Məhkəmə qərarları › İş №2-1(118)-8267/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8267/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8267/2025 05.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi dövrlərin onun sığrota stajına daxıl edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, əmək kitabçasında əksini tapmış xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu il tarixindən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olmuş, 1977-ci il tarixdə Sumqayıt Təkbir (kardon) zavoduna ilə qəbul olmuş, 11 ay həmin zavodda işləmişdir. 1982-ci il tarixdə "xxxx" ASC-yə sürücü kimi ilə düzəlmişdir. 2004-cü il tarixdədək orada işləmişdir. 2018-ci il tarixdən 2025-ci il tarixədək Rövşən MMC-də sürücü kimi fəaliyyət göstərmişdir. xx.xx.2025-ci il tarixində telefonuna mesaj gəlmişdir ki, ona 220 manat pensiya təyin edilmişdir. Ərizə ilə yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh rəsmi qaydada məktubla müraciətini təmin etməkdən imtina etmiş və avtomatlaşdırılmış qaydada iddiaçıya təyin edilmiş pensiya məbləğini dəyişdirmədən saxlamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh inzibati orqan imtinasını 2 səbəblə əsaslandırmışdır. 1-ci səbəb, ümumi iş stajı 25 ildən az (18 il 10 ay 28 gün) təşkil edir. 2-ci səbəb, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 16954,94 manat təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 1983-cü il üzrə 10 ay, 1989cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay, 2003-cü il üzrə 4 ay və 1985-1987, 1994,1998, 2000, 2004-cü illərdəki əmək fəaliyyəti nəzərə alınmamışdır. Səbəb işlədiyi dövrlərlə bağlı əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyindən həmin müddət staja daxil edilə bilməz. Halbuki, iddia ərizəsinə əlavə etdiyi arayışlar bunun əksini göstərir.

4. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapitalı və ya sığorta stajına malik olmadığından müraciətin təmin edilməsindən imtina edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır:  fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;  azı 25 il sosial sığorta stajı olduqda. Bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1983-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajı 18 il 10 ay 28 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 4 ay 28 gün sığorta stajına uyğun olaraq 14840,79 manat, 01,06.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 2114,15 manat olmaqla, ümumilikdə 16954,94 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən azadolma əmri SSRİ möhürü ilə təsdiqləndiyindən), xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (işdən azadolma qeydi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun əsaslandırılmadığından) və xx.xx.1977-ci il tarixinə (işdən azadolma tarixi qeyd edilməyib) aid olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Bununla da əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə olan halda iddiaçıya pensiya təyinatı üçün əsas kimi əmək kitabçası mötəbər sübut qismində qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(102)- 1521/2024 nömrəli qərarında qeyd olunan oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, əmək kitabçasında olan qeydlər hər hansı sübhə doğurmamışdırsa iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də mötəbərliyinə əsaslı şübhələr olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2002-ci il və xx.xx.2025-ci il tarixli arayışlarının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurətindən müvafiq quruma sorğu göndərilmişdir. Fondun Abşeron-Xızı regional filialı ilə "xxxx" ASC-nin birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay, 2003-cü il üzrə 4 ay iddiaçının adına əməkhaqqı hesablanmadığından və 1985-1987, 1994,1998, 2000, 2004cü illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyindən sözügedən dövrlər sığorta stajında nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2025-ci il tarixindən proaktiv qaydada 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əməkhaqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri nəzərə alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün ilk öncə əmək kitabçasında olan qeydlərə istinad edilir. Bununla belə, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda iş illərinin arxiv arayışları, əməkhaqqı arayışları ilə də təsdiq olunmasını şərtləndirir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(102)-269/2024 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü- özlüyündə sübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və va məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. "xxxx" İstehsalat Müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 59 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək "xxxx" İM-də sürücü vəzifəsində işləyib.

13. Sumqayıt-Sərnişin ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, İddiaçı müəssisə tərəfindən onun adına açılmış T-2 kartında və əmək kitabçasında aparılmış qeydiyyata uyğun olaraq o, 11 may 1983-cü ildə 151№-li əmrlə Sumqayıt şəhər 2707 №-li avtodəstəyə işə qəbul edilib. 07 may 2002-ci ildə 13 №-li əmrlə işdən azad edilib. Bir müddət sonta 02 iyul 2002-ci ildə 20 №-li əmrlə təkrar işə qəbul edilib. 05 oktyabr 2004-cii ildə 48№-li əmr əsasında öz xahişi ilə işdən azad edilib. Məlumat üçün bildirilir istərdik ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 16 iyun 1998-ci il tarixli 896№-li sərəncamı ilə müəssisənin əvvəlki adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti olub.

14. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək işlədiyi dövr, Fondun Abşeron-Xızı regional filialının xx.xx.2025-ci il tarixli aktına əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əməkhaqqı aldığı dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək onun mübahisələndirilməyən sığorta stajı 14 il 4 ay 28 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 4 ay 28 gün sığorta stajına uyğun olaraq 14840,79 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 2114,15 manat olmaqla, ümumilikdə 16954,94 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixinə (işdən azadolma tarixi qeyd edilməyib) aid olan dövrlərin doldurulma qaydası pozulduğu üçün xx.xx.1977-ci il tarixindən xx.xx.1979cu il tarixinədək dövrlər sığorta stajına daxil edilməmişdir. Fondun Abşeron-Xızı regional filialı ilə "xxxx" ASC-nin birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay, 2003-cü il üzrə 4 ay adına əməkhaqqı hesablanmadığından və 1985-1987, 1994,1998, 2000, 2004-cü illərə aid əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyindən sözügedən dövrlər sığorta stajında nəzərə alınmamışdır.

IV. Tətbiq edilən hüquq

15. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 31.1-ci maddəsinə əsasən,əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündənistənilən vaxt əməkpensiyasının təyin olunması üçün müraciət edə bilərlər.2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı,həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

19. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

20. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

V. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

24. İddiaçı xx xxxx 1960-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdur. 03 Mart 2025-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçıya fevral 2025-ci il tarixdə yaşa görə 220 manat sosial müavinət təyin edilmişdir. İddiaçı hesab edir ki, ümumi sığorta stajı əyani təhsil almağı, hərbi xidmətdə olmağı və tam əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunmalıdır.

25. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktuba əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək işlədiyi dövr, Fondun Abşeron-Xızı regional filialının xx.xx.2025-ci il tarixli aktına əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əməkhaqqı aldığı dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək onun mübahisələndirilməyən sığorta stajı 14 il 4 ay 28 gün təşkil edir. Eyni zamanda, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 4 ay 28 gün sığorta stajına uyğun olaraq 14840,79 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 2114,15 manat olmaqla, ümumilikdə, 16954,94 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixinə (işdən azadolma tarixi qeyd edilməyib) aid olan dövrlərin doldurulma qaydası pozulduğu üçün xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək dövrlər sığorta stajına daxil edilməmişdir. Fondun Abşeron-Xızı regional filialı ilə "xxxx" ASC-nin birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay, 2003-cü il üzrə 4 ay adına əməkhaqqı hesablanmadığından və 1985-1987, 1994,1998, 2000, 2004-cü illərə aid əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyindən sözügedən dövrlər sığorta stajında nəzərə alınmamışdır.

26. Mərkəzi Filial tərəfindən iddiaçı S.Hüseynquliyevanın sığorta stajı ilə bağlı aşağıdakı hallar mübahisələndirilmişdir: “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən azadolma əmri SSRİ möhürü ilə təsdiqləndiyindən), xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (işdən azadolma qeydi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun əsaslandırılmadığından), xx.xx.1977-ci il tarixinə (işdən azadolma tarixi qeyd edilməyib) aid olan dövrlərin doldurulma qaydası pozulmuşdur.

27. Məhkəmə hesab edir ki, əmək kitabçasında qeyd edilmiş dövrlərin doldurulma qaydasının pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır.

28. Sumqayıt-Sərnişin ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11 nömrəli arayışa əsasən, İddiaçı müəssisə tərəfindən onun adına açılmış T-2 kartında və əmək kitabçasında aparılmış qeydiyyata uyğun olaraq o, 11 may 1983-cü ildə 151 №-li əmrlə Sumqayıt şəhər 2707 №-li avtodəstəyə işə qəbul edilib. 07 may 2002-ci ildə 13 №-li əmrlə işdən azad edilib. Bir müddət sonta 02 iyul 2002-ci ildə 20 №-li əmrlə təkrar işə qəbul edilib. 05 oktyabr 2004-cü ildə 48 №-li əmr əsasında öz xahişi ilə işdən azad edilib. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 16 iyun 1998-ci il tarixli 896№-li sərəncamı ilə müəssisənin əvvəlki adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti olub.

29. İş stajını sübut edən əsas sənəd isə əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (əmək kitabçasında əksini tapmış xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının Sumqayıt-Sərnişin ASC-də işlədiyi fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.

31. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

32. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı onun əmək kitabçasında əksini tapmış əmək kitabçasında əksini tapmış xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X2-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar