Məhkəmə qərarları › İş №2-1(118)-824/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-824/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-824/2024 22.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin mülkiyyətə verilməsi üçün hərraca çıxarılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsi üçün hərraca çıxarılması” tələbinə dair iddiası üzrə inzibati işə 22 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə olunmuş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 6 iyul 2022-ci il tarixli, MİHO/2.1.2-2-2022-3365 nömrəli məktubundan görünür ki, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.958 kv.m torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə istehsalat sahəsinin yaradılması və anbar binasının tikintisi üçün ayrılmasına etiraz edilməmişdir.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 sentyabr 2022-ci il tarixli, A seriyalı, 770451 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,1958 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsinin əsas göstəriciləri, planı (cizgisi) (miqyas 1:5000), döngə nöqtələrin koordinatları, arasındakı məsafələr, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış göstərilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən 4 oktyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhərində yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,1958 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir.

4. Sumqayıt bələdiyyəsinin 19 oktyabr 2022-ci il tarixli, 14 nömrəli protokol qərarı ilə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan Sənaye zonasında, Superfosfat zavodu yaxınlığında yerləşən 1958 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət huququn qeydiyyata alınma prosedurunun başa çatdırıldığının nəzərə alınması; Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 1958 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqənin keçirilməsi; Torpaq sahəsi İV qiymət zonasında yerləşir, bir kvadrat metr torpaq sahəsinin normativ qiyməti 16 manatdır. İV qiymət zonasında 30 iyun 2022-ci il tarixdə satılan torpaq sahəsinin bir kvadrat metrinin qiyməti 6,86 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpaq sahəsinin bir kvadrat metrinin satış qiymətinin 7,5 manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X5 5 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyası arasında müqavilənin bağlanılması qərara alınmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sumqayıt bələdiyyəsina göndərilmiş 24 may 2023-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin 24 may 2023-cü il tarixli ********** saylı və ********** saylı məktublarında qeyd olunmuşdur ki, sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,1958 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinə aid olmadığından, 0,0098 ha torpaq sahəsinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-cı maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsinin 3 aprel 2024-cü il tarixli, 3-21-3-03/2- 92/2024 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubunda qeyd olunmuşdur ki, sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,1958 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinə aid olmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmır. Bələdiyyələr tərəfindən torpaqların müsabiqə və hərraca çıxarılması barədə müraciəti X2 publik hüquqi şəxsinin Ərazi torpaq müsabiqə və hərrac komissiyasına təqdim edilməlidir. Qeyd edilir ki, torpaq sahəsinin müsabiqəyə çıxarılması barədə Sumqayıt Bələdiyyəsinin müraciəti X2 publik hüquqi şəxsinin Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına təqdim edilməli idi.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsinin 30 aprel 2024-cü il tarixli, 3-21-3-03/2- 120/2024 nömrəli “Əlavə sübutun təqdim olunması barədə” ərizəsindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna əsasən sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,1958 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, xüsusi mülkiyyətə verilən torpaq sahələrinə aid olmadığından hərraca (müsabiqəyə) çıxarılması məqsədəuyğun sayılmır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı Sumqayıt bələdiyyəsi (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 20 sentyabr 2022-ci il tarixli, 13 saylı iclasının 16 saylı qərarı əsasında Sumqayıt şəhərinin sənaye zonasında Superfosfat zavodu yaxınlığında yerləşən sahəsi 1.958 kv.m olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdehin Sumqayıt şəhərinin sənaye zonasında, Superfosfat zavodu yaxınlığında yerləşən sahəsi 1958 kvadrat metr olan torpaq sahəsini mülkiyyət vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası da qanuni və əsaslı deyildir. Belə ki, sözügedən torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olduğunun göstərilməsi həmin torpağın xüsusi mülkiyyətə verilə bilməyən torpaq olduğu anlamına gəlmir. Torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması barədə müvafiq qərarı hər hansı subyekt tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, həmin bələdiyyə qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilmədiyindən, ləğv olunmadığından, geri çağırılmadığından, dəyişdirilmədiyindən və ya etibarsız sayılmadığından, cavabdeh inzibati orqan inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bütün bu sadalananlara əsaslanaraq hesab edilir ki, Sumqayıt bələdiyyəsi tərəfindən Sumqayıt şəhərinin sənaye zonasında, Superfosfat zavodu yaxınlığında yerləşən sahəsi 1.958 kvadrat metr olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması barədə qərarı icra etməməklə cavabdeh həm aidiyyəti qanun normalarının pozuntusuna yol vermiş, həm də öz səlahiyyət hədlərini aşaraq bələdiyyənin mülkiyyət hüququna müdaxilə etmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” iş üzrə Qərarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8, 47, 56, 62, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 6.4, 7.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1, 13.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 3, 4, 5, 6, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5, 22 bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1-ci maddəsinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İddia ərizəsindən göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli, 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. İddia ərizəsində qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin 24 may 2023-cü il tarixli, **********81 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz.

15. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Prezidentinin 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli Əmri ilə təsdiq edilmiş Mərkəzin Nizamnaməsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

16. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, qeyd etmişdir ki, hərracın keçirilməsi üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə ehtiyac yoxdur və həmin kateqoriyaya aid olan digər torpaq sahələrinə dair hərrac keçirilmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

28. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər.

4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

7. Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər.

8. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və mediada hər il hesabat dərc etdirməlidirlər.

9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

10. Tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyir. Bu bəndin birinci cümləsində nəzərdə tutulmuş xidmət haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. Torpaq sahəsinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı məqsədləri üçün əldə edilməsinin xüsusiyyətləri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi

Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

29. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

30. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunur.

4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.

5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü ; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.

6. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun mediada yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

33. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

34. İddiaçı tərəfin mövqeyinə görə Sumqayıt bələdiyyəsi tərəfindən Sumqayıt şəhərinin sənaye zonasında, Superfosfat zavodu yaxınlığında yerləşən sahəsi 1.958 kvadrat metr olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması barədə hazırda qüvvədə olan və mübahisələndirilməyən qərarı icra etməməklə cavabdeh həm aidiyyəti qanun normalarının pozuntusuna yol vermiş, həm də öz səlahiyyət hədlərini aşaraq bələdiyyənin mülkiyyət hüququna müdaxilə etmişdir. Çünki, Sumqayıt şəhərinin sənaye zonasında, Superfosfat zavodu yaxınlığında yerləşən sahəsi 1.958 kv.metr olan torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olduğunun göstərilməsi həmin torpağın xüsusi mülkiyyətə verilə bilməyən torpaq olduğu anlamına gəlmir.

35. Məhkəmə prosesində iştirak etmiş iddiaçının nümayəndəsi izahat verərəkən bildirmişdir ki, çıxarışda torpaq sahəsinin kateqoriyası ümumi formada yazılıb, lakin sənayə təyinatlı torpağa aiddir, zavodun ətrafında yerləşir və eyni ərazidə yerləşən torpaq sahələri çox saylı mülkiyyətə verilən torpaqlardandır, əksəriyyəti xüsusi mülkiyyətdədir, həm bələdiyyə, həm dövlət tərəfindən həmin şəxslərin mülkiyyətinə verilmişdir.

36. Cavabdeh tərəfin mövqeyinə görə isə bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İddia ərizəsindən göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli, 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır.

37. Göründüyü kimi, hazırki mübahisənin əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmaması ilə əlaqəlidir.

38. Məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili əsassızdır.

39. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 6 iyul 2022-ci il tarixli, MİHO/2.1.2-2- 2022-3365 nömrəli məktubundan görünür ki, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.958 kv.m torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə istehsalat sahəsinin yaradılması və anbar binasının tikintisi üçün ayrılmasına etiraz edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin məktublarında müəyyən olunur ki, Sumqayıt şəhərində yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,1958 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir.

40. Həmçinin, Sumqayıt bələdiyyəsinin 19 oktyabr 2022-ci il tarixli, 14 nömrəli protokol qərarı ilə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə, Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan Sənaye zonasında, Superfosfat zavodu yaxınlığında yerləşən 1958 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət huququn qeydiyyata alınma prosedurunun başa çatdırıldığının nəzərə alınması; Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 1958 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqənin keçirilməsi; Torpaq sahəsi İV qiymət zonasında yerləşir, bir kvadrat metr torpaq sahəsinin normativ qiyməti 16 manatdır. İV qiymət zonasında 30 iyun 2022-ci il tarixdə satılan torpaq sahəsinin bir kvadrat metrinin qiyməti 6,86 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpaq sahəsinin bir kvadrat metrinin satış qiymətinin 7,5 manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X5 5 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyası arasında müqavilənin bağlanılması qərara alınmışdır. Qeyd olunan qərarın mübahisələndirilməmişdir.

41. Qeyd olunmalıdır ki, cavabdehin publik hüquqi və onun ərazi komissiyalarının fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmiş və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə “X2” publik hüquqi və onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur və hazırkı iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövqe onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir.

42. İş materialına əlavə olunmuş cavabdehin HTM seriyalı, №001083 saylı Şəhadətnaməsinin surətindən görünür ki, X3 Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 dekabr 2021-ci il tarixli çıxarışda torpaq sahəsinin “Sumqayıt şəhəri, Sənaye zonası, Superfosfat zavodu” ərazində yerləşdiyi, torpaq sahəsinin kateqoriyasının “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olması qeyd edilmişdir.

43. Göründüyü kimi, cavabdehin hazırki etirazının dəlili kimi qeyd etdiyi hal, yəni mövqeyi X3 münasibətdə fərqli olmuş, bununla da, inzibati icraata dair qanunvericiliyin prinsiplərini ayrı-ayrı şəxslərə münasibətdə fərqli icra etmiş olması müəyyən olunur.

44. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? ...

30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. ...”

45. Qeyd olunanlara əsasən işin inzibati icraat qaydasında araşdırılması ilə müəyyən olunur ki, iddiaçı tərəf tələbin əsaslılığını sübuta yetirə bilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

46. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Sumqayıt bələdiyyəsinin 20 sentyabr 2022-ci il tarixli, 13 saylı iclasının 16 saylı qərarı əsasında Sumqayıt şəhərinin sənaye zonasında Superfosfat zavodu yaxınlığında yerləşən sahəsi 1.958 kv.m olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

47. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt bələdiyyəsinin 20 sentyabr 2022-ci it tarixli, 13 saylı iclasının 16 saylı qərarı əsasında Sumqayıt şəhərinin sənaye zonasında Superfosfat zavodu yaxınlığında yerləşən 0,1958 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar