Məhkəmə qərarları › İş №2-1(118)-8244/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-8244/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8244/2025 29.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X1 hərbi xidmətə yararsız olub-olmamasının dəqiq müəyyən edilməsi üçün aidiyyatı üzrə təkrar ixtisaslaşdırılmış həkim komissiyasının keçirilməsinin təmin edilməsinin, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətdən azad olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 21 iyun 2001-ci il tarixdə anadan olmuş oğlu X3 hazırda 25 yaşındadır. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsində qeydiyyatdadır, ağır xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə bağlı artıq 5 ildən çoxdur ki, Səfərbərlik üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsində tibbi müayinələr nəticəsində aşağıdakı diaqnozlar təyin edilməklə həqiqi hərbi xidmətdən azad edilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin əyani tibbi müayinə nəticəsində qeyd edilən aşağıdakı xəstəliklər aşkar olunmuşdur və buna baxmayaraq həqiqi hərbi xidmətə çağırılmışdır . X3 hal hazırda hərbi xidmətdə olduğu halda xəstəlikləri günügündən ağırlaşır ki, bu da onun həyatı üçün təhlükə yaratmışdır. *Aşıq qayvari oynaqlarda deformasiyaedici osteoartroz olmadan ikitərəfli İİ dərəcəli boylama yastıayaqlılıq: və İİ ci dərəcəli piylənmə diaqnozu təyin edilmişdir. X5 tibbi göstərişləri: Yastıayaqlılığın orta və ağır formada (ll-llldərəcə) və piylənmənin ağır forması fiziki fəaliyyət məhdudiyyətinə səbəb olur,buna görə hərbi xidmətə qarşı əks göstəricidir.Yastıayaqlılıq ciddi hallarda uzun müddət ayaq üstə qalmağı və intensiv fiziki fəaliyyəti mümkünsüz edir. İİ dərəcəli piylənmə ilə hal-hazırda vəziyyəti daha da pisləşmiş, pəncə qövsü faktiki olaraq tam itmiş, yastıayaqlılığın İİİ və daha ağır dərəcəsi müşahidə olunur ki, bu da ağır ağrılar,tez yorulma və dayaq-hərəkət sistemində ciddi pozuntular yaradır. Beynəlxalq tibb və X5 Xəstəliklərin Beynəlxalq təsnifatı (İCD-10) standartlarına əsasən Yastıayaqlılıq xüsusilə ıı,ııı cü dərəcə hallarında fiziki yükün artması,uzun müddət ayaqüstə qalma və hərbi xidmət dövründəki ağır fiziki rejim xəstəliyin sürətlə ağırlaşmasına səbəb olur. Orta və ağır dərəcəli piylənmə fiziki dözümlülüyü əhəmiyyətli dərəcədə azaldır, ürək damar və dayaq-hərəkət sistemi üçün əlavə risk yaradır. Beynəlxalq tibbi tövsiyyələrə görə (DSŞ,Dünya Ortopediya Cəmiyyəti, X2 Akademiyası) ıı, ııı dərəcəli yastıayaqlılıqvə orta-ağır piyləmə olan şəxslər həqiqi hərbi xidmətə tam yararsız hesab olunur. Azərbaycan Respublikasının "Hərbi xidmətkeçmə haqqında" Qanununun 5-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Çağrışçılara və hərbi qulluqçulara dair tibbi ekspertiza qaydaları" haqqında əsasnaməyə əsasən Yastıayaqlıhğın ll-lll dərəcəsi və piylənmənin orta-ağır formaları hərbi xidmət üçün əks göstəricidir, bu halda çağrışçı həqiqi hərbi xidmətdən azad edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı, X1 hərbi xidmətə yararsız olub-olmamasının dəqiq müəyyən edilməsi üçün aidiyyatı üzrə təkrar ixtisaslaşdırılmış həkim komissiyasının keçirilməsinin təmin edilməsinin, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətdən azad olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından görünür ki, iddiaçı X1 atasıdır. O, oğlunun adından iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin İddiaçı X4 təmsil etmək səlahiyyətini təsdiq edən etibarnaməsi də məhkəməyə təqdim edilməmişdir. Hazırki vəziyyətdə belə bir iddia tələbi ilə X6 məhkəmədə iddia qaldıra bilərdi. İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar