Məhkəmə qərarları › İş №2-1(118)-830/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-830/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-830/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şamaxı rayonu Birinci Çaylı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən “Bayquşdu” adlanan yerdə 1974-cü ildə inşa edilmiş iki otaqlı çoban evi və 43 metr uzunluğunda tövlələr üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən “Bayquşdu” adlanan yerdə 1974-cü ildə inşa edilmiş iki otaqlı çoban evi və 43 metr uzunluğunda tövlələrin reyestrdən çıxarışının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən Bayquşdu adlanan yerdə 1974-cü ildə inşa edilmiş iki otaqlı çoban evi və 43 metr uzunluğunda tövlələr üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxaırışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Sovxoz və kolxozların islahatı haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən yaşadığı və işlədiyi Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən C.Cabbarlı adına istehsal kooperativinə məxsus “Bayquşdu” adlanan yerdə 4.916.000 dəyərində, 1974-cü ildə inşa edilmiş iki otaqlı çoban evi və 27.033.000 manat dəyərində 106 metr uzunluğunda olan tövlənin, 11.022.000 manat dəyərində 43 metr uzunluğu olan tövlə əmlak payı kimi verilmişdir. Bununla əlaqədar yerli islahat komissiyası tərəfindən 19 dekabr 2000-ci il tarixli akt tərtib edilərək həmin əmlaklar komissiyanın iştirakı ilə ona təhvil verilmişdir. Həmin vaxtdan göstərilən əmlaklar onun sahibliyində və istifadəsindədir. O, cavabdeh orqana müraciət edərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarış almaq istədikdə ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh əmlakların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə çıxarıla biləcəyini bildirərək ona imtina cavabı vermişdir. Şamaxı rayonu Birinci Çaylı kəndi ərazisində yerləşən tikililərə dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətimin icrası mümkün olmamışdır. Halbuki, 01 oktyabr 1996-cı il tarixli yerli islahat komissiyasının tərtib etdiyi aktdan görünür ki, yerli islahat komissiyası tərəfindən balansda olan əmlaklar inventarlaşdırıb qiymətləndirilmiş və həmin qiymətləndirməyə uyğun islahat aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izah etdi ki, Şamaxı Rayon Çaylı kənd C.Cabbarlı adına istehsal kooperativinin balansında olmuş çoban evinin və tövlənin inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan mülkiyyətinə verilmişdir. Məlumat üçün bildiririk ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlaklar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdir. Şamaxı rayonun Birinci Çaylı kəndində yerləşən tikililərə dair ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün İddiaçı müraciətinin icrası mümkün olmamışdır. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddiaçının qiymətləndirmə ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlər cavabdeh idarəyə təqdim olunmamışdır. İş materiallarında olan : - C.Cabbarlı adına İstehsal kooperativinin X5 komissiyasının üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli aktdan görünür ki, əmlak bögüsü aparılarkən İddiaçı topladığı 15938 min manatlıq tikinti əmlakının əvəzində ona 1974-cü ildə inşa edilmiş 4916 min manat dəyərində “Bayquşdu” adlanan yerdə , cənubi-qərb tərəfdə daşdan tikilmiş istifadəyə yararlı iki otaqlı çoban evi və yenə həmin ildə tikilmiş “Bayquşdu” adlanan ərazidə dəyəri 27033 manat olan uzunluğu 106 m olan tövlə binasının cənubiqərb tərəfdəki giriş qapısından başlayaraq, şimali-şərq tərəf 11022 min manat dəyərində 43 m ölçülüb istifadəyə yararlı halda İddiaçı təhvil verilmişdir. -05 sentyabr 1996-cı il tarixli əmlakın qiymətləndirilməsinə dair aktdan görünür ki, 1996-cı il tarixli aktdan görünür ki, qoyun tövləsi və iki ədəd çoban evləri (bənd 38,39,40), tikinti ili 1974-cü il, ilkin dəyəri müvafiq olaraq 31104, 5463, 5463, daha sonra bərpa dəyəri, amortizasiya faizi, fiziki dəyəri, qalıq dəyəri və yekun qiymətləri qeyd olunmuşdur. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən C.Cabbarlı adına istehsal koperativi X5 komissiyasının xx.xx.2000-ci il tarixli protokolun qərarına əsasən təkrar islahat aparılarkən istehsal koperativi X5 komissiyasının qərarına və xx.xx.2000-ci il tarixdə tərtib olunmuş akta əsasən 1974 - cü ildə tikilmiş C.Cabarlı adına istehsal koperativinin “Bayquşdu” adlanan ərazisində yerləşən 2 otaqlı çoban evi və 43 metr uzunluğu, 10 metr eni olan tövlə əmlak payı olaraq İddiaçı mülkiyyətinə verilmişdir.1974 - cü ildə tikilmiş və əmlak payı olaraq İddiaçı mülkiyyətinə verilmiş çoban evi və tövlə hal hazırda yararlı vəziyyətdə olmaqla onun istifadəsindədir. - Dövlət arxivinin Şamaxı filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki Şamaxı rayon 1-ci Çaylı kənd C.X4 İslahat komissiyasının sənədlərində xx.xx.1996 il tarixli və xx.xx.2000-ci il tarixli protokol, xx.xx.2000-ci il tarixli aktı aşkar olunmadı. C.Cabbarlı adına istehsal kooperativinin islahata gedən bina və qurğularına,nəqliyyat vasitələrinin, kənd təsərrüfat mallarının siyahısım məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Sovxoz və kolxozların iskahatı haqqında” Azərbayvcan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 9-cu maddəsinə görə pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Qanunun 11-ci maddəsiunə görə sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən Bayquşdu adlanan yerdə 1974-cü ildə inşa edilmiş iki otaqlı çoban evi və 1974-cü ildə inşa edilmiş iki ədəd 43 metr uzunluğunda tövlələr üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxaırışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən Bayquşdu adlanan yerdə 1974-cü ildə inşa edilmiş iki otaqlı çoban evi və 1974-cü ildə inşa edilmiş iki ədəd 43 metr uzunluğunda tövlələr üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxaırışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar