmadığını bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan həmin evə ögey bacısı 18.07.1978-ci il təvəllüdlü X8 və baldızı 15.03.1986-cı il təvəllüdlü X6 qeydiyyata düşmüşlər, lakin heç vaxt qeyd olunan ünvanda yaşamamışlar. Hal-hazırda X4 və X2 onun mülkiyyətində olan fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olmaları ilə onun həmin evı dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Bununla da o, cavabdeh Abşeron rayon Polis İdarəsinə rəsmi ərizə və ona edilmiş əlavələrlə müraciət etmişdir ki, həmin şəxsləri qeydiyyatdan çıxarılsınlar. Lakin cavabdeh tərəfindən 19.02.2021-ci il tarixdə 128-12372Q saylı məktubla imtina cavab verilmişdir. Tərəflər və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. İddiaçı teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubda iddiaya qarşı etirazının olmadığını və iddianın təmin ediləcəyi təqdirdə icra olunacağını bildirmişdir. İş materiallarında olan : - Abşeron Rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi 11-ci küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 45.8 kv.m , köməkçi sahəsi 53.1 kv m ibarət olan 44 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyətinin 66 saylı sərəncamı, 27.03.1997-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı adına qeydə alınmışdır. - Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, 18.07.1978-ci il təvəllüdlü X8, 15.03.1986-cı il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, ev 44 ünvanında qeydiyyatdadırlar. - 4 №li MTİİTS tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 2185 saylı arayışdan görünür ki, X8 və X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, ev 44 ünvanında 2001-ci ildən qeydiyyatdadırlar. - 3-cü şəxs X2 20.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı mülkiyyətində olan Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 11-ci küçə ünvanında yerləşən 44 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına notarial qaydada razılıq vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı X4 və X2 qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışı və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarılmasının mümkün olduğu bildirmişdir. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Lakin fakitiki olaraq həmin mənzildə yaşamayan şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, X4 və X2 iddiaçıya məxsus evdə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X4 və X2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 44 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 və X2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 44 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar