Məhkəmə qərarları › İş №2-1(118)-828/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-828/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-828/2023 24.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “iddiaçının atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “iddiaçının atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Sumqayıt Şəhər Bələdiyyəsindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı bağ sahəsinin qonşuluğunda olan (bir hasarın içərisində olan) torpaq sahəsini ******* (iki milyon iki yüz əlli min) manat pul ödəməklə almışdır. Sumqayıt Şəhər Xalq X1 Heyətinin 01,02.1994-cü il tarixli 35 saylı protokolu ilə 5430 saylı bağ sahəsi anası X3 verilmişdir. Qeyd olunan 5430 saylı bağ sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə B-5126 saylı bağ sahəsi kimi 2005-ci ilin avqust ayında anası X2 adına rəsmiləşdirilmişdir. Bələdiyyə nümayəndələri tərəfindən anasına aid bağ sahəsinin texniki passportu hazırlanarkən onun mülkiyyətində olan torpaq sahəsinin yanında ümumi hasarın içərisində yerləşən 0,09 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirilə biləcəyini söyləmişlər. Bu halı xx.xx.2005-ci il tarixdə hazırlanmış və təsdiqlənmiş bağ sahəsinin texniki passportunda görmək olar. Həmin texniki passportda ştrixlənməmiş 0,09 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixdə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Sumqayıt Şəhər Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlayaraq ödəniş etməklə əldə etmişdir. O vaxt torpaq üçün zəruri olan bütün sənədləşmə işlərində topağın sxeminin, planın çəkilməsində iştirak edərək zəruri olan sənədlərin hazırlanmasında iştirak etmişdir. 2021-ci ilin aprel ayında anası öldükdən sonra onun adına olan torpaq sənədlərini atasının adına rəsmiləşdirlər. Bu zaman ona məxsus olan torpaq sahəsinin də rəsmiləşdirilməsi qərarına gəlmişlər. Lakin torpaq ayırma sənədlərini itirdikləri üçün bu işi icra edə bilmir. Onda yalnız torpaq sahəsinin alqısatqı müqaviləsi üçün ödədiyi qəbz vardır. Həmin qəbz əsasında xx.xx.2005-ci il tarixdə Sumqayıt Bələdiyyəsinə müraciət edərək ödədiyi rüsum əsasında alqı-satqıya dair sənədlərin verilməsi (bələdiyyənin torpaq ayırma qərarının, bağ sahəsinin texniki passportu, torpaq sahəsinin plan və sxeminin və. s) barədə müraciət etmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2364 saylı məktubu ilə onun tərəfindən 2005-cı il qaydalarının icra olunmadığı, müvafiq icra hakimiyyəti orqanlarından rəylərin alınmadığı göstərilmişdir. Vətəndaş kimi bu onu qane etməməklə yanaşı, həm də naraht edən edən məqamdır. Bir inzibati qurum olaraq vətəndaşın pulunu alıb müvafiq sənədləşmə işlərinin aparılmamasını əsas gətirərək sənədlərin verilməsindən imtina edilməsini qanunsuz hesab edir. O vaxt mənə bir neçə sənəd təqdim olunmuşdur. Torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının hazırlandığını və alqı-satqı müqaviləsi əsasında Sumqayıt Bələdiyyəsinə ödəniş etməyini xatırlayır. Lakin Bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra olunmadığı bildirilir. Bu cavab onun tərəfindən anlaşılan olmamışdır. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi mübahisəli torpaq sahəsinin ayrılmasına dair bələdiyyə tərəfindən hər hansı qərar qəbul edilməmişdir. İddiaçı yalnız əlində olan ödəniş qəbzinə əsaslanmış, hansı ki, qeyd olunan qəbzdə hansı torpaq sahəsinə görə ödəniş edilməsi qeyd olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən vətəndaş ilk öncə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etdikdən sonra müvafiq orqanlardan rəylər alınır, rəylər alındıqdan sonra Sumqayıt Bələdiyyəsinin adına çıxarış verilir və bundan sonra bələdiyyə ilə vətəndaş arasında alqı-satqı aparılır. Göründüyü kimi qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən hər hansı sənədləşmə proseduruna başlanılmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci madəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sumqayıt bələdiyyəsinin iddiaçıya ünvanladığı 01 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Seriya DHM № 084529 saylı kassa mədaxil orderinin qəzbinin surətindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına iki milyon iki yüz əlli min manat pul ödənilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt bələdiyyəsinin 957 saylı, 03 aprel 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 2005-ci ildə ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək “Novxanı bağları” massivində yerləşən torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir, eyni zamanda onun tərəfindən 2005-ci ilin avqust ayında torpağın alqı-satqı məbləğinin bir hissəsi olaraq ******* (iki milyon beş yüz min) manat pul vəsaiti bəldiyyənin hesabına ödənilmişdir, həmin ödəniş adıçəkilən vətəndaş tərəfindən gələcəkdə torpaq sahəsinin əldə edilməsində üstünlük hüququnun yaranması məqsədi ilə həyata keçirilsə də, sonradan torpağın sənədləşmə işləri aparılmadığından onun mülkiyyətinə torpaq sahəsi ayrılmamış və Sumqayıt bələdiyyəsi tərəfindən torpağın ayrılması ilə bağlı hər hansı inzibati akt qəbul edilməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt bələdiyyəsinin 1359 saylı, 15 may 2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi və torpaq islahatı zamanı “Sarı-qaya” bağlar massivi adı altında bələdiyyə mülkiyyətinə təhvil verilmiş Sumqayıt şəhərinin bağlar ərazisində yerləşən torpaqlar üzərində Sumqayıt bələdiyyəsinin hüquqları dövlət qeydiyyatına alınmamışdır.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçının atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilmədiyindən həmin tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 6.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunun 6.2-ci bəndinə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanuun haqqında 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Hazırki işdə iddiaçı atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasın istəyir. Hansı ki qanunvericilikdə fiziki şəxslərə torpaq sahəsinin ayrılmasının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi birbaşa olaraq göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynəlxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəslərinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “iddiaçının atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “iddiaçının atası X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-5126 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra edilməsi, eyni zamanda torpaq sahəsinin ayrılmasına dair qərarın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar