Məhkəmə qərarları › İş №2-1(118)-829/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-829/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-829/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 12/19, mənzil 32-də yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə qarşı Abdullayeva (Məmmədova) İradə Güman qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19, mənzil 32-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin həvalə edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abdullayeva (Məmmədova) İradə Güman qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19, mənzil 32-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6 2011-ci ildə X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan 3 azyaşlı uşaqları vardır. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı evdə yerləşən 32 saylı mənzil 3 otaqdan ibarətdir. Məhkəmənin qətnaməsinə əsasən mənzil bölünmüş, bir otaq iddiaçının qaynı arvadı Əkbərova Zərifənin, iki otaq isə iddiaçı və ailəsinin istifadəsinə verilmişdir. Ümumi sahəsi 31,40 kv m olan iki otağın əsas kirayəçisi iddiaçıdır. Üçüncü şəxs İradə Abdullayeva (Məmmədova) iddiaçının oğlu ailə qurduqdan sonra həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 20.11.2020-ci il tarixli 2/060/-6179/2020 saylı qətnaməsi ilə onun mübahisəli mənzildən çıxarılmasə qət edilmişdir. Hazırda o, uşaqlarla birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 15 saylı yataqxananın 24-cü otağında köçüb orada yaşayır. O, İradə Abdullayevanın iddiaçının ailə üzvü və mənzilə istifadə hüququ olmadığından Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək onun Sumqayıt şəhəri ,3-cü mikrorayon, 12/19 saylı evdə yerləşən 32 saylı mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş mmişdir.Lakin cavabdeh İ.Abdullayevanı mənzildən pasport qeydiyyatından çıxarmamış və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 30.06.2004-ci il tarixli 197 nömrəli orderdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-195 saylı 22.04.2004 tarixli qətnaməsinə əsasən İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı evin 32 saylı mənzili verilmişdir. -Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6179/2020 saylı 20.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X7 və X3 cavabdeh X4 qarşı mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 12/19, 32 saylı mənzilə köçürülməsi, cavabdeh X1 isə həmin mənzildən çıxarılması qət edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin məhkəmənin sorğusuna əsasən verilmiş 18.02.2022ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6179/2020 saylı 20.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı evin 32 saylı mənzilinə köçürülməsi və cavabdeh X1 Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı evin , 32 saylı mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə 21.12.2020-ci il tarixdə qanuni qüvvəsini alaraq 05.01.2021-ci il tarixdə icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı üçüncü şəxs İ.Məmmədovanın mübahisəli mənzildən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq cavabdehin onun qeydiyyatdan çıxarmadığı müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Abdullayeva (Məmmədova) İradə Güman qızının İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19, mənzil 32-dən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abdullayeva (Məmmədova) İradə Güman qızının iddiaçı İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı evdə yerləşən 32 saylı mənzildən qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar