Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-828/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X14 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 saylı qətnaməsi ilə ləğv edilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamədə göstərilən 0,24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və adına müvafiq çıxarışın verilməsinin cavabdehə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarına əsasən Dəvəçi rayonunda yerləşən 600 kv m torpaq sahəsinin iddiaçıya ayrılıb verilməsi qərara alınmışdır. Həmin qərarla ayrılmış torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının atasına məxsus 1899 kv m torpaq sahəsindən ayrılaraq ona verilmişdir. İddiaçı torpaq sahəsində ayrıca ev tikmişdir, orada yaşayır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin 08 dekabr 2021-ci il tarixdə cavabdeh qurumdan iddiaçıya imtina məktubu verilmişdir. Bu səbəbdən də, o, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X18 iddianı qəbul etmədi və izah etdi ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedicı sənədlər tam təqdim olunmamışdır.Belə ki, qeyd olunan torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş "Fərdi mənzil tikintisi barədə" Dəvəçi rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 08 saylı qərarında göstərilən Torpaq sahəsinin ayrılıb verilməsi barədə" Dəvəçi rayon XDS İK-nin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı və ayrılmış torpaq sahəsinin sərhədlərinin ölçülərini əks etdirən, aidiyyəti orqanlar tərəfindən təsdiqlənmiş yerquruluşu planı təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddia ərizəsinə etirazda qeyriyaşayış sahəsi barədə göstərilənlər yanlışlıq nəticəsində göstərilmişdir və hazırki işə aidiyyəti yoxdur. İş materiallarında olan : -Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, X2 və X3 ataları X6 hesabında olan 1899 kvm torpaq sahəsindən 600 kv m torpaq sahəsinin ayrılıb verilməsi barədəki Dəvəçi rayon XDS İK-nin 28 yanvar 1991-ci il tarixli 01 nömrəli qərarı nəzərə alınması və onlara ayrılıb verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmaması icazə verilməsi qərara alınmışdır. -Abşeron rayon RTİB tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İ.İskəndərova məxsus fərdi yaşayış evi barəsində, evin həyətyanı sahəsi 1899 kv m göstərilmişdir. -Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 01 saylı və xx.xx.1991-ci il tarixli 08 saylı qərarı və onlara aid əlavə edilmiş sənədlərin heç birində X4 hər hansı bir tikinti üçün torpaq sahəsi ayrılması barədə qərara rast gəlinmədi. Lakin təsadüfi axtarış nəticəsində Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 09 saylı qərarında X4 fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılmasına təsadüf olunmuşdur. Həmin qərara görə X5 və X7 600 kv m torpaq sahəsinin ayrılması barədə Dəvəçi şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 01 saylı qərarının nəzərə alınması və onlara ayrılıb verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparmaqdan ötrü icazə verildiyi və İsgəndərov İSgəndər Turab oğlunun hesabında 699 kv m torpaq sahəsinin saxlanılmqla evin texniki pasportunda müvafiq qeydiyyatın aparılması qərara alınmışdır. -Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyası fəaliyyəti dövrü toplanmış sənədlərini rayon arxivinə təhvil verilməmişdir. -Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şabran (Dəvəçi) rayon Aqrar İslahat Komissiyası və X17 tərəfindən rayon dövlət arxivinə mühafizə olunub saxlanması üçün heç bir sənəd təhvil verilməmişdir. Odur ki, İddiaçı və onun ailə üzvlərinin Dəvə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci ii tarixli 6 saylı qərarı ilə onlara ayrılmış torpaq sahəsinin arxiv çıxarışım verilməsi qeyri mümkündür -Şabran rayon İHB Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuya cavab olaraq Şabran rayon Dövlət Arxivindən bildirilmişdir ki, Şabran (Dəvəçi) rayon Aqrar islahat Komissiyası və X17 tərəfindən Şabran rayon Dövlət Arxivinə mühafizə olunub saxlanılması üçün heç bir sənəd təhvil verilməmişdir.Odur ki, İddiaçı, X1 və ailə üzvlərinin Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 06 saylı qərarı ilə onlara ayrılmış torpaq sahəsinin arxiv çıxarışının verilməsi qeyri mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, cavabdeh izniabti orqanın imtina cavabında göstərdiyi dəlil torpaq sahəsinin sərhədlərini əks etdirən ölçülərin və yerquruluçu planınddan çıxarışın təqdim edilməməsindən ibarətdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq -6- təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:..... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Məhkəmə cavabdehin imtinasının dəlilini formal xarakterli hesab edir Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində və qanuni sahibliyindədir, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-828/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-828/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver