Məhkəmə qərarları › İş №2-1(118)-826/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-826/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-826/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 18.12.2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının 27.12.2012-ci il tarixli köhnə icarə müqaviləsi əsasında müəyyənləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 18.12.2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının 27.12.2012-ci il tarixli köhnə icarə müqaviləsi əsasında müəyyənləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh Sumqayıt bələdiyyəsi arasında bağlanmış 27.12.2012-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı Sumqayıt- Bakı yolunun sağ ərazisində yerləşən 375.0 kv m torpaq sahəsini icarəyə götürmüşdür. Həmin vaxt icarə haqqə 102.0 manat müəyyən edilmişdir. Buna baxmayaraq tərəflər arasında yenidən icarə müqaviləsi bağlanarkən icarə haqqı bələdiyyə tərəfindən 1200 manat müəyyən edilmişdir. İddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz hesab edərək iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsində göstərilən icarə haqqı təşkil edir. Mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki münasibətlərdən yaranmışdır və müvafiq mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Beləliklə, cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bununla bağlı məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 18.12.2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının 27.12.2012-ci il tarixli köhnə icarə müqaviləsi əsasında müəyyənləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 18.12.2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının 27.12.2012-ci il tarixli köhnə icarə müqaviləsi əsasında müəyyənləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar