Məhkəmə qərarları › İş №2-1(118)-829/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-829/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-829/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər X2 07 saylı 06 iyun 2007-ci il tarixli qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər X2 07 saylı 06 iyun 2007-ci il tarixli qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin alqı-satqı aktının bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(118)-829/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı ilə iddia tələbin “Sumqayıt şəhər X2 07 saylı 06 iyun 2007-ci il tarixli qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin alqı-satqı aktının bağlanmış hesab edilməsi”nə dair hissədə mümkün sayılmamışdır. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri X3 07 saylı 06 iyun 2007-ci il tarixli qərarı ilə iddiaçıya fərdi ev tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq sahəsinin ayrılması mövcud qanunvericiliyə uyğun aparılmış və o, bələdiyyəyə torpaq sahəsinə görə 1080 manat torpaq haqqı ödəmişdir. Bundan sonra torpaq sahəsi ayrılmasını və onun üzərində fərdi yaşayış evi tikintisini müvafiq dövlət orqanları ilə - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi, Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsi, «xxxx» ASC və s. dövlət orqanları ilə razılaşdırmışdır. Torpaq ayrıldığı tarixdən qanuni əsaslarla həmin torpaq sahəsindən istifadə edir və ona sahiblik edir. Torpaq sahəsini hasara almış, üzərində ev tikmiş və digər işlər görmüşdür. Bu müddət ərzində torpaq sahəsi ilə əlaqədar heç kimin (dövlət və ya qeyridövlət orqanlarının, bələdiyyə, hüquqi və fiziki şəxslərin) idiaçıya qarşı iddiası, tələbi və ya narazılığı olmamışdır. Bu ilin əvvəlində cavabdeh - DƏDRX-in 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət edib həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Müraciətinə 02 fevral 2021-ci il tarixli məktubla cavab verən reyestr idarəsi bələdiyyə ilə aralarında alqı-satqı aktının olmadığını bildirmiş və bu akt olmadan mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınmasının mümkün olmadığını bildirib, dövlət qeydiyyatından imtina etmişdir. Alqı-satqı aktı almaq məqsədi ilə üçüncü şəxs X4 müraciət etmiş, müvafiq sənədləri və reyestr xidmətinin imtinasını təqdim edib iddiaçıya alqı-satqı aktı təqdim etməsini xahiş etmişdir. Bələdiyyə 34 saylı 19 fevral 2021-ci il tarixli məktubla müraciətinə cavab vermiş və qərar qəbul olunan tarixdə Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi, Bələdiyyə və iddiaçı arasında alqı-satqı aktı tərtib olunmalı olduğu halda bu aktın tərtib olunmadığını, Dövlət Torpaq və Xəritə Çəkmə komitəsi ləğv olunduğuna görə alqı-satqı aktının tərtib edilməsinin mümkün olmadığını bildirib müraciətinə imtina vermiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı hesab edir ki, qeyd olunan tarixdə vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən iddiaçıya ayrılan torpağa alqı-satqı aktının tərtib edilməməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtinası üçün əsas ola bilməz. İddiaçı qanunvericiliyin tələblərinə uyğun torpaq sahəsi əldə etdiyinə, tələb olunan ödənişləri apardığına və torpaqdan qanuni əsaslarla istifadə edib ona sahibliyi həyata keçirdiyinə görə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Buna görə də məhkəmə qaydasında Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi, Bələdiyyə və onunla torpaq sahəsinin alqı-satqı müqaviləsinin faktiki bağlanmış hesab edilməsi və cavabdeh reystr idarəsinin üzərinə torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müvafiq öhdəlik qoyulmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi ləğv edilmiş və bu komitənin torpaq kadastrı, yer quruluşu və s. funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (komitənin DƏDRX-nə) verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikaksı İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı münasibətinin mövcüd olması və ya olmamasını, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi ilə əlaqədar 28 yanvar 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın tarixli, müddəalarına zidd olaraq bələdiyyənin qərarının 06 iyun 2007-ci il tarixli 07 nömrəli olmasına baxmayaraq alqı-satqı aktı tərtib edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlər əsasında torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması mümkün olmadığı bildirilmiş və bu barədə İddiaçı 02 ferval 2021-ci il tarixli **********47 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən idddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, cavabdeh tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın tarixli, müddəalarına zidd olaraq bələdiyyənin qərarının 06 iyun 2007-ci il tarixli 07 nömrəli olmasına baxmayaraq alqı-satqı aktı tərtib edilməmişdir. Həmin torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin plan (çizgisini )təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar