Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-824/2021 01.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 2 nömrəli poliklinikası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sumqayıt Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “ona dəymiş maddi ziyanın araşdırılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 2 nömrəli poliklinikası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi və Sumqayıt Tibbi-sosial ekspert Komissiyasına qarşı iddia qaldıraraq “ona dəymiş maddi ziyanın araşdırılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası avqustun 15-i öz səhhətində narahatlıq hiss edib Sumqayıt şəhər 2 nömrəli şəhər xəstəxanasına müraciət edib, müayinə olunduqdan sonra ona sahə həkimi və digər həkim personalı tərəfindən elə avqust ayından əmək qabiliyyətini müvəqqəti icra edə bilməyəcəyi üçün bülleten (xəstəlik vərəqəsi) işə təqdim etmək üçün verilmişdir. Müalicəsini Respublika Baş Onkologiya Xəstəxanasında davam etdirmişdir. Oktyabr ayında Onkoloji xəstəliyi ilə əlaqədar əməliyyat olunmuş və davamlı olaraq arası kəsilmədən avqust ayından qeydiyyatda olduğu Sumqayıt şəhər 2 nömrəli şəhər xəstəxanasından əmək qabiliyyətini müvəqqəti icra edə bilməyəcəyi üçün işə təqdim etməyə bülleten verilmişdir. Altı (6) aydan sonra sənədlərini TSEK-ə göndərib əllillik dərəcəsi verilməli olduğu halda xəstəxana atasına bülleten verməkdə davam etmişdir. İddiaçının atasına fevral ayında əlillik dərəcəsinin təyin olunmasını gözlənirdi. Lakin aprel ayında iş yerindən bildirildi ki, altı aydan sonra gətirdiyin bületenlər yararsızdı, əslində o təqaüdə çıxmalı idi. Məlum olmuşdur ki, Sumqayıt şəhər 2 nömrəli şəhər Xəstəxanası sənədlərini fevral ayında göndərməli olduğu halda səhlənkarlıq edərək martın ayının 17-nə kimi yubadtmış, sonra göndərməyə çalışmışlar, lakin məlum Koronavirus epidemiyası ilə əlaqədar olan tədbirlər əsnasında müvafiq strukturlar STOP qoyduğuna görə göndərə bilməmişlər. Daha sonra aprel ayında yenidən cəhd etmiş, bu dəfə isə TSEK tərəfindən xəstəxananın sənədlərinin natamam doldurması səbəbi ilə yararsız sayıldığına görə sənədlər yenidən Sumqayıt şəhər 2 nömrəli şəhər xəstəxanasına geri göndərilmişdir. iddiaçı xəstəxanaya müraciət etmiş, lakin xəstəxana bildirmişdir ki, nöqsan onlarda deyil, TSEK-ə yaxınlaşmalıdır. Bakı və Sumqayıt TSEK-ləri isə bildirmişdir ki, nöqsan onların deyil, xəstəxanaya yaxınlaşın. İddiaçının atasının səhhəti daha da ağırlaşdığına görə iddiaçı atasının əlillik məsələsini araşdırmağa başlamış və o, dəfələrlə əlillik məsələsinin uzadılmasına görə Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qaynar xəttinə, Sumqayıt şəhər Səhiyyə şöbəsinə,TƏBİB-ə və digər əlaqədar orqanlara yazılı, elektron və şifahi müraciət etmişdir. Bu qarışıq vəziyyətdə onun atası dünyasını dəyişməmişdən əvvəl iddiaçı yenə Sumqayıt TSEK-inə yaxınlaşmış,ona bikdirilmişdir ki, məsələniz həll olunub. Nazirlikdə işçi azlığı ilə əlaqədar sistemə otuzdurulmayıb. O, qanunları yaxşı bilmədiyinə görə yenə gözləməyə başlamış. Üstündən bir ay keçəndən sonra yenə cavabın olmadığını görüb 142 qaynar xəttə zəng etmiş, Nazirlikdən isə ona bildirilmişdirki, onlara hər hansı bir müraciət daxil olmayıb. Bir sözlə aidiyyatı orqanlar tərəfindən atası və bütün ailə həm mənəvi, həmdə maddi ziyan çəkmişlər. Atasının sağlığında əlilik dərəcəsi təyin edilməli olduğu halda o öz payına düşən dövlətin ona təyin etməli olduğu haqqı yeyilərək dünyasını deyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinin 2-ci hissəsində də nəzərdə tutulur ki, dövlət orqanının, dövlət məmurunun və ya vəzifəli şəxsinin hər hansısa vəzifənin öhdəsindən gələ bilməməsi, öz günahı ucbatından bilərəkdən və ya bilməyərəkdən əməli fəaliyyəti nəticəsində vətəndaşa dəymiş ziyan dövlət tərəfindən ödənilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən cavabdehlər tərəfindən ona dəymiş ziyan məbləğinin araşdırılmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehlər qismində Sumqayıt şəhər 2 nömrəli poliklinikasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini və Sumqayıt Tibbi-Sosial Ekspert Komissiyasını qoyaraq ona dəymiş ziyanın məbləğinin məhkəmə tərəfindən araşdırılmasını və hər üç cavabdehdən ziyanın tutulmasını istəyir. İddiaçının tələbində hansı orqan tərəfindən ona nə qədər ziyan dəydiyi qeyd olunmamış, bu ziyan məbləğinin məhkəmə tərəfindən araşdırılması xahiş edilmişdir. Beləliklə iddiaçının tələbi qeyri-müəyyən bir tələbdir. Belə ki, iddiaçı tələbində ona cavabdeh qismində cəlb edilən orqanlar tərəfindən ayrı-ayrılıqda konkret olaraq hansı məbləğdə ziyan ödənilməsini istədiyini qeyd etməmişdir. Bundan başqa iddiaçı cavabdeh qismində Sumqayıt şəhər 2 saylı poliklinikasını qoymuşdur ki, həmin orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisədə Sumqayıt şəhər 2 saylı Poliklinikasının publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, digər iki cavabdeh inzibati orqan olsa belə, iddiaçının hazırki iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün sayılması üçün, qaldırdığı iddianın növünə uyğun olaraq prosessual qanunvericiliyin tələblərinə riayət etməsi tələb olunur. Belə ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırki işdə iddiaçı tərəfindən ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı inzibati orqanlara müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət edilməsi qanunvericiliklə müəyyən edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt şəhərinin inzibati ərazisində yerləşmir, Bakı şəhərinin inzibati ərazisində yerləşir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, ona ödənilməsini istədiyi maddi ziyan tələbi ilə bağlı ilk öncə inzibati orqanlara müraciət etməli, bundan sonra inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edildiyi və ya müraciətinin təmin olunmasından imtina olunduğu təqdirdə, eyni məbləğdə ziyanın tutulması ilə bağlı aidiyyatı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-824/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-824/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver