Məhkəmə qərarları › İş №2-1(118)-825/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-825/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-825/2020 21.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 38/68, mənzil 17-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (2 saylı X1 hüquqşünas işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı artıq ödənilmiş vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq ödənilmiş 3333.58 manat məbləğində vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1315/ 2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollergiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2008-ci ildə taksi fəaliyyəti ilə məşğul olaraq vergi ödəyicisi kimi 2 saylı X1 qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Sonradan o, şadlıq evini icarəyə götürərək ictimai iaşə fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu müddət ərzində vergi borclarını vaxtında və lazımi qaydada ödəmiş və 2012-ci ildə fəaliyyətini dayandırmışdır. 2018-ci ildə o, heyvandarlıqla məşğul olmaq məqsədi ilə sənədlər toplayarkən Məşğulluq Mərkəzinə müraciət etmiş, vergi idarəsindən borcunun olmaması barədə arayış tələb olunduğundan cavabdeh vergi orqanına müraciət etmiş və həmin vaxt onun 3333.58 manat məbləğində artıq vəsait ödədiyi məlum olmuşdur. Bununla bağlı o, cavabdehə müraciət edərək artıq ödədiyin vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Əvvəlcə cavabdeh artıq ödənilən pulun qaytarılacağını vəd etmiş və hətta buna görə ona bank hesabı açdırmış, lakin sonra müddətin ötürülməsi səbəbindən ona imtina cavabı vermişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzəşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi artıq ödəməsi xx.xx.2010-cu il tarixdən yaranmışdır. Buna görə də Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin tələb etmək müddəti bitdiyindən iddiaçının artıq ödənilmiş vergi borcunun qaytarılması tələbi əsassız hesab edilmişdır. Göstərilənlərlə bağlı cavabdehn nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -fizi şəxsdin vergi uçotu haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. - İddiaçı şəxsi hesab vərəqsindən görünür ki, iddiaçının vergilər üzrə artıq ödəməsi xx xxxxxxx 2010-cu il tarixdən yaranmış və artıq ödəmə 3333.58 manat təşkil edir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək, yəni tələbetmə müddətinin keçməsi səbəbindən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının vergilər üzrə artıq ödəməsi xx xxxxxxx 2010-cu il tarixdən yaranmış və artıq ödəmə 3333.58 manat təşkil etmişdir. Həmin məbləğdə artıq ödənilmiş vəsaitin olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Sumqaıyt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, işə yenidən baxılarkən artıq ödəmənin iddiaçıya nə vaxt məlum olduğu aydınlaşdırılmalı və qanunvericilikdə göstərilən müddətin axımı həmin vaxtdan hesablanmalıdır. Cavabdehin nümayəndəsi izah etdi ki, hesabat iddiaçının özü tərəfindən verildiyindən və kod-parol özündə olduğundan onun artıq ödəmədən vaxtında xəbər tutmaması barədə dəlili əsassız hesab edilməlidir. İddiaçı hesabatların mühasib tərəfindən hazırlandığını və hesabatın inun verilmədiyini, 2018-ci ilədək artıq ödəmədən xəbərsiz olduğunu izah etdi. Məhkəmə iddiaçının artıq ödənilmiş vəsaitdən vaxtında xəbərdar olduğu halda həmin vəsaitin geri qaytarılması üçün müraciət etməməsini inandırıcı hesab etmir. Bununla yanaşı məhkəmə hazırki iddianın öhdəliyin icrası növünə aid olduğunu və iddianın cavabdeh inzibati orqanın imtina cavabından sonra vaxtında qaldırıldığını nəzərə alaraq hesab edir ki, iddia müddəti ötürülməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı artıq ödəmə barədə 2018-ci ildə xəbət tutduğundan Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilən müddət də həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli,İddiaçı oğu tərəfindən artıq ödənilmiş 3333.58 manat vəsaitin geri qaytarılması öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı oğu tərəfindən artıq ödənilmiş 3333.58 manat pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar